Məhkəmə qərarları › İş №2(060)-5184/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5184/2024

31.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5184/2024 31.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Sumqayıt şəhəri 3 saylı Notariat Ofisi) tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 5-də yerləşən 50 saylı mənzilə dair Sumqayıt şəhəri 3 saylı Notariat Ofisində xx.xx.2023-cü ildə iddiaçı ilə Cavabdeh arasında bağlanmış 4G-311 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehin adına verilmiş çıxarışın ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Belə ki, aralarında bağlanmış nikah Sumqayıt şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-12862/2017 saylı qətnaməsinə əsasən ləğv edilmiş, birgə nikahdan olan uşaqları xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X9 iddiaçının himayəsinə verilmiş, cavabdehdən uşaqların saxlanılması üçün cavabdehin aylıq qazanc və gəlirinin 1/3 hissəsi miqdarında aliment tutulmuşdur. Cavabdehlə bir mənzildə yaşayırlar və bu mənzil onların birgə mülkiyyətdə olan əmlakları kimi məhkəmə qətnaməsinə əsasən aralarında bölünmüş, hər birinin payı ½ hissədə müəyyən olunaraq çıxarış verilmişdir. Cavabdeh 2023-cü ilin fevral ayında iddiaçının xəbəri olmadan iddiaçının başqa bir şəxslə danışığını yazmış və həmin səs yazısını iddiaçıya dinlədərək onu şantaj etməyə başlamışdır. O, iddiaçıya bildirmişdir ki, əgər həmin söhbətlərin yayılmasını istəmirsə onda gedib notarial qaydada mənzildən olan payını ona bağışlanmalıdır. O əvvəlcə bu təklifi qəbul etməmişdir. Cavabdeh bundan sonra həmin səsi qardaşı X3 və daha sonra isə bacısının həyat yoldaşı X10 göndərmişdir. İddiaçıya bildirmişdir ki, həmin səs yazısını bacısının qaynanası və qaynatasına da göndərəcək,onda bacısının ailəsi dağılacaqdır. İddiaçı evi onun adına keçirəcəyi təqdirdə əvəzində iddiaçıya nə verə biləcəyini soruşduqda isə cavabdeh bildirmişdir ki, o, o qədər də insafsız deyil, KİA Sorento markalı maşını adına keçirəcək və iki il müddətində iddiaçıya 15000 manat da pul verəcəkdir, o da həmin pulu tam alana qədər iddiaçıyla bu ünvanda yaşayar, sonra da ilkin ödəniş edib başqa mənzil alıb köçər. İddiaçı əlacsız qalaraq onun bu təklifini qəbul etmiş və xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə gedərək onunla iddiaçıya aid olan payın bağışlanması barədə müqavilə bağlamışdır. Cavabdeh dediyi kimi etibarnamə müddəti başa çatmış həmin maşına dair iddiaçıya baş etibarnamə vermiş və iddiaçıya vəd etdiyi 15000 manat məbləğində pulu da verəcəyini bildirmişdir. Lakin cavabdeh iddiaçını aldatmaqla vəd etdiyi pulu iddiaçıya verməmiş və etibarnamə müddəti bitmiş maşına dair iddiaçıya yeni etibarnamə verməkdən də boyun qaçırmışdır. Hazırda isə o idd iaçının və uşaqlarının evdən çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı cavabdehə nə üçün belə etdiyini soruşduqda isə bildirmişdir ki, o iddiaçıya pul vəd verməmişdir, maşına dair etibarnamə də verməyəcəkdir, get nə bacarırsansa et, onsuzda bir ildən sonra iddiaçının ərizənə baxılmayacaqdır. Cavabdeh iddiaçını şantaj edərək, bağışlama müqaviləsini bağlamağa məcbur etmiş, üstəlik də iddiaçının susmağı üçün guya 15000 manat pul verəcəyi, maşını da onun adına keçirəcəyi barədə aldatmışdır. Nəticədə iddiaçı bu gün mənzildə olan payından məhrum olmuş və bağlanışmış həmin əqd iddiaçı üçün problemlər yaratmış və iddiaçı daimi yaşayış yerindən, əmlakından məhrum olmuşdur. Cavabdeh etirazla müraciət edərək, iddiaçının bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehin barəsində təqdim olunmuş iddia ərizəsində qeyd olunan arayış tamamilə həqiqəti əks etdirmir. Nikahın pozulmasının və sonra əmlakın bölünməsinin utanc verici səbəbinə baxmayaraq uşaqların tam ailədə böyüməsi üçün birlikdə yaşamağa qərar vermişdirlər. Təsadüfən 2022-ci ildə may ayında İddiaçı səs yazısı müəyyən olunmuşdur. Cavabdeh Sonanın qardaşı Vüqara, Nanının qardaşı Babəkə və yeznəsi Akifə məlumat vermişdir. İddiaçı qeyd edir ki, 2023-cü ildə cavabdeh məlumatı onun bacısının qaynatası və qaynanasına göndərib bacısı Ləmanı boşatdırmaq istəmişdir. 2021-ci ilin əvvəlində onun bacısının qaynatası Namiq gəlini Ləmanı və oğlu Akifi evindən çıxartmışdır. Ümumiyyətlə şantaj edib mülkə sahib olmaq kimi cavabdehin niyyəti olmayıb və onun ən böyük günahım nikah pozulmasından sonra İddiaçı ilə bir evdə yaşamağı olmuşdur. 2023-cü ilin fevral ayında öz razılıqları ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən evin qiymətləndirilməsi həyata keçirilmişdir və mənzilin real bazar dəyəri 28 fevral 2023-cü il tarixinə 80000 manat civarında qiymətləndirilmişdir. Cavabdeh İddiaçı düşən əmlak payını 40000 manata satmağı təlkif etmiş o, isə əvəzində cavabdehə məxsus KİA Sorento minik markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilini 40000 manat əvəzinə götürəcəyini bildirmişdir. KİA Sorento minik avtomobilin buraxılış ili 2016-cı il, 7 yerlik və 38000-40000 manat civarında dəyəndirilir. Sumqayıt şəhəri 13-cü mikrorayon ev 05, mənzil 50-nin qiyməti 80000 manat və İddiaçı əmlak payı 40000 manat edirsə onun iddiaçıya əlavə 15000 manat verməyi təklif etməsi yalan məlumatdır. Bağışlanma müqaviləsindən sonra o iddiaçıya ümumi etibarnamə vermişdir. Özünün və İddiaçı nəğd pulu olmadığı səbəbindən iddiaçının payını bağışlanma, minik avtomobilini isə ümumi etibarnamə yolu ilə qarşı tərəfə vermişdir. İddia ərizəsində qeyd olunan arayış cavabdehə qarşı şər böhtandır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bağışlama müqaviləsinin şantaj yolu ilə bağlandığını, evdən çıxacağı qarşılığında avtomobil və pul verəcəyini bildirmiş, lakin pulu verməmişdir. Daha sonra onu və övladlarını evə geri qaytararaq bir daha belə bir şey etməyəcəyini bildirmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh onların evdən çıxarılması barədə məhkəməyə müraciət etmişdir. Buna görə də iddiaçı tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, uşaqlara yazığı gəldiyi üçün evə geri qayıtmalarını istədəyini qeyd etdi. O birlikdə yaşaya bilmədiklərini, 40000 manat müqabilində avtomobili iddiaçıya verdiyini bildirdi. Bu səbəbdən də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri 3 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri 3 saylı Notariat Ofisi notariusu Rəşad Haqverdiyev ərizə ilə məhkəməyəmə müraciət edərək,məhkəmə iclasında iş rejimini nəzərə alaraq iştirak edə bilməyəcəyini və iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-12862/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan Ağstafa rayonu VVADQ şöbəsində 02 sentyabr 2005-ci il tarixdə bağlanmış və 144 nömrə ilə qeyd edilmiş nikahın qeydi pozulması, xx.xx.2005-ci il təvəllüdlü X11 və xx.xx.2008-ci il təvəllüdlü X5 X1 himayəsinə verilməsi, Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment xx.xx.2017-ci il tarixdən başlayaraq tutulub xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi saxlanılması üçün X2 verilməsi qət edilmişdir. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah xx.xx.2018-ci il tarixdə pozulmuşdur. - Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-565/2019 saylı qətnaməsinin surətindən görünür ki, birgə nikah dövründə əldə edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh Sahib oğlunun adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi, ev 5, 50 saylı mənzildə mülkiyyət üzrə payların üzrə ½ hissədə Cavabdeh və ½ hissədə İddiaçı olmaqla müəyyən edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi, ev 5, 50 saylı mənzil üzrə ½ hissədə Cavabdeh və ½ hissədə İddiaçı üçün mülkiyyət payı müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi, ev 5, 50 saylı mənzil üzrə ½ hissədə mülkiyyət payı Cavabdeh bağışlanmışdır. - xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, Cavabdeh KİA Sorento minik markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini İddiaçı etibar etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Aralarında bağlanmış nikah Sumqayıt şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-12862/2017 saylı qətnaməsinə əsasən ləğv edilmiş, birgə uşaqları xx.xx.2005-ci il təvəllüdlü X11 və xx.xx.2008-ci il təvəllüdlü X9 iddiaçının himayəsinə verilmiş, cavabdehdən uşaqların saxlanılması üçün cavabdehin aylıq qazanc və gəlirinin 1/3 hissəsi miqdarında aliment tutulmuşdur. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-565/2019 saylı qətnaməsinin surətindən görünür ki, birgə nikah dövründə əldə edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh Sahib oğlunun adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi, ev 5, 50 saylı mənzildə mülkiyyət üzrə payların üzrə ½ hissədə Cavabdeh və ½ hissədə İddiaçı olmaqla müəyyən edilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi, ev 5, 50 saylı mənzil üzrə ½ hissədə mülkiyyət payı Cavabdeh bağışlanmışdır. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, Cavabdeh KİA Sorento minik markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini İddiaçı etibar etmişdir. İddiaçı bildirir ki, cavabdeh onu şantaj etdiyini bildirərək, bağışlama müqaviləsini bağlamağa məcbur etmiş, üstəlik də iddiaçının susmağı üçün guya 15000 manat pul verəcəyi, maşını da onun adına keçirəcəyi barədə vəd verərək aldatmışdır. Nəticədə iddiaçı bu gün mənzildə olan payından məhrum olmuş və bağlanmış həmin əqd iddiaçı üçün problemlər yaratmış və iddiaçı daimi yaşayış yerindən, əmlakından məhrum olmuşdur. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş edir. Cavabdeh iddia tələbinin rədd edilməsini istəyir və qeyd edir ki, iddiaçıya qarşı heç bir şantaj tətbiq etmədən, aralarında olan razılığa əsasən iddiaçı mənzildə olan payını könüllü olaraq ona bağışlamışdır, bundan sonra o, təxmini dəyəi 40000 manat olan “KİA Sorento” minik markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçının istifadə və sərəncamına vermişdir və hazıdada avtomobil iddiaçıdadır. Məhkəmə iddiaçının qeyd etdiklərinə tənqidi yanaşır, belə ki, iş materiallarından göründüyü kimi, bağışlama müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlandıqdan sonra, iddiaçı cavabdehin təqdim etdiyi avtomobili sərəncamına qəbul edərək, hazırdada sərəncamında saxlayır və istifadə edir, bu halda onu göstərir ki, cavabdeh tərəfindən heç bir zorakılıq və ya hədələmə tətbiq edilmədən iddiaçı özü könüllü olaraq iradə ifadəsini bildirərək cavabdehlə müqavilə bağlamışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Bu Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, MM-in 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. MM-in 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. MM-in 673-cü maddəsi müqavilənin formasından aslı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. Həmçinin, həmin Qərarda qeyd olunmuşdur ki, mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Mülkiyyət hüququnun yaranması yalnız qanunvericilikdə nəzərdə tutulan hüquqi faktın və ya belə faktların məcmusunun olması ilə şərtləndirilir. Belə faktlardan biri kimi ikitərəfli əqd olan müqavilələri qeyd etmək olar. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Azərbaycan Respublikasl Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən- bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən - daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məhkəmə belə nəticəyə gəlir ki, iddia, mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsızlığının əsaslarından hər hansı birinin işin faktiki halları ilə uzlaşmadığından, təqdim olunmuş sübutlar mübahisələndirilən müqavilələrin etibarsızlığına dəlalət etmədiyindən əsassızdır. Müqavilə etibarsız hesab edilmədiyi halda çıxarışın ləğv edilməsi əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 5-də yerləşən 50 saylı mənzilə dair Sumqayıt şəhəri 3 saylı Notariat Ofisində xx.xx.2023-cü ildə iddiaçı ilə Cavabdeh arasında bağlanmış 4G-311 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehin adına verilmiş çıxarışın ləğvi barədə iddia tələbi rədd edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 5-də yerləşən 50 saylı mənzilə dair Sumqayıt şəhəri 3 saylı Notariat Ofisində xx.xx.2023-cü ildə iddiaçı ilə Cavabdeh arasında bağlanmış 4G-311 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehin adına verilmiş çıxarışın ləğvi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar