Məhkəmə qərarları › İş №2(060)-531/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-531/2022

14.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-531/2022 14.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat kontoruna qarşı mirasın qəbul etmə müddətinin uzadılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat kontoruna qarşı mirasın qəbul etmə müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, 11.04.2020-ci il tarixdə vəfat etmiş X2 qalmış Qazax rayonu, İİ Şıxlı kəndində yerləşən 0,4903 ha torpaq sahəsinə dair vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ünvan 1 ünvanladığı ərizəsinə baxılaraq, işin faktiki halları araşdırılmadan formal olaraq mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bitdiyi əsas gətirilərək 03.06.2021-ci il tarixli, 386 saylı cavab məktubu ilə ona vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Miras əmlakın qəbulu üçün aidiyyatı üzrə notariat ofisinə müəyyənləşdirilmiş müddət ərzində müraciət etməməyinin əsas səbəbi odur ki, əmisi X3 vəfatı ona çox pis təsir etmişdi. Mərhum demək olar ki, ona ata əvəzi idi. Üzərində çox böyük-haqqı var idi. Onun vəfatından sonra uzun müddət özünə gələ bilməmiş, dərin psixoloji depressiyada olmuşdur. Özünə təzə gəlib miras əmlakın qəbulu üçün aidiyyatı üzrə notariat ofisinə müraciət etmək istədikdə 44 günlük Vətən müharibəsi başlamış və həmin dövrdə o, bütün Azərbaycan xalqı kimi Ali Baş Komandanımızın ətrafında sıx birləşərək, 30 il yağı düşmənin işğalı altında olan Vətən torpaqlarımızın azad olunmasından başqa heç nə barəsində düşünə bilməmişdir. Həmçinin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ərzində müraciət etməyinə dünyada və ölkəmizdə tüğyan edən pandemiya və onun yaratdığı məhdudiyyətlər də təsir etmişdir. Bunlar həm vətəndaşların sərbəst hərəkət etməsinə, həm də məhkəmələrinin iş rejiminə qoyulan məhduduiyyətlərdən ibarət olmuşdur. COVİD-19 infeksiyasına yoluxanların və bu infeksiyadan ölən insanların sayının çox olması onda elə qorxu yaratmışdır ki, uzun müddət ərzində ümumiyyətlə yaşayış yerini tərk etməmişdir. Yalnız son vaxtlarda, ölkə başçısının beynəlxalq arenada olan nüfuzu nəticəsində ölkəmizə gətirilməsi mümkün olmuş vaksinlərlə aparılmış vaksinasiya nəticəsində COVİD-19 infeksiyasına yoluxanların və bu infeksiyadan həyatlarını dəyişən insanların sayında müşahidə olunan pozitiv dinamikanı görəndən sonra onda olan qorxu hissi azalmış və o, məhz bundan sonra mirasın qəbul edilməsi üçün ünvan 1 müraciət etmişdir. Ona miras qalmış torpaq sahəsini, mərhum X5 03.11.2019-cu il tarixdə ona vəsiyyət edən gündən, əkib becərir, yəni əmlakı idarə etməklə ona faktiki sahiblik edir. Bu da tərəfindən mirasın qəbul edildiyini şəksiz nümayiş etdirir. Qeyd olunanlara əsasən məhkəmədən 11.04.2020-ci il tarixdə vəfat etmiş X2 qalmış Qazax rayonu, İİ Şıxlı kəndində yerləşən 0,4903 ha torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəblərini üzürlü sayaraq mirasın qəbul edilməsi vaxtını uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib əlavlə olaraq bildirdi ki, o uzun müddət xəstəlik keçirmiş və ev şəraitində müalicə olunmuşdur. Ona görə də, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh AR Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Notariat kontoru məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən, məhkəmə cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat kontorunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0.4903 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 24.09.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 03.11.2019-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X1 rayonu, İkinci Şıxlı kəndində yerləşən 0.125 ha torpaq sahəsini və 0.4903 ha torpaq sahəsini İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı Notariat kontorunin notariusu tərəfindən İddiaçı ünvanlanmış 03.06.2021-ci il tarixli, 386 nömrəli məktubdan görünür ki, İddiaçı 11.04.2020-ci il tarixində vəfat etmiş X2 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair ərizəsinə baxılmış və göstərilən miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Belə ki, X3 11.04.2020-ci ildə vəfat etməsinə baxmayaraq indiyə qədər miras əmlakın qəbulu barədə notariat kontoruna ərizə ilə müraciət etməmişdir. Miras əmlakının qəbulu üçün müddəti yalnız məhkəmə üzürlü sayarsa, bərpa edə bilər. Qeyd edilənləri və Notariat haqqında qanunun 40-cı maddəsinə əsasən ona vərəsəlik haqda şəhadətnamə verilməsindən imtina olunmuş və müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 11.04.2020-ci ildə Sumqayıt şəhərində ölmüşdür. Məhkəmə iclasında işin araşdırılan halları və iş materiallarına əlavə edilmiş digər sənədlərdən müəyyən edildi ki, 2016-cı ildə vəfat etmiş X4 vəfatından sonra İddiaçı ərizəsində qeyd olunan hallarla bağlı, pandemiya ilə bağlı xəstəliklər nəticəsində, həmçinin özü xəstə olduğu üçün notariat notariat ofisinə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının mahiyyətindən göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbini məhkəmə o halda üzrlü hesab edərək bərpa edir ki, şəxsin həmin hərəkəti etməsi onun özündən asılı olmayan səbəbdən qeyri-mümkün olsun. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 11.04.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Qazax rayonu, İİ Şıxlı kəndində yerləşən 0,4903 ha torpaq sahəsinə dair müddətin ötürülməsi üzrlü hesab edilməli və mirasın qəbul edilmə müddəti uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı 11.04.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Qazax rayonu, İİ Şıxlı kəndində yerləşən 0,4903 ha torpaq sahəsinə dair müddətin ötürülməsi üzrlü hesab edilsin və mirasın qəbul edilmə müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar