Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5176/2024 02.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə 02 sentyabr 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 727 (yeddi yüz iyirmi yeddi) manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2318 saylı evdə ailə üvləri ilə birlikdə yaşayır. Yaşadığı ünvanda qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. 25 oktyabr 2023-cü il tarixdə Cavabdeh əməkdaşları tərəfindən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilin qaz sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, guya sayğaca müdaxilə olunmuşdur. Ona görə də 25 oktyabr 2023-cü il tarixdə “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Həmin aktda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli metrologiya departamentinin rəyinə görə, G-4 markalı 1502AZ**********64 nömrəli sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafı zədəlidir. xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə ALARM-1 rejımi aşkar olunduğundan, sayğacın istismara yararsız olması göstərilmişdir. O cümlədən həmin tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6480 m3 müəyyən edilmişdir. Bu məqsədlə də ona 727 (yeddi yüz iyirmi yeddi) manat məbləğində cərimə hesablanmışdır. Buradan belə aydın olur ki, Cavabdeh İB-in əməkdaşları ona məxsus qeyd edilən evə gələrək, sözügedən mənzilə quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş, həmın ünvandan çıxarılan sayğacı dövlət yoxlamasına göndərmiş, sayğacda aşkar edilmiş nasazlıqla bağlı ona borc hesablamışdır. Ona görə də bu barədə cavabdeh təşkilata öz etirazını bildirib. Cavabdeh təşkilat əsassız olaraq cərimə tətbiq etmişdir ki, bu da qanunsuz və əsassızdır. İstehlakçı olaraq hüquqlarının pozulmasıdır. Qeyd edir ki, tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Cavabdeh İB-nin gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Bu istehlakçı olaraq onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Ünvanına quraşdırılmış məişət qaz sayğacının dövlət yoxlamasına göndərılməsı və Metrologiya Departamentinin verdiyi rəy gözləniləndir. Çünki rəy verən şəxslər iş üzrə maraqlı olan şəxslərdir. Həmin rəyin əsasında sayğaca guya müdaxilə aşkar olunduğu müəyyən olunduğundan 727 (yeddi yüz iyirmi yeddi) manat məbləğində əsassız olaraq hesablanmış cərimə cavabdeh təşkilat tərəfındən ondan tələb olunmuşdur. Sayğac üzrə ödənişləri vaxtı- vaxtında ödəyib. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. Hesab edir kı, cərimə kimi tələb olunan borc silinməlidir. Məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edir ki, yaşadığı fərdi yaşayış evinın qaz sayğacı hasarın çöl hissəsində quraşdırılmışdır. Belə olan halda sayğaca olunan hər hansı bir müdaxiləyə və sayğacın qorunub saxlanmasına görə məsuliyyət daşımır. Hesab edir ki, bütün bunlar nəzərə alınmalıdır. Həmçinin qeyd edir ki, akt tərtib olunarkən iştirakı təmin olunmamış və həmin akta imza etməyib. Bu da qanunvericiliyin tələbinə ziddir. Eyni zamanda aktın tərtib olunmasından xəbərsiz olub. Yuxarıda qeyd etdiklərinə əsasən, əsassız olaraq hesablanmış borcun silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ərizə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbi ilə bağlı bildirmişdir ki, iddia tələbini qəbul etmir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvanda olan sayğaca baxış keçirilib, sayğacın plomb yuvasının ətrafının zədələnməsi və çarxların dəyişdirilməsi, yəni sayğacın istifadəyə yararsız olduğu aşkar edilib. Bununla əlaqədar akt tərtib olunub və sayğac laboratoriyaya göndərilib. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2318 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda göstərilmişdir ki, sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafının zədəli olduğu, mexaniki hissədə göstərici çarklarının hərəkətə gətirən ötürücü çarxın dəyişdirilərək rəngi fərqli digər ötürücü çarxla əvəz olunması, üzərində yapışqan qalığının (plastilin) olduğu, sayğacın yaddaş arxivinin oxunduğu müəyyən edilmiş və nəticədə sayğac istismara yararsız hesab olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2318 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 6480 m3 (777.60 manat) müəyyən edilmişdir. Dəymiş ziyanın hesablanmasına əsas xx.xx.2023-cü il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt olmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MSK-14-2/3-5-9324/Q003 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla Cavabdeh İB-nin MSK-14-2/3-5-9324/2023/Q003 saylı, xx.xx.2023-cü il tarixli telefonoqramına əsasən xx.xx.2023-cü il tarixində Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq abonent istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdehbununla bağlı məhkəməyə hər habsı mötəbər sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki,iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2318 ünvanına əsassız olaraq hesablanmış 727 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2318 ünvanına (abonent kodu: **********00000) hesablanmış 727 (yeddi yüz iyirmi yeddi) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5176/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5176/2024
02.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver