Məhkəmə qərarları › İş №2(060)-529/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-529/2024

12.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-529/2024 12.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxxx 1956-cı il tarixdə Ağdam rayonunda anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdehin qanunsuz tələbləri ilə bağlıdır. İşin faktiki halı ondan ibarətdir ki, cavabdeh tərəfindən ona məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı təxminən bir il dörd ay əvvəl dəyişdirilmiş və yeni sayğac qoyulmuşdur. Qeyd edir ki, sayğacın dəyişdirilməsinə səbəb istismar müddətinin keçməsi olmuşdur. Üzərindən bir müddət keçdikdən sonra cavabdeh tərəfindən bildiriş göndərilərək itirilmiş qaz sərfi ilə bağlı əsassız olaraq 172 manat 80 qəpik borcun tələb olunması barədə məlumat verilmişdir. Cavabdeh tərəfindən qaz sayğacına laboratoriyada baxış keçirildiyi və bu zaman sayğacın elementi bitmiş, əsas çap vərəqi və kartrider korroziyaya uğramışdır. Müvəqəti element və LCD ekran quraşdırılmış, ekran açılmamış, informasiya oxunmamışdır. Xətaların normadan artıq olması və sayğacın istismara yararsız olması bildirilmişdir. Qeyd edir ki, borc barəsində yenicə xəbər tutumuşlar. Belə ki, ödəniş edən zaman cavabdeh tərəfindən onlara borcun yazılması barədə məlumatları olmuşdur. Nəticədə itirilmiş qazın bərpası olaraq 172 manat 80 qəpik borc hesablanmışdır. Hesab edir ki, cavabdehin ondan tələb etdiyi pul məbləği tamamilə uydurma, cəfəngiyyat və qanunsuzdur. Belə ki, cavabdehin ondan qeyd olunan məbləğləri tələb etməsi üçün heç bir əsası yoxdur. Cavabdeh iddia etmişdir ki, guya sayğaca müdaxilə edilmişdir. Bunu nə ilə sübut edirlər? Sayğac laboratoriyada yoxlanılan zaman ona nə üçün məlumat verilməmişdir? Nə ilə sübut edirlər ki, sayğaca məhz onlar tərəfindən müdaxilə edilmişdir? Yuxarıda da qeyd etmişdir ki, sayğac çöldə quraşdırılmışdır. Məsuliyyəti o halda ona aid olardı ki, onun həyətində quraşdırılmış olsaydı. Bəlkə qonşu müdaxilə etmişdir? Ya da yoxlama keçirilən zaman elə özləri tərəfindən müdaxilə edilmişdir? Qanunvericiliyin tələblərinə uyğun olaraq, sayğaca baxış keçirilən zaman abonentin iştirakı təmin edilməli, abonent iştirak etmək istəmədiyi halda isə müvafiq akt tərtib edilməlidir. Lakin cavabdeh heç bir hərəkət etməmiş, öz başına qanuna zidd olaraq sayğaca baxış keçirildikdən sonra özündən borc hesablanmışdır. Bu səbəbdən də sayğaca istehlakçının iştirakı olmadan baxış keçirilməsi və bu cür nəticəyə gəlinməsini əsassız hesab edir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh tərəfindən hesablanmış borc tamamilə əsassız və qanunsuzdur. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, ədalətli məhkəmə araşdırması nəticəsində həmin borc silinməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən, Cavabdeh tərəfindən ona məxsus Sumqayıt şəhəri, Yaşıldərə massivi, məhəllə 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair əsassız olaraq hesablanmış itirilmiş qazın bərpası məqsədi ilə tələb olunan 172 manat 80 qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlara deyilmişdir ki, sayğacı niyə dəyişdirməmişlər? Sayğacı isə onlar dəyişdirmirlər. Onu Qaz idarəsindən gəlməli və dəyişdirməlidirlər. Sayğacın dəyişdirilməsi barədə xəbərdarlıq da olunmamışdır. Sayğac işlək vəziyyətdə olmuşdur. Müəyyən vaxtlarda isə yoxladıqları zaman hər şey yerində olmuşdur. Vaxtlı-vaxtında ödənişləri edir. Sayğac çöl hissədə yerləşir. Heç bir müdaxilə etməmişdirlər. Cavabdehnə məhkəmə bildirişi göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: - 14 iyul 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı, 14 iyul 2023-cü il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 1440 kubmetr qaz itkisi hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 14 iyul 2023-cü il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirilən zaman sayğacın elementinin bitməsi, əsas çap vərəğinin və kartriderin korroziyaya uğraması, müvəqqəti elementin və LCD ekranının quraşdırılması, ekranın açılmaması, infomasiyanın oxunmaması, xətaların normadan artıq olması, sayğacın istismara yararsız olması kimi nöqsanlar aşkar olunmuşdur. - Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi aktın surətindən görünür ki, sayğaca baxış keçirilən zaman sayğacın elementinin bitməsi, əsas çap vərəğinin və kartriderin korroziyaya uğraması, müvəqqəti elementin və LCD ekranının quraşdırılması, ekranın açılmaması, infomasiyanın oxunmaması, xətaların normadan artıq olması, sayğacın istismara yararsız olması kimi nöqsanlar aşkar olunmuşdur. - Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********03960) Sumqayıt şəhəri, “Yaşıldərə” massivi, 3-cü məhəllə ünvanında xx.xx.2022-ci il tarixdə ZENNER G4T Smart tipli, **********436 nömrəli sayğac quraşdırılmışdır. 07/2023-cü il tarixə 1440 kub metr qaz sərfiyyatı olmuş və həmin tarixə qalıq və aktlar əsasında 172.80 manat vəsait hesablanmışdır. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, sayğaca baxış keçirilən zaman sayğacın elementinin bitməsi, əsas çap vərəğinin və kartriderin korroziyaya uğraması, müvəqqəti elementin və LCD ekranının quraşdırılması, ekranın açılmaması, infomasiyanın oxunmaması, xətaların normadan artıq olması, sayğacın istismara yararsız olması kimi nöqsanlar aşkar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, abonent saldosuna əsasən 07/2023cü il tarixə 1440 kub metr qaz sərfiyyatı olmuş və həmin tarixə qalıq və aktlar əsasında 172.80 manat vəsait hesablanmışdır. 1440 kub metr qaz sərfiyyatı üçün 14 iyul 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən 172.80 manat pul vəsaiti hesablanmışdır. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 172.80 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 14 iyul 2023-cü il tarixli, ******* №-li akta əsasən hesablanmış 172.80 manat borc abonentin hesabından (abonent kodu **********03960) silinməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********03960 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14 iyul 2023-cü il tarixli ******* saylı akta əsasən qaz sərfiyyatına görə hesablanmış 172 (bir yüz yetmiş iki) manat 80 (səksən) qəpik borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar