Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5343/2021 08.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı aktın ləğv edilməsi və akt üzrə hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 08 iyul 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaranma əsasları bəlli olmayan 17.05.2021-ci il tarixli aktın ləğv edilməsi və akt əsasında yazılmış 200 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinə dəqiqləşmə təqdim edərək, 17.05.2021-ci il tarixli aktın ləğv edilməsi və akt əsasında yazılmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, Sumqayıt şəhəri, 5-ci mkrn, ev-34/69, mənzil-49 ona məxsusdur. Hazırda həmin mənzildə o və 6 nəfərdən ibarət ailə tərkibi ilə yaşayır və ailə təsərrüfatlarını idarə edir. Ötən müddət ərzində həmin mənzildə, hamı kimi onlar da təbii qazdan istifadə etmiş, dəyərini vaxtlı-vaxtında ödəmiş, təbii qazdan istifadəyə görə borcları olmamışdır. Həmin mənzilə pilləkən qəfəsində “G- 4” tipli ******* №-li sayğac quraşdırılmış və istifadə edilən qazın dəyəri sayğacın göstəricilərinə uyğun olaraq istifadə edilmiş qaz sərfıyyatı həcmində tam ödənilmiş və qazdan istifadəyə görə heç bir borcu olmamışdır. Lakin, cavabdehin qərəzli hərəkətləri nəticəsində, mənbəyi və səbəbi məlum omayan borc hesablanmışdır. “Azəriqaz” İB-nin Sumqayıt QİS sayğacların dəyişdirilməsi adı ilə onlara məxsus sayğacı çıxarıb aparmış və üzərindən bir müddət keçdikdən sonra yeni sayğac əvəzinə onlara təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 17.05.2021-ci il tarixli akt təqdim edilmiş və ona 216 manat borcu olduğu bildirilmişdir. Təqdim edilmiş akt adlanan kağızdan heç bir şey başa düşməsə də, nəzarətçinin bildirdiyinə görə guya sayğaca müdaxilə etmiş və buna görə də cərimələnmişdir. Heç bir zaman mənzildən kənarda yerləşən sayğaca müdaxilə etməmiş, ona müdaxilə imkanı və buna dair heç bir bacarığı yoxdur. Cavabdeh tərəf nə sayğacın çıxarılması zamanı, nə də aktın tərtib edilməsi zamanı ona heç bir məlumat verməmişdir. Sayğaca müdaxilə olunmasından yalnız və yalnız nəzarətçinin onlara gətirdiyi solğun, oxunması mümkün olmayan kağız parçasının təqdim edilməsindən sonra xəbər tutmuş və dərhal da aktın ləğv edilməsi, onun əsasında itirilmiş təbii qaza görə hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirmişdir. Vizual baxış zamanı sayğacın giriş membranını hərəkətə gətirən qolların əridiyi aşkar edilmiş, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Buna görə də «Azəriqaz» İB-nin tərəfindən 17.05.2021-ci il tarixli, ******* nömrəli saylı akt tərtib edilmişdir. Bundan başqa həmin sayğac Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən mübahisəli ünvandan çıxarılmış sayğacın giriş membranını hərəkətə gətirən qolların əridiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Hesab edir ki, akt tam qanuni və əsaslıdır. Göstərilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 2 ünvanında İddiaçı adına 08.02.2021-ci il tarixdə açılmış sayğaca əsasən ona təbii qazdan istifadəyə görə 216 manat borc hesablanmışdır. İş materiallarında olan 17.05.2021-ci il tarixli, ******* nömrəli akta əsasən, ünvan 1 ünvanında İddiaçı adına açılmış G-4 markalı ******* nömrəli sayğacın giriş membranını hərəkətə gətirən qollar ərimişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər icra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 7 saylı Mənzil Kommunal Sahəsinin 02.06.2021-ci il tarixli, 851 saylı arayışına əsasən, İddiaçı ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan «Azəriqaz» İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 17.05.2021-ci il tarixli, ******* nömrəli akta əsasən tərtib edilmiş 18.05.2021-ci il tarixli hesabatdan görünür ki, ünvan 2 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 2160 m3 (216 manat) müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri 5-ci mikrorayon, ev 34/69, 49 saylı mənzilin qaz sayğacı mənzildən kənarda pilləkan meydançasında quraşdırılmışdır. Cavabdeh «Azəriqaz» İB-nin əməkdaşları iddiaçıya məxsus qeyd edilən evə gələrək, sözügedən mənzilə quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş, həmin ünvandan çıxarılan sayğacı dövlət yoxlamasına göndərmiş, sayğacda aşkar edilmiş nasazlıqla bağlı iddiaçıya borc hesablamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı ünvan 2 ünvanına quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından onun barəsində tərtib edilmiş ******* saylı akt əsasında əsassız olaraq hesablanmış 216 manat məbləğində cərimə borcu silinməlidir. Məhkəmə onu da qeyd edir ki, “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt X3 tərəfindən tərtib edilmiş 17.05.2021-ci il tarixli aktın etibarsızlığı üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşilərək sayğaca müdaxilə edildiyi faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 34/69, 49 saylı mənzilə (abonent kodu: **********00490) əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat məbləğində cərimə borcu silinsin. “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt X3 tərəfindən 17.05.2021-ci il tarixdə tərtib edilmiş ******* nömərli aktın etibarsız hesab edilməsi hissəsində iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5343/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5343/2021
08.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver