Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-530/2025 17.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən «Azəriqaz» İstehsalat Birliyinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akt əsasında hesablanmış 777 manat 60 qəpik cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azəriqaz İstehsalat Birliyinin Sumqayıt QİS əməkdaşları binaya gələrək qaz sayğacına müdaxilə ilə əlaqədar guya yoxlama aparmış və müəyyən etmişlər ki, sayğacın hesablama mexanizminin plastmas qapağı sınıqdır. Bununla da sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsinin mümkün olması qənaətinə gəlinmişdir. Nəticədə güya 6480 m3 qaz itkisinə yol verilmiş və cavabdehə 777 manat 60 qəpik ziyan dəymiş və həmin məbləğdə cərimə hesablanmışdır. Yoxlayıcıların xx.xx.2023-cü il tarixdə tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktını qəbul etmir. Bildirir ki, o, qaz sayğacına müdaxilə etməmişdir. Bildirir ki, qaz idarəsinin əməkdaşları tərəfindən onlara ******* saylı aktda göstərilən qüsur – sayğacın hesablama mexanizminin plastmas qapağının sınıq olması barədə məlumat verilməmiş, müdaxilə barədə irad bildirilməmişdir. Hesab edir ki, qazın dəyəri olan 777 manat 60 qəpik onun abonent koduna əsassız olaraq işlənmişdir. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Bundan hər hansı məlumatı yoxdur. Sumqayıt Regional Qaz İstismar İdarəsinin əməkdaşları belə hərəkətləri ilə Sumqayıt şəhəri ərazisində itirilmiş qazın bərpasına çalışırlar. Ona qarşı qəsdən və ya qərəzli surətdə ziyan vurmağa çalışırlar. Bundan əlavə qeyd etmək istəyir ki, xx.xx.2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərkən nominal qaz sərfi 6 kub metr, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6480 kub metr itirilmiş qaz hesablanmışdır. Hesabatın tərtibatı üçün hesabat aparılmış və 6480 kub metr itirilmiş qaz hesablanmışdır. Hesabatın tərtibatı zamanı qaz idarəsinin əməkdaşları tərəfindən təqdim edilmiş “abonentin saldosu”-dan görünür ki, 2023-cü ilin sonuna olan borc 777 manat 60 qəpik təşkil etmişdir. Lakin iddia ərizəsinin tərtib edildiyi dövrdə, yəni xx.xx.2024-cü il tarixdə, keçən 10 ay müddətində onlayn rejimdə borc məbləği barədə məlumatlar əldə edilərkən, eləcə də borc barədə bildiriş təqdim edilərkən hazırki borcun 808 manat 92 qəpik olması müəyyən edilmişdir. Yəni, keçən 8 ay ərzində sadəcə 31 manat 32 qəpik borc qeydə alınmışdır. Bu onunla əlaqədardır ki, oğlunun xidməti vəzifələrinin Sumqayıt Şəhərindən kənarda icrası ilə əlaqədar olaraq 2020-ci ilin sonlarından etibarən müvəqqəti olaraq yaşayış yerinin oğlunun xidmət yerinə uyğun olaraq dəyişmişdir. Bununla bağlı qaz idarəsinin əməkdaşlarının da məlumatı olmuşdur. Hətta “Qaz sayğacının yoxlanılması haqqında” akt tərtib edilərkən bir neçə dəfə ünvana gəlsələr də, ünvanda faktiki olaraq heç kimi yaşamasında dolayı akt qonşulara təqdim edilmiş və akt xeyli müddət sonra onun tərəfindən qəbul edilmişdir. Yuxarıda qeyd olunanlar Qaz idarəsi əməkdaşlarının qərəzli hərəkətlərini bir daha sübut etməkdədir. Bildirir ki, adına qeydə alınmış qaz sayğacı evinin kənarında blokda hər hansı qoruyucu qutuda yerləşdirilmədən quraşdırılmışdır. Hesab edir ki, bu səbəbdən qaz abonenti olaraq o, cavabdehlik daşımır. Təbii Qazdan İstifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixdə tərtib olunmuş ******* saylı aktda yoxlamanın aparıldığı qeyd edilsə də, əslində yoxlama aparılması zamanı iştirakı olmamışdır. Həmin yer onun nəzarəti kənarda, hamının müdaxilə edə biləcəyi yerdə olduğundan qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsi cavabdeh tərəfindən sübuta yetirilməli idi. Sayğaca müdaxiləni istehlakçı olaraq onun üzərinə yönəldilməsini qəbul etmir. İstehlakçıya məxsus evdən kənar quraşdırılmış sayğaca kənar təsirin olması ehtimalının qarşısının alınması istehlakçının funksiyasına aid məsələdir. O, hər ay istifadə etdiyi qaza görə hesablanmış məbləği vaxtlı-vaxtında ödəmişdir. Belə bir əmələ əl atmağı inandırıcı deyil və məntiqsizdir. Qeyd olunan sayğacın quraşdırıldığı dövrdən akt tərtib olunan anadək aylıq ödənişlərdə demək olar ki, gecikmə olmamış, heç bir zaman böyük məbləğdə borc yaranmamışdır. Bu səbəbdən hesab edir ki, barəsində hesablanmış cərimə məbləği əsassızdır və abonent hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X3 izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə əməkdaşlar ünvana baxış keçirmişlər. Nöqsanlar aşkar olunaraq, akt tərtib olunmuşdur. Ünvanda yaşayış olmadığına görə imza etməmişlər. Sayğaca baxış keçirilərkən nə görürlərsə, onu da sənədləşdirirlər. Laboratoriya rəyinə əsasən hesabat aparılmışdır. 777.60 manat cərimə hesablanmışdır. Ona görə də iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: «Azəriqaz» İB-nin 25 dekabr 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, 25 dekabr 2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 6480 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 dekabr 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının sınıq olması, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsinün mümkün olması, sayğacın istismara yararsız olması kimi nöqsan aşkar edilmişdir. Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********00140) İddiaçı məxsus ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə Zenner G4T mexaniki tipli sayğac quraşdırılmışdır. 2023-cü il üçün 6719 kub metr qaz sərfi hesablanmış, 12/2023-cü il tarixdə 777.60 (qalıq və aktlar) manat vəsait hesablanmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün qaz sayğacı quraşdırılmış, ünvan üzrə “sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının sınıq olması, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsinin mümkün olması, sayğacın istismara yararsız olması” əsası ilə 25 dekabr 2023-cü il tarixli ******* saylı akt tərtib olunmuş, nəticədə abonentin **********00140 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında akt üzrə borc yazılmışdır, hazırda həmin məbləğ iddiaçıdan tələb edilir. xx.xx/2023-cü il tarixdə ayın sonuna isə 777.60 manat borc hesablanmışdır. Bununla belə, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına, habelə iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış borcun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli Qanununa əsasən, 13-cü maddə üzrə 8-1-ci hissə əlavə edilmişdir, həmin qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının **********00140 saylı abonent koduna cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 dekabr 2023-cü il tarixli ******* saylı akta əsasən qaz sərfiyyatına görə əsassız hesablanmış 777.60 manat borc silinməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiymətinin 1.000 manatadək olması nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı tərəfindən verilmiş iddia tələbi təmin edilsin. ünvan 2 ünvanına aid **********00140 saylı abonent koduna cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 dekabr 2023-cü il tarixli ******* saylı akta əsasən qaz sərfiyyatına görə əsassız hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc silinsin. «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-530/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-530/2025
17.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver