Məhkəmə qərarları › İş №2(060)-5216/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5216/2020

06.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5216/2020 06.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və üçüncü şəxs Nərimanov rayon İcra və Probasiya Şöbəsinə qarşı hərrac protokolunun və ondan irəli gələn alqı-satqı müqaviləsinin etibarsızlığı tələbinə dair iddiası üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və üçüncü şəxs Nərimanov rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən xx xxxx 2020-ci il tarixdə keçirilən hərracın yekunları barədə 41 saylı protokolun və həmin protokol əsasında tərtib olunmuş xx xxxx 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-(060)-2178/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 mənə qarşı iddia ərizəsi qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)- 2100/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2003-cü il təvəllüdlü X1 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün iki uşağa görə onun əmək haqqının üçdə bir hissəsi və əlavə olaraq 80 manat sabit pul məbləğində alimentin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Belə ki, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 341168/17641-15/1 saylı sifariş məktubu ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-2100/2017 saylı qətnaməsi tərəfindən guya icra olunmadığına görə ½ hissəsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, 41 saylı hərracın yekunlarına dair protokol və həmin protokoldan irəli gələn əmlakın alqı-satqısı barədə xx xxxx 2020-ci il tarixli müqavilə ilə Cavabdeh2 satılmışdır. Həmin protokol və müqavilə əsassızdır, çünki xx xxxxxx 2019-cu il tarixindən oğlu X3 oğlu və xx xxxx 2020-ci il tarixindən qızı X5 onun yanında qaldıqlarına görə aliment məbləğinin cavabdehə ödənilməsi üçün zərurət də qalmamışdır. Buna görə də, onun heç bir borcunun qalmamasına baxmayaraq, mülkiyyətimdə olan əmlak əsassız olaraq başqasına satılmışdır. Bundan əlavə, hərracın keçirilməsi barədə ona məlumat nə sifarişli poçt məktubu ilə, nə də elektron poçt vasitəsilə göndərilmişdir. Həmçinin, Cavabdeh2 əmlakım hərraca çıxarılarkən onun mülkiyyətçi olduğunu və hərracın keçirilməsindən xəbəri olmadığını bilə-bilə əmlakı əldə etdiyinə görə vicdanlı əldə edən sayıla bilməz, bu səbəbdən də alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Yuxarıda qeyd etdiklərinə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə idda ərizəsinə əlavə təqdim edərək, bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” qanunun 43.4- 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxxx 2014-cü il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsi qeyd edir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” qanunun tələblərindən irəli gəlmir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” qanunun 43.8-ci maddəsində yalnız 2 hərracın keçirilməsi nəzərdə tutulduğundan hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Halbuki, hazırki əmlakla əlaqədar 5 dəfə hərrac keçirilmişdir. Belə ki, İ hərrac - xx xxxxxx 2020-ci il, İİ hərrac - xx xxxx 2020-ci il, İİİ hərrac xx xxxxx 2020-ci il, İV hərrac xx xxx 2020-ci il, sonuncu hərrac olan V hərrac isə xx xxxx 2020-ci il tarixində keçirilmişdir. Göstərilənlərə əsasən Cavabdeh1 MMC tərəfindən xx xxxx 2020-ci il tarixində keçirilən hərracın yekunları barədə 41 saylı protokolun və həmin protokol əsasında tərtib olunmuş xx xxxx 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısı barədə müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 341168/17641-15/1 saylı sifariş məktubu ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-2100/2017 saylı qətnaməsinin iddiaçı tərəfindən icra olunmaması əsası ½ hissəsi onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, 41 saylı hərracın yekunlarına dair protokol və həmin protokoldan irəli gələn əmlakın alqı-satqısı barədə xx xxxx 2020-ci il tarixli müqavilə ilə Cavabdeh2 satılmışdır. Həmin protokol və müqavilə tamamilə qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin qanuna zidd hesab edilməlidir. Hazırki iş üzrə cavabdeh hərrac şirkəti tərəfindən isə 6 dəfə hərrac keçirilmişdir. Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən xx xxxx 2020-ci il tarixdə keçirilən hərracın yekunları barədə 41 saylı protokol və həmin protokol əsasında tərtib olunmuş xx xxxx 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab olunmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, icra şöbəsi tərəfindən hərraca dəvət olunmuşdur. Əvvəllər hərraca dəvət olunsa da getməmişdir. Evin qiyməti 19600 manata düşdükdən sonra hərracda iştirak etmişdir. İştirak etdiyi hərracda hərrac təşkilatı tərəfindən müəyyən edilən pul məbləğini, yəni 19600 manat ödəməklə mübahisəli mənzili almışdır. Onun tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 MMC və üçüncü şəxs Nərimanov rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə işə həmin tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh1 MMC məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 qarşı üçüncü şəxs qismində Nərimanov Rayon İcra və Probasiya Şöbəsini qeyd etməklə hərrac protokolunun və ondan irəli gələn alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbində “bundan əlavə, hərracın keçirilməsi barədə mənə məlumat nə sifarişli poçt məktubuyla, nə də elektron poçt vasitəsilə göndərilmişdir” sözlərini qeyd etməklə iddiaçı süni şəkildə hərracın keçirilməsindən xəbərsiz olduğunu göstərir. Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli sifariş məktubu ilə açıq hərracın keçirilməsinə dair 96 nömrəli, xx xxxxxx 2020-ci il tarixli bildiriş, tələbkarın və borclunun təqdim etdiyi ünvanına göndərilmiş və xx.xx.2020-ci il tarixdə hər iki tərəfə çatdığı məlum olmuşdur (sənədlərə əlavə olunmuşdur). xx xxxxxx 2020ci il tarixində 10% endirimlə hərracın keçirilməsi ilə bağlı borclunun təqdim etdiyi ünvana bildiriş göndərilmiş və borclu tərəfindən qəbul edilmişdir. xx xxxx 2020-ci il tarixində 20% endirimlə hərracın keçirilməsi ilə bağlı borclunun təqdim etdiyi ünvana bildiriş göndərilmiş və borclu tərəfindən qəbul edilmişdir. xx xxxxx 2020-ci il tarixində 30% endiririlə hərracın keçirilməsi ilə bağlı borclunun təqdim etdiyi ünvana bildiriş göndərilmiş və borclu tərəfindən qəbul edilmişdir. xx xxx 2020-ci il tarixində 30% endirimlə hərracın keçirilməsi ilə bağlı borclunun təqdim etdiyi ünvana bildiriş göndərilmiş və borclu tərəfindən qəbul edilmişdir. xx xxx 2020-ci il tarixində 30% endirimlə hərracın keçirilməsi ilə bağlı borclunun təqdim etdiyi ünvana bildiriş göndərilmiş və borclu tərəfindən qəbul edilmişdir. Həmçinin, xx.xx.2020-ci il tarixli, 034 (3874) saylı və 7-xx xxxx 2020-ci il tarixli, 043 (3883) saylı, “Kaspi” qəzetində keçirilən hərraclarla bağlı müvafiq elanlar yerləşdirilmişdir. ½ hissisi X6ma, ½ hissəsi Cavabdeh2 Rauf oğluna məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev5/18 ünvanında yerləşən 9 saylı mənzilin tam dəyəri: 28000 (iyirmi səkkiz min) manat, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq 10% endirimlə 25200 (iyirmi beş min iki yüz) manat, 20% endirimlə 22400 (iyirmi iki min dörd yüz) manat, 30% endirimlə 19600 (on doqquz min altı yüz) manat müəyyən edilmiş və həmin qiymətə Cavabdeh2 Rauf oğluna satılmışdır. “Hərracın keçirilməsi barədə bildirişləri almamışıq” bəhanəsini ortadan qaldırılması məqsədilə “İpoteka haqqında” qanuna dəyişikliklər edildi. Belə ki, qanunun 36.1ci maddəsinə əsasən poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş mun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Bu da onu göstərir ki, qanunvericilik suni şəkildə yaranmış problemleri ortadan qaldırmaq məqsədilə təkmilləşdirilməkdədir. Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Göründüyü kimi, iddiaçıya hərracın keçirilməsi ilə bağlı məlumat verilmişdir. Cavabdeh qeyd olunan halları nəzərə alaraq, məhkəmədən iddia tələbinin əsassız hesab olunaraq, rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş Hərrac təşkilatının Hərracın yekunları barədə 41 saylı protokolundan görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 11:00-da ½ hissəsi X4, ½ hissəsi Cavabdeh2 Rauf oğluna məxsus ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə dair hərrac keçirilmiş, hərraca çıxarılan obyektin satış qiyməti 30% endirimlə 19600 manat müəyyən olunmuşdur. Hərracda Cavabdeh2 Rauf oğlu qalib gəlmişdir. İş materiallarında olan Hərracın yekunları üzrə əmlakın xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Rauf oğlu ½ hissəsi X4 məxsus olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzili 19600 manat ödəməklə hərracdan almışdır. İş materiallarına əlavə olunmuş bildirişlərə əsasən ½ hissəsi X4 məxsus olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə dair xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə olmaqla 6 (altı) dəfə hərrac keçirilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi ½ hissəsi X4 məxsus olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə dair xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə olmaqla iki dəfədən çox hərrac keçirilməsinə istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hal əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqe analoji qaydada hazırki iş üzrə icra icraatı zamanı keçirilmiş hərraca da tətbiq olunmalıdır. Belə ki, icra icraatı zamanı hərracların keçirilməsi ilə bağlı bir sıra məsələlər, o cümlədən hərracların sayı, hərrac baş tutmadıqda təkrar hərracın keçirilməsi, hərrac predmetinin ilkin satış qiymətinin nə qədər azaldılmasının mümkünlüyü icra haqqında qanunvericilikdə dəqiq tənzimlənməmişdir. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 61.3. Sifarişə aşağıdakılar əlavə edilir: 61.3.1. icra sənədinin surəti; 61.3.2. əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti; 61.3.3. daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair sənədlər; 61.3.4. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti. “İcra haqqında” Qanunun 62-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir (62.1). Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir (62.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin hərracın təşkili və keçirilmə qaydası ilə əlaqədar münasibətləri tənzimləyən 415-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər (415.1). Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır (415.2). Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir (415.3). Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir (415.4). Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir (415.5). Cavabdeh1 MMC məhkəməyə ünvanladığı iddia tələbinə etiraz ərizəsində də mübahisəli əmlak üzrə dəfələrlə (iki dəfədən çox) hərrac keçirilməsini bildirmiş, bunun əksinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə Cavabdeh1 MMC mübahisə predmeti - ½ hissəsi iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə dair 6 dəfə hərrac keçirməklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4- 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarının və hərracların keçirilməsi ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 MMC tərəfindən xx xxxx 2020-ci il tarixdə ½ hissəsi iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə dair keçirilən hərracın yekunları barədə 41 saylı protokol etibarsız hesab edilməlidir. Mülki Məcəlləsinin 416.2-ci maddəsinə görə isə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə hesab edir ki, Cavabdeh1 MMC tərəfindən xx xxxx 2020-ci il tarixdə keçirilən hərracın yekunları barədə 41 saylı protokol etibarsız hesab edildiyindən onun əsasında bağlanmış xx xxxx 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə də etibarsız sayılmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmiş, cavabdehlər isə iddiaya etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Bu səbəbdən iddia təmin edilməli, Cavabdeh1 MMC tərəfindən xx xxxx 2020-ci il tarixdə keçirilən hərracın yekunları barədə 41 saylı protokol və onun əsasında bağlanmış xx xxxx 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 MMC tərəfindən xx xxxx 2020-ci il tarixdə ½ hissəsi İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə dair keçirilən hərracın yekunları barədə 41 saylı protokol və onun əsasında bağlanmış xx xxxx 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar