Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5218/2024 30.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı və Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh İstahsalat Birliyinə qarşı «akta görə əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanında qaz sərfiyyatından istifadəyə görə (Smart G-4 İTRON GALLUS PAY tipli № **********2 sayğac) əsassız olaraq № ******* nömrəli xx.xx.2024-cü il tarixli akta əsasən hesablanmış 2073.60 manat məbləğdə debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus ünvan 1-də istifadə etdiyi qaz sayğacına görə ödənişlər vaxtlı -vaxtında tərəfindən ödənilmişdir. Bütün bu ödənişlər barədə qəbzləri var. Heç bir borcunun olmamasına baxmayaraq əsasız olaraq cavabdeh təşkilat həmin ünvan üzrə guya sayğaca müdaxiləyə görə (Smart G-4 İTRON GALLUS PAY tipli № **********2 sayğac) onun 2073.60 manat debitor borcu olduğunu bildirmişdir. Qeyd edilənlərlə əlaqədar Cavabdeh İB Qaz sayğaclarının yoxlanılması barədə 28 mart 2024-cü il tarixdə AKT № ******* nömrəli akt tərtib etmişdilər. Guya ki,qaz sayğacına müdaxilə olunmuşdur. Qaz sayğacı, mənzilindən çöldə yerləşir. Onun qaz sayğacından heç bir məlumatı yoxdur və ona necə müdaxilə edə bilər. Hesab edir ki, həmin borclar qanunsuzdur və əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin qazdan istifadəyə görə qərarı ilə təsdiq edilmiş Cavabdeh İB -nin hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin qanunun əsasən Cavabdeh İB görə hesablaşmalar Sumqayıt QİS-nin qaz sərfiyyatına görə abonetə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Bununla əlaqədar cavabdeh təşkilata dəfələrlə müraciət etməyinə baxmayaraq həmin borcun necə yarandığını sübüt edə bilməmiş həmçinin heç bir ödəniş sənədi təqdim etməmişdir. Lakin buna baxmayaraq cavabdeh təşkilat qeyri müəyyən yollarla istifadəsində olan yaşadığı mənzilə qanunsuz olaraq 2073.60 manat məbləğində yazılmış akta əsasən hesablaşma aparmışdır. Cavabdeh İB -nə əsasən qaz təcihzatı müəssiəsi istehlakçıdan yalnız istifadə olunmuş qaza görə ödəniş alır. Cavabdeh təşkilat isə ondan istifadə etmədiyi qaza görə ödəniş tələb edir. Qeyd olunanlardan da görünür ki, qaz sərfiyyatına görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılmalı, bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunmalı həmçinin Cavabdeh İB müəssiəsinin istehlakçıdan yalnız istifadə olunmuş qaz sərfiyyatına görə ödəniş tələb etməlidir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, ünvan 2 ünvanında yaşayan X1 məxsus (**********2) sayğaca əməkdaşlar tərəfindən baxış keçirilmiş və yerində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan “Qeydiyyatsız Lipa sayğac aşkar edildi” qeyd olunmuşdur. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı, xx.xx.2024-cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 kub/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x12x360=17280 kub metr x0,12 qəpik=2073,60 manat dəymiş zərər hesablanmışdır. İddiaçı sayğaca müdaxilə etməklə qazdan qeyri-qanuni istifadə etmiş və qaz itkisinə yol verilmişdir. Dövlət əmlakı talanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İşə əlavə olan xx.xx.2024-cü il tarixli Cavabdeh İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 17280 m3 İşdə olan Cavabdeh İB-nin əməkdaşları R.Alırzayev, O.Həsənov və E.Səfiyevin iştirakları ilə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, xx.xx.2024-cü il tarixli “akt”ın surətindən görünür ki, İddiaçı məxsus ünvan 2-ə aid sayğacın küçə xəttinin üzərinə quraşdırılmış dayağın içərisindən sayğacdan kənar xətt çəkərək təbii qazdan qeyri-qanuni istifadə edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonentin saldosundan görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanına akt əsasında 2073,60 manat borc hesablanmışdır. İş materiallarında olan AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13.8-1-ci maddəsinə əsasən (2022-ci ilin may ayından qüvvədə 8- 1-ci bənd) qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub-olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş aktın bir nüsxəsi nə iddiaçıya, nə təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən edir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə (kənar xətt və s.) iddiaçının təqsiri müəyyən edilmədiyindən iddia tələbi təmin edilməli, İddiaçı **********01540 saylı abunə hesabından Cavabdeh İB tərəfindən xx.xx.2024-cü il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 2073,6 (iki min yetmiş üç manat, altmış qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanına akt əsasında əsassız olaraq hesablanmış (Smart G-4 İTRON GALLUS PAY tipli № **********2 sayğac) əsassız olaraq № ******* nömrəli xx.xx.2024-cü il tarixli akta əsasən hesablanmış 2073 (iki min yetmiş üç) manat 60 (altmış) qəpik məbləğində cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Tağızadə Gülnarə
Məhkəmə qərarları › İş №2(060)-5218/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5218/2024
30.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver