Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5175/2024 08.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehrian Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun yaşadığı və mülkiyyətində olan ünvan 1 ünvanına (abonent kodu:**********00440) 02 noyabr 2023-cü il il tarixli, ******* saylı aktla hesablanmış 777,60 manat borcun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********0440) “Azəriqaz" İstehsalat Birliyi tərəfindən 03 noyabr 2023-cü il tarixində ******* saylı X1ydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akta əsasən 777,60 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən ona hesablanmış borc ilə razı deyilə və həmin borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sayğac iddiaçının evinin daxilində deyil, küçədə yerləşir. Bundan əvvəl kartla sayğacları var idi və vaxtı-vaxtında da işlətdikləri qaza görə sayğaca pul yükləyirdilər. Sonra qaz işçiləri gəlib sayğacı çıxardıb apardılar. Bundan xəbərləri olmamışdır. Bir müddət sonra gətirib yeni sayğac qoyublar. Sonradan onlara borc gəlib. Baxmayaraq ki, sayğac çıxarılan zaman onda heç bir problem aşkar edilməmişdir. Sayğaca müdaxilə olunması sonradan akt əsasında yazılmış və ona əsasən də itirilmiş qazın bərpası üçün 777,60 manat hesablanmışdır. Aktda qeyd olunub ki, guya sayğacın hesablama mexanizminin üzərində mənşəyi məlum olmayan plomb aşkarlandı. İddiaçı tərəfdən sayğaca heç bir müdaxilə edilməmişdir. Sayğac çıxarılan zaman plomblar yerində olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, iddia tələbi ilə razı deyil. Sayğaca baxış keçirilən zaman plomb aşkar olunmuş və müdaxilə kimi qiymətləndirilmişdir. Bununla bağlı akt da tərtib edilmişdir. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1977-ci ildə, Gürcüstan Respublikası, Bolnisi raynunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş “X1ydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, “abonentin təbii qaz sayğacına baxış keçirilən zaman sayğacın üzərində mənşəyi məlum olmayan plomblar aşkar olundu”. Aktda həmçinin dəymiş ziyanın hesablanması və ödənilməsi nəzərdə tutulmuşdur. Həmin akt əsasında cavabdehin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya 6480 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçıya aid ünvanın abonent saldosunda iddiaçıya xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında 777,60 manat borc hesablandığı göstərilmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin cavabdeh qaz sayğacının iddiaçının təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ona akt əsasında hesablanmış 777,60 manat məbləğin silinməsini xahiş etmişdir. Abonent saldosundan görünür ki, akt əsasında iddiaçıya 777,60 manat borc hesablanmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya akt əsasında hesablanmış borc silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına (abonent kodu:**********00440) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-5175/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5175/2024
08.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver