Məhkəmə qərarları › İş №2(060)-5290/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5290/2021

01.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5290/2021 01.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil Rufulla qızının iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Asan xidmət Mərkəzi Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Asan xidmət Mərkəzi Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras kütləsinə daxil olan və mərhum atası X1 miras qalan Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 22/3-də yerləşən 35 saylı mənzilin-mirasın onun tərəfindən qəbul edilməsi müddətinin uzadılması, həmin mənzilə dair Sumqayıt Asan Xidmət Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququna dair 30.05.2016cı il tarixli 2V/436 reyestr nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında mənzilə dair verilmiş çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət edərək miras kütləsinə daxil olan və mərhum atası X1 miras qalan Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 22/3-də yerləşən 35 saylı mənzilin-mirasın onun tərəfindən qəbul edilməsi müddətinin uzadılması, həmin mənzilə vərəsəlik hüququnun tanınması və Sumqayıt Asan Xidmət Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququna dair 30.05.2016-cı il tarixli 2V/436 reyestr nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında mənzilə dair verilmiş çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri,8-ci mikrorayon,ev 22/3-də yerləşən 35 saylı mənzil onun mərhum atası X4 məxsus olmuş, atası 06.04.2013cü ildə vəfat etmişdir. Atası ağır onkoloji xəstəlikdən əziyyət çəkmiş və o, 2012-ci ildən atasının yaşadığı ünvana gələrək həmin ünvanda yaşamış, atasına qulluq etmişdir. Lakin, atası vəfat edən sonra da bu mənzildə faktiki yaşamaqda davam etmiş və daha sonra qardaşı X2q etmiş, miras əmlak 2012-ci ildən hal-hazırki vaxtadək faktiki olaraq onun idarəçiliyimdə olmuşdur. Həmin evin kirayə və kommunal xərclərini də o, ödəmişdir. O, atasından miras qalan həmin mənzillə bağlı ona qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh Sumqayıt Asan Xidmət Mərkəzinə müraciət etmiş, lakin ona məlum olmuşdur ki, atasının vəfatından 3 il sonra qardaşı Yusif cavabdeh Sumqayıt Asan Xidmət Mərkəzinə müraciət edərək orada özünü yeganə vərəsə kimi təqdim etmiş və öz adına qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə almışdır. Qardaşı Yusif 19.05.2021-ci il tarixdə dünyasını dəyişmişdir. Halbuki o da mərhum atasının qanun üzrə 1-ci növbə vərəsəsi-qızıdır və o, atasının vəfatından sonra 6 ay ərzində notariat kontoruna müraciət etməsə də faktiki olaraq vərəsəliyi qəbul etməklə həmin əmlakın idarə olunmasını bu gün də həyata keçirir, mirası faktiki olaraq qəbul etdiyini nümayiş etdirir. O, miras qoyandan miras kimi qalmış və onun mülkiyyətində olan Sumqayıt şəhəri,8-ci mikrorayon, ev 22/3-də yerləşən 35 saylı mənzillə bağlı ona vərəsəlik hüququ barədə şəhadətnamənin verilməsi ilə əlaqədar Sumqayıt Asan Xidmət Mərkəzinə müraciət etmiş və cavab məktubunu aldıqdan sonra ona məlum olmuşdur ki, artıq qardaşı X3 üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir və buna görə də mirasın qəbul edilməsi müddətinin bərpası və miras payın tələbi ilə bağlı məhkəməyə müraciət etməlidir. Belə hesab edir ki,mirasın qəbul edilməsi müddəti məhkəmə qaydasında uzadılmalıdır. Belə ki,miras qoyan vəfat etdikdən sonra o, miras qoyanın 1-ci növbə qanun üzrə vərəsəsi kimi miras əmlakı faktiki olaraq qəbul etmiş və miras əmlak olan mənzil, mənzildə yerləşən bütün daşınar əmlaklar bu gün də onun faktiki istifadəsində və idarəçiliyindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, ailə qurduqdan sonra atasına məxsus mənzilə köçmüşdür. 2012-ci ildə atası xəstə olduğundan qulluğa ehtiyacı olmuş, bu səbəbdən bu mənzilə gələrək orada yaşamış və atasına qulluq etmişdir. Atası Sadıx və qardaşı Yusif birgə yaşamışlar. Atası 2013-cü ildə vəfat etdikdən sonra o, yenidən öz ailəsi ilə yaşadığı yataqxanada yerləşən mənzilə qayıtmışdır. Qısa müddət sonra o, yataqxanadakı mənzildə təmir işləri gördürmüş və bu səbəbdən arada gəlib atasına məxsus evdə qalmışdır. Atasının ölümündən təxminən bir il sonra qardaşı Yusif xəstələnmiş və yenidən həmin mənzilə qayıdaraq burada yaşamış, qardaşına qulluq etmiş, mənzilin idarə edilməsi onun tərəfindən həyata keçirilmiş, kommunal xidmətləri o, ödəmişdir. O, heç vaxt mənzilin miras olaraq qəbul edilməsi ilə bağlı notariat kontoruna müraciət etməmişdir. Hesab etmişdir ki, atasından qalan mənzil ona və qardaşına məxsusdur. Qardaşı Yusif arvadından boşanmışdır, lakin birgə nikahdan olan uşaqları vardır. O, Yusifin ölümündən sonra uşaqların əmlaka iddialı olduqlarını eşidib miras əmlakı qəbul etmək üçün notariat kontoruna müraciət etdikdə atalarından qalan mənzilin 2016-cı ildə Yusif tərəfindən miras əmlak olaraq qəbul edildiyini bilmişdir. Onun həmin vaxtadək bu barədə məlumatı olmamış, qardaşı Yusif ona bu barədə heç nə bildirməmişdir. İddiaçı daha sonra verdiyi izahatında atasının ölümündən təxminən 3-4 ay sonra qardaşı Yusifin xəstələndiyini, sonuncuya baxmaq üçün bu mənzilə qayıdaraq, mirası faktiki olaraq idarə etdiyini bildirdi. İddiaçının nümayəndəsi iddiaçının göstərdiklərini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, iddiaçının qohumudur, həm Sadıx bəy xəstə olarkən, həm də Yusif bəy xəstə olarkən onları ziyarətə gedəndə Cəmilənin onlara baxdığını və onlarda birlikdə qaldığını görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, iddiaçının atasının qohumuyam. İddiaçının atası xəstə olan zaman ziyarətə gedəndə Cəmilənin orda olduğunun şahidi olmuşdur. İddiaçının qardaşı ailəsindən ayrılmışdı və qardaşına da xəstə olarkən Cəmilə baxmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: AZ-İ seriyalı ******* saylı «Ölüm haqqında Şəhadətnamən»nin surətindən görünür ki, X5 06.04.2013-cü il tarixdə ölmüşdür. AZ-İ seriyalı 806040 saylı «Ölüm haqqında Şəhadətnamən»nin surətindən görünür ki, X6 10.01.2015-ci il tarixdə ölmüşdür. Sumqayıt Asan xidmət mərkəzi notariat kontoru tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X9 06.04.2013-cü il tarixdə ölmüş X1 miras qalmış Sumqayıt şəhəri,8-ci mikrorayon,ev 22/3-də yerləşən 35 saylı mənzilə 1/1 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri,8-ci mikrorayon,ev 22/3-də yerləşən 35 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 31.05.2016-cı il tarixdə qeydə alınmışdır. Sumqayıt şəhər Səhiyyə şöbəsi Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyası tərəfindən verilmiş 1031№-li 20.05.2021-ci il tarixli arayışdan görünür ki, 19.05.2021-ci il tarixdə saat 22:34-də ünvan 1 ünvanında 1958-ci il təvəllüdlü X7 meyidi aşkar edilmişdir. Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 1484 nömrəli 27 may 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya mirasın qəbulu üzrə müddətin bərpası və miras payın tələbi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin hallarından göründüyü kimi, iddiaçı miras əmlakı qəbul etmək üçün atasının ölümündən sonrakı 8 il ərzində notariat kontoruna müraciət etməmişdir. İddiaçı mərhum atasına qulluq etmək üçün bir müddət bu mənzildə yaşasa da, atasının ölümündən sonra bu mənzildən getmişdir. İddiaçı qısa müddət sonra mənzilə qayıtdığını və miras əmlakı faktiki qəbul edərək idarə etdiyini göstərsədə məhkəmə iclasında bu barədə müddətlərlə bağlı ziddiyyətli izahatlar vermişdir. Belə ki, ilk öncə izahatında atasının ölümündən təxminən bir il sonra qardaşının xəstəliyi ilə bağlı ona qulluq etmək üçün mənzilə qayıdaraq yaşadığını göstərsə də, sonrakı izahatında təxminən 3-4 ay sonra gəldiyini bildirdi. Həmçinin, göründüyü kimi iddiaçıya qanunla nəzərdə tutulmuş müddətdə miras əmlakın qəbulu ilə bağlı müraciət etməsinə maneə olan hallar olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı qanun üzrə vərəsə kimi qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməməklə bu hüququ itirmişdir. Məhkəmənin qənaətincə həmin müddətin üzürlü hesab edilərək bərpa edilməsi üçün yetərli əsaslar məhkəmə araşdırması zamanı müəyyən edilmədi. İddiaçının atasının ölümündən öncə, eləcə də bir müddət sonra qardaşına qulluq etmək üçün həmin mənzilə qayıdaraq orada yaşaması və əmlakı idarə etməsi miras əmlakın vərəsə tərəfindən faktiki qəbul edilməsi hesab edilə bilməz. Məhkəmənin nəzərincə mirasın faktiki qəbul edilməsi və faktiki idarə edilməsi ilə bağlı hərəkətlərin nümayişi miras açıldıqdan sonra, qanunla nəzərdə tutulmuş müddətlər daxilində olmalıdır. Lakin işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı atasının ölümündən sonra bu evdən gedərək ailəsi ilə yataqxanada yerləşən mənzildə yaşamışdır. Müəyyən müddət sonra bu mənzilə qayıtmasının səbəbi isə xəstə olan qardaşına qulluq etmək olmuşdur. İddiaçı atasının ölümündən sonra miras əmakı faktiki qəbul etməsinə yönələn hərəkətlər nümayiş etdirməmişdir. İddiaçının atasının ölümündən sonra bu mənzildən getməsi, eləcə də qanunla nəzərdə tutulmuş müddətdə heç bir üzürlü səbəb olmadan mirasın qəbulu üçün notariat kontoruna müraciət etməməsi iddiaçının mirası qəbul etməyə yönələn hərəkətlərinin olmamasını açıq-aşkar göstərir. Bu göstərilənlərə əsasən məhkəmə miras əmlakın qəbul edilmə müddətinin ötürülməsinin üzürlü hesab olunaraq bərpa edilməsi üçün əsas görmür və hesab edir ki, tələb həmin hissədə təmin edilməməlidir. Məhkəmə «miras əmlakın qəbul edilmə müddətinin ötürülməsi üzürlü hesab olunaraq bərpa edilməsi» hissədə tələbi əsas tələb və bu hissədə tələb təmin edilmədiyindən, «vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi» hissədə iddia tələbinin əsas tələbin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi "vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi " hissəsində də təmin edilə bilməz. Bu baxımdan qeyd olunan hissədə tələbin araşdırılmasına zərurət görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Sumqayıt Asan xidmət Mərkəzi Notariat Kontoruna “mirasın qəbul edilməsi müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar