Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5266/2021 02.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, Ərizəçi maraqlı şəxs Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı şəhid ailəsi olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirib, müəyyən etdi: Ərizəçi Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, atası X3 və qardaşı X1 1993-cü ildə Dağlıq Qarabağ və onun ətrafında baş vermiş hadisələrlə əlaqədar olaraq rayonun müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməklə Cəbrayıl rayonunun ərazisinin düşmən hücumundan qorunmasında fəal iştirak edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması və Vətən uğrunda rayonun silahlı erməni millətçi quldurlarının işğalı zamanı şəhid olmasını nəzərə alaraq onun şəhid ailəsi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizənin yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalıdır. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03.09.1993-cü il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qanunun 2-ci maddəsinin tələblərinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ya ölmüş hesab edilən şəxslər, o cümlədən, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və daxili işlər orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırığın yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab olunurlar. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.5-ci, 1.2.6-cı və 2.1.2-ci bəndləri). Həmin qaydaların 4.1-ci bəndinə görə şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 N-li Qərarına əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarına istinad edərək hesab edir ki, Ərizəçi şəhid ailəsi statusunun təsdiq edilməsi ilə bağlı maraqlı şəxs Cəbrayıl rayon İcra Hakimiyyətinə müraciət etməli, xahişi təmin olunmadığı təqdirdə həmin orqanın imtinasını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməklə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİİ bəndinə əsasən, Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları inzibati orqanlar hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunmalıdır ki, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin qəbul olunmasından imtina olunmalı və məhkəməyə təqdim olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi maraqlı şəxs Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı şəhid ailəsi olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə baxılmasından imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə təqdim olunsun. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətinə Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıvediyeva
Məhkəmə qərarları › İş №2(060)-5266/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5266/2021
02.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver