Məhkəmə qərarları › İş №2(060)-5253/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5253/2021

12.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5253/2021 12.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və miras əmlakda payların müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində qeyd etməklə, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və miras əmlakda payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri Corat qəsəbəsi 76-cı məhəllə ev 147 (yeni qaydada: Sumqayıt şəhəri Corat qəsəbəsi 28 May küçəsi 74) ünvanda mərhum atası X3 məxsus ümumi sahəsi 138 m2 olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0,08 ha torpaq sahəsinə görə vərəsələr Maraqlı şəxs1 və Maraqlı şəxs2 adına verilmiş «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsi və Sumqayıt şəhəri Corat qəsəbəsi 76-cı məhəllə ev 147 (yeni qaydada: Sumqayıt şəhəri Corat qəsəbəsi 28 May küçəsi 74) ünvanda yerləşən ümumi sahəsi 138 m2 olan fərdi yaşayış evinə və həmin ünvanda olan 0,08 ha torpaq sahəsinə görə payların vərəsələr arasında müəyyən edilərək yeni «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamələrin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X4 03 yanvar 1992-ci il tarixdə vəfat etmişdir. Bunu İV-JT seriyalı 311987 saylı ölüm haqqında şəhadətnamə təsdiq edir. Mərhum atasının vəfatı tarixinə mülkiyyətində Sumqayıt şəhəri Corat qəsəbəsi 76-cı məhəllə ev 147 (Yeni qaydada: Sumqayıt şəhəri Corat qəsəbəsi 28 May küçəsi 74) olmuşdur. Bunu 02.09.2020-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış təsdiq edir. Atasının vəfatından sonra, yəni 1992-ci ildən 2016-cı ilə qədər mərhum atasına məxsus Sumqayıt şəhəri Corat qəsəbəsi ünvanda yerləşən 76 saylı məhəllənin 147-ci evində ailəsi ilə birgə yaşamışdır. Lakin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün notariat kontoruna vaxtında müraciət etməmişdir. Hesab etmişdir ki, mərhum atasına məxsus əmlakı faktiki qəbul etdiyindən notariata müraciət etməyə lüzum yoxdur. Buna görə də hüquqi savadsızlıq səbəbindən miras əmlakın qəbulu müddətini buraxmışdır. Sumqayıt şəhər Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(060)-813/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və mərhum atası X1 miras qalmış Sumqayıt şəhəri Corat qəsəbəsi 76-cı məhəllədə yerləşən 147 saylı evin onun (iddiaçı) tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması bərpa edilərək uzadılmışdır. Həmin qətnamə hazırda qanuni qüvvəyə minmişdir. Mərhum atasının vəfatı tarixinə mülkiyyətində olmuş Sumqayıt şəhəri Corat qəsəbəsi 76-cı məhəllə ev 147 (Yeni qaydada: AZ 5021 Sumqayıt şəhəri Corat qəsəbəsi 28 May küçəsi 74) ünvanda yerləşən miras əmlakda 1/2 hissədə qardaşı Maraqlı şəxs2 və 1/2 hissədə digər qardaşı Maraqlı şəxs1 pay ayrılmışdır. Sumqayıt şəhər 3 saylı Notariat ofisi tərəfindən 07 oktyabr 2020-ci il tarixdə Maraqlı şəxs1 və 03 oktyabr 2020-ci il tarixdə Maraqlı şəxs2 adına miras əmlak barədə şəhadətnamə verilmişdir. Varislərə verilən «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməyə görə hazırda Sumqayıt şəhəri Corat qəsəbəsi məhəllə 76 ev 147 (yeni qaydalarla: AZ 5021 Sumqayıt şəhəri Corat qəsəbəsi 28 May küçəsi 74) ünvanda yerləşən ümumi sahəsi 138 m2 olan fərdi yaşayış evinin 1/2 hissəsi və Sumqayıt şəhəri Corat qəsəbəsi 76-cı məhəllə ev 147, yeni qaydalarla AZ 5021 Sumqayıt şəhəri Corat qəsəbəsi 28 May küçəsi 74 ünvanda yerləşən, ümumi sahəsi 0,08 ha torpaq sahəsinin 1/2 hissədə Maraqlı şəxs1 və Maraqlı şəxs2 məxsusdur. Beləliklə, mərhum atası X2 mülkiyyətində olan Sumqayıt şəhəri Corat qəsəbəsi 76-cı məhəllə ünvanda yerləşən 147 saylı ev (yeni qaydalarla: AZ 5021 ünvan 2 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi bərabər hissələrdə vərəsələr olan Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında 1/2 hissədə bölünmüş və həmin vərəsələrə «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» verilmişdir. Mərhum atasına məxsus miras əmlakların qəbulu müddətinin buraxılmasının bərpasından sonra o, cavabdehə müraciət etmişdir. Cavabdeh özünün 26.05.2021-ci il tarixli 1009 saylı imtina məktubunda göstərilmişdir ki: «Sumqayıt şəhər Məhkəməsinin 17.03.2021-ci il tarixli 2(060)-813/2021 saylı qətnaməsindən görünür ki, Siz miras əmlakın qəbulu üçün Sumqayıt şəhər Məhkəməsinə müraciət etmisiniz. Sumqayıt şəhər Məhkəməsi Sizin tərəfinizdən miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti bərpa etmişdir. Lakin digər vərəsələrə verilən vərəsəlik hüququ haqqında şəhadətnamələri Sumqayıt şəhər Məhkəməsi ləğv etmədiyi üçün Sizə vərəsəlik hüququ haqqında şəhadətnamə verə bilmirik. Buna görə də, mübahisənin həlli məqsədi ilə məhkəməyə müraiət edilməlidir». Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 3 saylı Notariat Ofisi məhkəməyə ərizə göndərərək, iş həcminin çoxluğu ilə əlaqədar məhkəməyə nümayəndə göndərə bilmədiklərini qeyd edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs1 məhkəmə iclasında ərizə təqdim edərək bildirdi ki, iddiaçı onun qardaşıdır. İddia ərizəsinin təmin edilməsinə razıdır, etiraz etmir. Maraqlı şəxs2 məhkəmə iclasında ərizə təqdim edərək bildirdi ki, iddiaçı onun qardaşıdır. İddia ərizəsinin təmin edilməsinə razıdır, etiraz etmir. Məhkəmə iddiaçının və maraqlı şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(060)-813/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı «müddətin bərpa edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası təmin edilmiş, mərhum X1 miras qalmış Sumqayıt şəhəri Corat qəsəbəsi 76-cı məhəllədə yerləşən 147 saylı (yeni qaydada: Sumqayıt şəhəri Corat qəsəbəsi 28 May küçəsi ev 74) evin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzürlü hesab olunaraq uzadılmışdır. Qanuni qüvvəyə minmiş həmin qətnamə ilə müəyyən edilmişdir ki, X4 vəfat etdikdən sonra onun vərəsəsi İddiaçı miras əmlakı qəbul edərək faktiki sahiblik etsə də, üzürlü səbəbdən vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən olunmuş müddətdə notariat kontoruna müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçının miras əmlakı faktiki olaraq qəbul etməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün qanunla müəyyən olunmuş müddəti üzürlü səbəblərdən buraxdığına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İddiaçı qeyd olunan qətnamənin surətini də təqdim etməklə, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə müraciət etmiş və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər 3 saylı Notariat Ofisinin 26 may 2021-ci il tarixli 1009 saylı məktubundan görünür ki, iddiaçının ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Çünki, iddiaçının qardaşlarına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməmişdir. Qeyd olunan şəhadətnamələrin ləğv edilməsi yalnız maraqlı şəxslərin maraqlarına toxunduğundan, iddiaçı qardaşları olan maraqlı şəxsləri hazırkı mülki işə cəlb etmişdir. İddiaçının qardaşları olan maraqlı şəxslərin ərizələrindən görünür ki, onlar iddianı etiraf edirlər və adlarına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsinə razı olduqlarını, etiraz etmədiklərini bildirmiş, miras əmlak üzərində vərəsələrin paylarının bərabər şəkildə müəyyən edilməsini və bu barədə yeni şəhadətnamə verilməsini xahiş etmişlər. Göründüyü kimi, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, mübahisəyə tətbiq edilməli maddi hüquq normalarına (Mülki Məcəllənin 1159.1.1-ci maddəsi) görə birinci növbəli vərəsələrin miras əmlak üzərində payları bərabər şəkildə təsbit olunur. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri Corat qəsəbəsi 76-cı məhəllə ev 147 (yeni qaydada: Sumqayıt şəhəri Corat qəsəbəsi 28 May küçəsi 74) ünvanda iddiaçının və maraqlı şəxslərin mərhum ataları X3 məxsus ümumi sahəsi 138 m2 olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0,08 ha torpaq sahəsinə görə vərəsələr Maraqlı şəxs1 və Maraqlı şəxs2 adına verilmiş «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamələr etibarsız hesab edilərək ləğv edilməli; Sumqayıt şəhəri Corat qəsəbəsi 76-cı məhəllə ev 147 (yeni qaydada: Sumqayıt şəhəri Corat qəsəbəsi 28 May küçəsi 74) ünvanda yerləşən ümumi sahəsi 138 m2 olan fərdi yaşayış evi və həmin ünvanda olan 0,08 ha torpaq sahəsi üzərində hər bir vərəsənin payı 1/3 hissədə müəyyən edilməli və İddiaçı və maraqlı şəxslərin hər birinin adına «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamələr verilməlidir. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri Corat qəsəbəsi 76-cı məhəllə ev 147 (yeni qaydada: Sumqayıt şəhəri Corat qəsəbəsi 28 May küçəsi 74) ünvanda iddiaçının və maraqlı şəxslərin mərhum ataları X3 məxsus ümumi sahəsi 138 m2 olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0,08 ha torpaq sahəsinə görə vərəsələr Maraqlı şəxs1 və Maraqlı şəxs2 adına verilmiş «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamələr etibarsız hesab edilərək ləğv edilsin. Sumqayıt şəhəri Corat qəsəbəsi 76-cı məhəllə ev 147 (yeni qaydada: Sumqayıt şəhəri Corat qəsəbəsi 28 May küçəsi 74) ünvanda yerləşən ümumi sahəsi 138 m2 olan fərdi yaşayış evi və həmin ünvanda olan 0,08 ha torpaq sahəsi üzərində hər bir vərəsənin payı 1/3 hissədə müəyyən edilsin və İddiaçı və maraqlı şəxslərin hər birinin adına «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamələr verilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar