Məhkəmə qərarları › İş №2(060)-531/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-531/2024

05.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-531/2024 05.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X2 Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İstahsalat Birliyinə qarşı «borcunun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona məxsus Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Sintez” B/Y 744 saylı fərdi yaşayış evinə dair əsassız olaraq hesablanmış itirilmiş qazın bərpası məqsədi ilə tələb olunan 777 manat 60 qəpik borcun silinməsi, eləcə də müdaxilə edilmiş sayğacın dəyəri olan 87 manat 08 qəpik məbləğində pulun ondan tələb edilməsinin əsassız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxx 1975-ci il tarixdə anadan olmuşdur. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdehin qanunsuz tələbləri ilə bağlıdır. İlkin öncə qeyd etmək istəyir ki, sayğac əvvəlki mülkiyyətçinin adına rəsmiləşdirilmişdir. Lakin sözügedən fərdi yaşayış evi faktiki olaraq onun mülkiyyətindədir. İşin faktiki halı ondan ibarətdir ki, cavabdeh tərəfindən ona məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı təxminən 3 ay əvvəl dəyişdirilmiş və yeni sayğac qoyulmuşdur. Qeyd edir ki, sayğacın dəyişdirilməsinə səbəb istismar müddətinin keçməsi olmuşdur. Üzərindən bir müddət keçdikdən sonra cavabdeh tərəfindən bildiriş göndərilərək itirilmiş qaz sərfi ilə bağlı əsassız olaraq 777 manat 60 qəpik borcun və guya müdaxilə olunmuş sayğacın dəyəri olaraq 87 manat 08 qəpik pul tələb olunması barədə məlumat verilmişdir. Cavabdeh tərəfindən qaz sayğacına laboratoriyada baxış keçirildiyi və bu zaman sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğacın çıxış plastmas borusu deşilib və sayğacın istismara yarasız olduğu bildirilmişdir. Qeyd edir ki, borc barəsində yenicə xəbər tutmuşlar. Belə ki, cavabdeh qeyd olunan məbləğdə qaz borcunun olduğunu qeyd etmişdir. Nəticədə itirilmiş qazın bərpası olaraq 777 manat 60 qəpik borc və guya müdaxilə edilmiş sayğacın dəyəri olaraq 87 manat 08 qəpik pul hesablanmışdır. Hesab edir ki, cavabdehin ondan tələb etdiyi pul məbləği tamamilə uydurma, cəfəngiyyat və qanunsuzdur. Bundan əlavə bildirmək istəyir ki, sözügedən evdə o, daimi yaşamır və arabir gedib-gəlir. Cavabdehin ondan qeyd olunan məbləğləri tələb etməsi üçün heç bir əsası yoxdur. Qeyd etdiyi kimi sayğac mənzildən çöldə quraşdırılmışdır və məsuliyyəti o halda ona aid olardı ki, onun mənzilində quraşdırılasaydı. Qanunvericiliyin tələblərinə uyğun olaraq, sayğaca baxış keçirilən zaman abonentin iştirakı təmin edilməli, abonent iştirak etmək istəmədiyi haldə isə müvafiq akt tərtib edilməlidir. Lakin cavabdeh heç bir hərəkət etməmiş, öz başına qanuna zidd olaraq sayğaca baxış keçirdikdən sonra özündən borc hesablamışdır. Bu səbəbdən də sayğaca istehlakçının iştirakı olmadan baxış keçirilməsi və bu cür nəticəyə gəlinməsini əsassız hesab edir. Qeyd olunanlardan da göründüyü kimi cavabdeh tərəfindən hesablanmış borc tamamilə əsassız və qanunsuzdur. Həmin borc köhnə mülkiyyətçinin vaxtında olmuş borcdur. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, ədalətli məhkəmə araşdırması nəticəsində həmin borc silinməlidir. İddiaçı məhkəmədə iştirak edən zaman eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı mənzili alan zaman borc barədə iddiaçıya arayış təqdim olunmuşdur. Bu səbəbdən hesab edirlər ki, hesablanmış borc iddiaçı tərəfindən tam ödənilməlidir. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 6480 m3. İşdə olan Cavabdeh İB-nin əməkdaşları C.Ağayev, B.Abbasov və R.Ağayevin iştirakları ilə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, xx.xx.2023-cü il tarixli “akt”ın surətindən görünür ki, Metrologiya Departamentinin rəyinə əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Sintez” B/Y 744 saylı fərdi evə aid sayğaca baxış keçirilən zaman müəyyən olunmuşdur ki, sayğacdan qaz keçir hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın çıxış plastmas borusu deşilib. Sayğac istismara yararsızdır. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, Məmmədov Kənan Pənah oğluna məxsus Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi 6 ünvanına akt əsasında 777,60 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB Sumqayıt QİS tərəfindən mənzilin köhnə sakini K.Məmmədova ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, ünvanında olan G-4 markalı **********0 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın çıxış plastmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 87,08 manat ABB Sumqayıt filialı AZ751BAZ******************** nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X4 müraciət olunacaqdır. İşdə olan 22 iyul 2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, Məmmədov Kənan Pənah oğlu Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Sintez” B/Y 744 ünvanında yerləşən torpaq sahəsini mənzili İddiaçı 5400 manata satmışdır. İşə əlavə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Sintez” B/Y 744 saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 13.6-cı maddəsinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam həcmdə ödənilməzsə, məhkəmə qərarı ilə dayandırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (krediorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublukası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tətəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalniz məhkəmə iclasında tadqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə araşdırılan işdən göründüyü kimi yaranmış borc məbləği məhz iddiaçının yaşadığı ünvanla bağlı olmuş və iddiaçı da bunu mübahisələndirməmişdir. İddiaçının mübahisələndirdiyi hal həmin borcun onun deyil, əvvəlki mülkiyyətçinin yaşadığı və istifadə etdiyi dövrə təsadüf etməsi olmuşdur. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 572.1 -ci maddəsinin tələbinə görə alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Həmin Məcəllənin 572.2-ci maddəsinə əsasən bu Məcəllənin 572.1 -ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi iddiaçı sözügedən mənzili əvvəlki mülkiyyətçidən alqı-satqı yolu ilə əldə edərkən yüklü şəkildə qəbul etmiş və müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, borcun əvvəlki istehlakçı, yoxsa sonrakı istehlakçı tərəfindən yaranmasının fərqi yoxdur, istənilən halda yaranmış borc ödənilməlidir. Başqa sözlə mübahisələndirilən borc məbləğinin evin əvvəlki və ya sonrakı mülkiyyətçisinə aid olmasından asılı olmayaraq, elektrik təchizatı müəssisəsi bununla bağlı risk daşımır. Əks halda borcun kimin tərəfindən yaranmasından asılı olmayaraq bu cür hallar elektrik təchizatı müəssisəsinin mənafeyinə zərər vurmaqla yanaşı, həm də elektrik təchizatı müəssisəsi ilə istehlakçılar arasında qeyri-müəyyən presedentinlərin yaranmasına səbəb ola bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh İstahsalat Birliyinə qarşı «borcunun silinməsi tələbinə dair» iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar