Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5346/2023 09.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X3, İddiaçı və cavabdeh “Azəriqaz” İstahsalat X1 iştirakları ilə İddiaçı cavabdeh “Azəriqaz” İstahsalat Birliyi Sumqayıt Qaz İstismar sahəsinə qarşı «aktın ləğv olunması və akt əsasında hesablanmış əsassız borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Gejə qondu “Metallurq” küçəsi, ev 486A-da istifadə olan qaza görə quraşdırılmış qaz sayğacına müdaxilə edilməsi barədə xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi və 22 fevral 2023-cü il tarixli tələbnaməyə əsasən itirilmiş 34560 m3 qazın bərpası üçün hesablanmış 4147.20 (dörd min yüz qırx yeddi manat, 20 qəpik) borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı dəqiqləşmə verərək, cavabdeh “Azəriqaz” İstahsalat Birliyi Sumqayıt Qaz İstismar sahəsinin digər cavabdeh “Azəriqaz” İstahsalat Birliyi ilə əvəz edilməsini məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Gejə qondu “Metallurq” küçəsi, ev 486A mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzildə o, və ailə üzviləri qeydiyyatdadır. xx.xx.2019-cu il tarixində Smart G-4 İTRON GALLUS PAY tipli qaz sayğacının quraşdırılması işləri həyata keçirilmişdir. xx.xx.2023-cü ildə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilsə də, həmin akt tərəfindən imzalanmamışdır. Aktda qeyd olunmuşdur ki, baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar rezin boru vasitəsilə qoşularaq qeyri-qanuni istifadəsi aşkar olunmuşdur. Tələb olaraq kənar xəttin ləğv edilməsi və dəymiş ziyanın hesablanması göstərilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədə isə dəymiş ziyanın həcmi hesablanıb 34560m3 müəyyən edilmişdir. Göstərilən səbəblərdən də onun barəsində xx.xx.2023-cü il tarixdə, ******* saylı akt tərtib olunmuş, ona ünvanlanan borcun olmasında dair bildirişdə təbii qazdan qeyri qanuni istifadə nəticəsində dəymiş ziyana görə 4147.20 manat məbləğində borc hesablanması qeyd olunmuşdur. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadə ilə günahlandırılmış və əsassız olaraq ona 4147.20 manat məbləğində borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə dəfələrlə bildirsə də, hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişdir. İlk növbədə bildirir ki, Sumqayıt şəhəri, Gecə qondu “Metallurq” küçəsi, ev 486A mülkiyyət hüququ əsasında ona məxsus olsa da və qeydiyyatı həmin ünvan olsa da, o, uzun bir müddət həmin ünvanda deyil, ailəsi ilə birlikdə Ağcabədi rayonunda yaşamış və sözügedən fərdi evdə yaşayış olmamışdır. Həmçinin abonentin saldosunda qaz cihazlarının 4 gözlü qaz plitələri (PQ-4) (1/1) Samovar (1/1) olması göstərilir. Sadəcə göstərilən bu cihazlardan 4147.20 manat borcun yığılması ağlabatan deyil. Bundan əlavə, bildirmək istəyir ki, qaz sayğacına rezin boru qoşulması ilə təbii qazdan qeyri-qanuni istifadədən heç xəbəri belə olmamışdır. O, həmin sayğacın göstəricilərinə uyğun istifadə olunan qaza görə ödənişləri müntəzəm ödəmişdir. Əgər qeyri-qanuni istifadə edirdisə, müntəzəm ödənişləri etməzdi. Bu qanunsuzluq cavabdeh təşkilat tərəfindən digər istehlakçılara qarşı çox istifadə olunur. Hesab edir ki, cavabdehin ona qarşı tələbi bəhanədən başqa bir şey deyildir. Qazdan istifadəyə dair münasibətləri nizamlayan cavabdeh ilə onun arasında bağlanmış müqavilənin müddəalarına əsasən qaz sayğacının kənar müdaxilələrdən qorunması vəzifəsi qaz istehlakçısının vəzifələri sırasına daxil edilməmişdir. Lakin bildirir ki, tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə və saldodan göründüyü kimi əvvəl də hər hansı bir borcu olmamışdır, müntəzəm ödənişləri olmuşdur. Göstərilən borc miqdarı isə 2023-cü ilin yanvar-fevral aylarında birdən ortaya çıxmışdır. Bir daha qeyd etmək istəyir ki, saldoda göstərilən cihazlarla 2 ay ərzində bu qədər qaz sərfiyyatının edilməsi məntiqli deyildir. Belə olan halda onun hər hansı bir şəkildə bu borca görə məsuliyyət daşımağı absurddur. İddiaçı iddia ərizəsini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin nümayəndəsi F.V.Əlməmmədova iddia tələbini qəbul etməyərək bildirdi ki, son 4 ildi sözügedən mənzildə yaşayış olmuş və qaz sərfiyyatından istifadə olunmuşdur. Kənar xəttin çəkilməsi barədə onlarda video görüntüdə var. Video görüntüdəndə sübut olunur ki, qaz sayğacına müdaxilə olunmuşdur. “Azəriqaz” İstehsalat Birliyi dövlət təşkilatıdır onun nə fiziki nə də hüquqi şəxslərlə heç bir şəxsi qərəzi yoxdur. Onun məqsədi dövlət əmlakını qorumaqdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İşə əlavə olan xx.xx.2023-cü il tarixli “Azəriqaz” İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 34560 m3. İşdə olan “Azəriqaz” İB-nin əməkdaşları E.Mehdiyev, S.Şahverdiyev və C.Ağayevin iştirakları ilə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, xx.xx.2023-cü il tarixli “akt”ın surətindən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Gejə qondu, Metallurq küçəsində yerləşən 486A saylı evə aid sayğac abonent tətbiq qazdan sayğacdan kənar rezin boru vasitəsilə qoşularaq qeyri-qanuni istifadə edir. Kənar xətt ləğv edilmiş və dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Gejə qondu, “Metallurq” küçəsi, ev 486A-ya akt əsasında 4147,20 manat borc hesablanmışdır. “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarına əsasən sayğacların işlək vəziyyətdə saxlanması üçün məsuliyyəti istehlakçı deyil, qaz paylayıcısı olan Sumqayıt Qaz İdarəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə qismən sübuta yetirildi. Belə ki, iş materiallarında olan fotoların surətindən görünür ki, iddiaçı tərəfindən yaşadığı evə aid qaz sayğacına müdaxilə olunması halı aşkar olunmuşdur. Lakin həmin müdaxilənin iddiaçı tərəfindən olunması müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə il ərzində orta aylıq sərfiyyatı nəzərə alaraq hesab edir ki, iddiaçının yaşadığı evə akt əsasında hesablanmış borc kimi 4147,20 manatdan 3801 manat 30 qəpik borc silinməlidir, 345 manat 90 qəpik isə iddiaçı tərəfindən ödənilməlidir (4741.20 :12=345,90). Eyni zamanda Məhkəmə iddia tələbinin tərtib edilmiş 22 fevral 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi hissəsini araşdıraraq, hesab edir ki, aktın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, tərtib edilmiş akt həmin sayğaca müdaxilə ilə bağlı olmuş və sayğaca müdaxilə olunması məhkəmədə öz təstiqini tapmışdır. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, Gejə qondu “Metallurq” küçəsi, ev 486A-ya əsassız olaraq hesablanmış 3801 (üç min səkkiz yüz bir) manat 30 (otuz) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Tağızadə Gülnarə
Məhkəmə qərarları › İş №2(060)-5346/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5346/2023
09.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver