Məhkəmə qərarları › İş №2(060)-5335/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5335/2025

25.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5335/2025 25.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt Regional Enerji Təchizatı Satış İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, forma məzmun) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, İddiaçı cavabdeh Sumqayıt Regional Enerji Təchizatı Satış İdarəsinə qarşı borcun silinməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ondan sayğacın dəyəri kimi tələb etdiyi 5600 manat məbləğində borcun silinməsi, hesablanmış borcun hansı dövrə, hansı sərfiyyat göstəricisinə və hansı hesab üsuluna əsasən aparıldığı barədə məlumat verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 36.9. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 54.2. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir.

Məhkəmənin mövqeyi

4. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

5. İddiaçı cavabdeh tərəfindən hesablanmış borcun silinməsini xahiş etsə də, iddia tələbinin əsası kimi istinad etdikləri hallar iddia ərizəsinin məzmununda qeyd edilməmiş, həmçinin borcun mövcudluğu, borcun silinməsinə əsas olmuş faktlar və hallarla bağlı hər hansı sübut (abonent kodu, abunə haqqında məlumat və s.) və bu halları təsdiq edən sübutların siyahısı iddia ərizəsinə əlavə edilməmişdir.

6. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində cavabdeh kimi "xxxx" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı Satış İdarəsini göstərmişdir. Halbuki, idarə hüquqi şəxs olmadığından məhkəmədə tərəf kimi çıxış edə bilməz.

7. Odur ki, iddia ərizəsinin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun verilmədiyinə geri qaytarılmalıdır.

8. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddiaçı cavabdeh Sumqayıt Regional Enerji Təchizatı Satış İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar