Məhkəmə qərarları › İş №2(060)-5293/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5293/2022

28.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5293/2022 28.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhəri qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması və vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 31 may 2021ci ildə vəfat etmiş oğlu X2 qalmış mirasın qəbul edilməsi müddətinin uzadılması və Cavabdeh2 tərəfindən verilmiş 19 mart 2022-ci il tarixli 2V-96 reyestr nömrəsi ilə qeydə ahnmış (V-59/2022 saylı vərəsəlik işi) Qanun üzrə vərəsəlik hüququna dair Şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X11 31 may-2021-ci ildə ölməsi ilə əlaqədar sıradan çıxmışdır. Onun 1-ci növbə qanun üzrə 5 vərəsəsi qalmışdır: iddiaçı (atası), anası, arvadı- Cavabdeh1 və azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X12. İddiaçı oğlu ilə sağlığında bir ünvanda yaşamışdır, belə ki, onun ailə üzvləri ilə yaşadığı mənzil şəxsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Oğlunun ölümündən sonra iddiaçı xx.xx.2021-ci ildə və xx.xx.2021-ci ildə Sumqayıt Asan Xidmət Mərkəzinə müraciət edərək vərəsəlik haqqında şəhadətnamənin verilməsini istəmişdir. Belə ki, iddiaçı oğlunun adına VAZ-2101 markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomaşını almış və həmin maşın iddiaçıdadır, avtomaşını adına rəsmiləşdirmək üçün vərəsəlik haqqında şəhadətnamə tələb olunurdu. Lakin iddiaçıya bildirilmişdir ki, Cavabdeh1 gəlmədən belə bir şəhadətnamənin verilməsi mümkünsüzdür. Bu səbəbdən də iddiaçı bu işi yarımçıq saxlamışdır. Lakin bütün sənədlərin əsillərinin iddiaçıda olmasına baxmayaraq cavabdeh iddiaçı və onun arvadının (1-ci növbə qanun üzrə digər vərəsələrin) xəbəri olmadan cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə (oğlunun vəfatından 10 ay sonra) onun işlədiyi "xxxx" MMC-dən oğluna ölümü ilə bağlı hesablanan vəsaitə dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Halbuki iddiaçı da ölən şəxsin qanun üzrə 1-ci növbə vərəsəsidir və cavabdehdən qabaq iddiaçı Sumqayıt Asan Xidmət Mərkəzinə müraciət etmiş və faktiki olaraq oğlundan miras qalan əmlakı da qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini edərək bildirdi ki, oğlu X11 31 may 2021-ci ildə ölmüşdür. Öldükdən sonra onun oğlunun əmlakı miras qalmışdır. İddiaçı mirasın qəbulu üçün notariat ofisinə müraciət etdikdə ona bildirilmişdir ki, oğlu nikahda olduğu üçün onun arvadı və övladları da mirasın qəbulunda iştirak etməlidir. İddiaçı gəlinini və nəvələrini tapa bilməmiş, onların notariat ofisinə gəlmədikləri üçün iddiaçıya vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra iddiaçı pandemiya dövründə ASAN Xidmət Mərkəzinə bir neçə dəfə müraciətlər etsə də, yenə də gəlini və nəvələri ilə birlikdə gəlməklərinin vacib olduğu iddiaçıya bildirilmişdir. Bir müddət keçdikdən sonra iddiaçı yenidən notariat ofisinə müraciət etmiş, bu dəfə iddiaçıya cavab kimi oğlundan qalan miras əmlakın gəlini tərəfindən qəbul edilməsi və gəlininə vərəsəlik haqqında şəhadətnamə verildiyi bildirilmişdir. İddiaçı bildirdi ki, birinci növbə vərəsə olmaqlarına baxmayaraq oğlunun atası və anası notariat ofisinə müraciət etdikdə gəlini və nəvələrinin iştirakının zəruriliyi vurğulanmış, lakin gəlininə onun özünün və arvadının iştirakı olmadan vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Notariat ofisinə bu barədə narazılıq bildirsə də, notariat ofisi miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsi ilə bağlı iddiaçıya imtina məktubu vermişdir. Bununla yanaşı iddiaçı qeyd etdi ki, gəlininə notariat ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmalıdır. Çünki, vərəsəlik şəhadətnaməsi verilərkən ölən şəxsin 1-ci növbə vərəsələrin əhatəsini müəyyən etməli olmasına baxmayaraq bunu etməmiş, iddiaçı və onun arvadının iştirak etmədiyi təqdirdə miras əmlakdan onlara düşən pay hissəsini boş saxlamamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iş üzrə cavabdeh Sumqayıt Şəhər 3 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X9 qızı arasında Sumqayıt şəhərində bağlanmış 22 mart 1980-ci il tarixli, 312 saylı nikah qeydi vardır. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X3 atası İddiaçı, anası X4r. - AZ-İİ № 176644 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci ildə əməliyyatdan sonra baş verən pozğunluq səbəbi ilə ölmüşdür. - AZ-İ № 901438 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Cavabdeh1 arasında Sumqayıt “ASAN Xidmət” X1 bağlanmış xx.xx.2013-cü il tarixli, 777 №-li nikah qeydi vardır. - Cavabdeh2 1234 saylı, 08 iyun 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixində ölmüş oğlu X3 miras əmlakına dair xx.xx.2022-ci il tarixdə arvadı- Cavabdeh1, oğlu-X5, qızı-X6 1/3 hissələrdə mülki qanunverciliyə əsasən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin ona miras əmlakın qəbulu üçün müəyyən olunmuş müddətdə notariat ofisinə müraciət etmədiyi, ona görə də vərəsəlik şəhadətnaməsi verilməsinin mümkün olmadığı qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş X3 vərəsələri, ünvan 1 ünvanında qeydiyyatda olan arvadı-Cavabdeh1, ünvan 2 ünvanında qeydiyyatda olan oğlu X10, ünvan 2 ünvanında qeydiyyatda olan qızı X7r və onların hər biri miras əmlakdan 1/3 iras almalıdır. Şəhadətnamə verilən miras əmlak: "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 04/İU-391 nömrəli məktubuna əsasən X3 adında istifadə edilməmiş məzuniyyət günlərinə görə 149,87 manat, vəfatı ilə bağlı müavinət (əmək haqqının 3 misli) 1189,19 manatdan ibarətdir. - 14 iyun 2022-ci il tarixli 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzinin məktubundan görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mərkəzləşdirilmiş növbə sistemi üzərindən xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixi aralığında 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzinə müraciətlə bağlı axtarış aparılmış və iddiaçının xx.xx.2021-ci il tarixində “K 302” elektron növbə bileti və xx.xx.2021-ci il tarixində “K 285” elektron növbə biletləri əsasında Mərkəzdə fəaliyyət göstərən notariat xidmətinə müraciəti aşkar olunmuşdur. - Sumqayıt Şəhər 3 saylı Notariat Ofisinə Cavabdeh1 tərədindən ünvanlanmış ərizədən görünür ki, 31 may 2021-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan əri-X11 ölmüşdür. Mirasın tərkibi olan pul məbləğini oğlu və qızı ilə bərabər qəbul edərək, mirasın tərkibinə daxil olan pul məbləğinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. - iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkildən görünür ki, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda iddiaçının yaşadığı binanın həyətində saxlanılır. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq deyil və vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin məcburi pay tələb etmək hüququ ilə məhdudlaşdırılmışdır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1318-ci maddəsinə əsasən Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: 17-ci maddəsinin 3-cü bəndinə əsasən Dövlət notariusi vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. 60-cı maddəsinə əsasən Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Bununla yanaşı, Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı oğlu X11 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Onun 1-ci növbə qanun üzrə 5 vərəsəsi qalmışdır: iddiaçı (atası), anası, arvadı- Cavabdeh1 və azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X12. İddiaçı oğlu ilə sağlığında bir ünvanda yaşamışdır, belə ki, onun ailə üzvləri ilə yaşadığı mənzil şəxsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Oğlunun ölümündən sonra iddiaçı xx.xx.2021-ci ildə və xx.xx.2021-ci ildə Sumqayıt Asan Xidmət Mərkəzinə müraciət edərək vərəsəlik haqqında şəhadətnamənin verilməsini istəmişdir. Belə ki, iddiaçının oğlunun adına olan VAZ-2101 markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomaşın iddiaçıdadır, avtomaşını adına rəsmiləşdirmək üçün vərəsəlik haqqında şəhadətnamə tələb olunmuşdur. Lakin iddiaçıya bildirilmişdir ki, Cavabdeh1 gəlmədən belə bir şəhadətnamənin verilməsi mümkünsüzdür. Bu səbəbdən də iddiaçı bu işi yarımçıq saxlamışdır. Lakin bütün sənədlərin əsillərinin iddiaçıda olmasına baxmayaraq cavabdeh iddiaçı və onun arvadının (1-ci növbə qanun üzrə digər vərəsələrin) xəbəri olmadan Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə (oğlunun vəfatından 10 ay sonra) Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Çəkişmə prinsipi hər bir tərəfin üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini istisna edir. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi). Bununla belə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Bununla da, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Notariat ofisi tərəfindən qanunun tələbləri pozulmaqla cavabdehə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Notariat ofisi vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən ölən şəxsin 1-ci növbə vərəsələrin əhatəsini müəyyən etməli olmasına baxmayaraq bunu etməmiş, iddiaçı və onun arvadının (ölən şəxsin anası) iştirak etmədiyi təqdirdə miras əmlakdan onlara düşən pay hissəsini müəyyən etməmişdir. Bununla yanaşı, iddiaçı mirasın qəbul edilməsi müddətini ötürməmişdir, bunu iş materiallarına əlavə edilmiş iddiaçının xx.xx.2021-ci il tarixində “K 302” elektron növbə bileti və xx.xx.2021-ci il tarixində “K 285” elektron növbə biletləri ilə bağlı ASAN Xidmət Mərkəzinin verdiyi məktub da təsdiq edir. Belə ki, iddiaçı oğlu öldükdən sonra mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etsə də, notariat ofisi tərəfindən onun müraciətindən imtina edilmişdir. Buna baxmayaraq iddiaçı oğlundan qalan miras əmlakı faktiki qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı 31 may 2021-ci ildə ölmüş oğlu X2 qalmış mirasın qəbul edilməsi müddəti uzadılsın. Cavabdeh2 tərəfindən verilmiş 19 mart 2022-ci il tarixli 2V-96 reyestr nömrəsi ilə qeydə alınmış (V-59/2022 saylı vərəsəlik işi) Qanun üzrə vərəsəlik hüququna dair Şəhadətnamə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar