Məhkəmə qərarları › İş №2(060)-5358/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5358/2021

23.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5358/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X5 nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras almış əmlaka payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Asan Xidmət mərkəzinin Notariat ofisində Fərəcov Xəyyam Çingiz oğlunun adına 12.09.2017-ci il tarixində 2V-790 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş ******* reyestr nömrəli 29.09.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, Fərəcov Çingiz Heydər oğlundan miras qalmış ünvan 1, 35 saylı mənzilə dair İddiaçı miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum Fərəcov Çingiz Heydər oğlu ilə 07 noyabr 2006-cı il tarixində rəsmi nikha daxil olmuşlar və uzun müddət ünvan 1 ünvanında yerləşən 35 saylı mənzildə birgə yaşamış və təsərrüfatı birgə idarə etmişlər. 09 yanvar 2017-ci il tarixində Fərəcov Çingiz Heydər oğlu vəfat etmişdir. İddiaçının həyat yoldaşı Fərəcov Çingiz Heydər oğlu vəfat etdikdən sonra mərhumun birinci nikahdan olan övladları X17 və Cavabdeh2 mərhumun həyat yoldaşına qarşı aqressiv davranaraq uzun müddət yaşadıqları evdən qanunsuz məcburi çıxartmışlar. Ardınca gizlində ona və notariusa xəbər vermədən mərhumun miras əmlakına qanun üzrə vərəsəlik şəhadətnaməsi alaraq mənzili mülkiyyətlərinə keçirtmişlər. Mərhumun övladlarının qanunsuz real təzyiq və hədə-qorxu davranışlarından uzun müddət iddiaçı notariusa müraciət edib qanun üzrə ona düşəcək payı istəyə bilməmişdir. Həm də iddiaçı övladların mütəmadi dedikləri məlumata etibar edib hesab etmişdir ki, ümumiyyətlə vərəsəlik açılmamış və miras qəbul edilməmişdir. 15 fevral 2021-ci il tarixində Fərəcov Xəyyam Çingiz oğlu vəfat etdikdən sonra iddiaçı birgə nikahdan olan mənzilə qanun üzrə vərəsəlik payını almaq üçün notariusa müraciət etmişdir. Lakin, ona məlum olmuşdur ki, mərhumun övladları ona xəbər vermədən və notariusa yalan məlumat verərək mənzilə dair qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə almışlar, sonra mənzili Fərəcov Xəyyam Çingiz oğlu mülkiyyətinə keçirtmişdir. Cavabdeh Notarius öz növbəsində qanun üzrə vərəsələrin siyahısını müəyyən etməmiş, araşdırma aparmadan yalnız mərhumun övladlarının verdikləri məlumatla kifayətlənərək qısa zamanda övladlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bununla da iddiaçının konstituon və bir sıra mülki hüquqları kobud və qanunsuz şəkildə pozularaq onun həm qanunla vərəsəlik hüquqlarını realizə etmə imkanı, həm də qanunla ona düşən əmlak payı əldə etmək imkanı faktiki və hüquqi olaraq qanunsuz şəkildə itirilmişdir. Həmin vəziyyətdən sui-istifadə edən Fərəcov Xəyyam Çingiz oğlunun həyat yoldaşı Fərəcova Səadət notariat kontoruna müraciət edib eynilə notariusa yalan məlumat verərək mənzilə tam hüquqla vərəsəlik payı tələb edərək ərizə vermişdir. AZ-İ № 277902 saylı 07 noyabr 2006-cı il tarixli nikah haqqında şəhadətnaməyə əsasən aydın olur ki İddiaçı və miras qoyan Fərəcov Çingiz həqiqətən 07 noyabr 2006-cı il tarixindən rəsmi nikahda olmuşlar. İddiaçının mərhumdan boşanması ilə bağlı heç bir rəsmi və qeyri-rəsmi məlumat yoxdur. Yəni, həqiqətən iddiaçı uzun müddət miras açılmış mənzildə miras qoyanla öldüyü günədək birgə yaşamışdır. İddiaçı tərəfindən təkrar alınmış AZ-İİ 092347 saylı 13 yanvar 2017-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən aydın olur ki, iddiaçının həyat yoldaşı Fərəcov Çingiz 09 yanvar 2017-ci il tarixində vəfat edib. Cavabdeh Sumqayıt Regional Asan xidmət mərkəzində notariat kontorundan 27 aprel 2021-ci il tarixində əldə edilmiş vərəsəlik dosyesində olan sənədlərdən aydın olur ki, həqiqətən iddiaçının vərəsəlik işindən heç bir məlumatı olmayıb. Belə ki, vərəsəlik dosyesinin üstündə qeyd edilib ki, vərəsəlik hüququ əldə etmə prosesi 12 sentyabr 2017-ci il tarixində başlanılıb və 12 sentyabr 2017-ci il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 12 sentyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Fərəcov Xəyyama atası Fərəcov Çingiz Heydər oğluna məxsus qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, bina 2, 35 saylı mənzil 1/1 hissədə pay, tam şəkildə verilib. Asan xidmət mərkəzində Günay Bank ASC-nin 12 sentyabr 2017-ci il tarixli mədaxil qəbzindən aydın olur ki, həmin gün Fərəcov Xəyyam vərəsəlik işi ilə bağlı dövlət rüsumu ödənişi etmişdir. İlkin alınmış AZ-İ № 847868 saylı 13 yanvar 2017-ci il tarixli ölüm haqqında şəhadətnamədən aydın olur ki, övladlar miras əmlakı qəbul etmək üçün iddiaçıdan gizli şəkildə şəhadətnamə almışdırlar. İlkin alınmış AZ-İ № 077272 saylı 17 fevral 2004-cü il tarixli ölüm haqqında şəhadətnamədən aydın olur ki, miras qoyanın övladları birinci nikahda olan öz doğma analarının vəfatı ilə bağlı rəsmi məlumatı notariusa təqdim ediblər. Miras qoyanın ikinci nikahı barədə heç bir məlumat verməmişlər. 04 aprel 2017-ci il tarixli 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 04 aprel 2017-ci il tarixli 26 və 35 № arayışlarda qeyd edilib ki, mərhum Fərəcov Çingiz vəfat etdiyi tarixədək göstərilən ünvanda öz ailə üzvləri ilə birgə yaşamışlar və qeydiyyatda olmuşlar. Ailə üzvü kimi yalnız övladları qeyd edilib. Lakin, iddiaçı barədə heç bir məlumat yoxdur. 04 aprel 2017-ci il tarixində notariusda vərəsə kimi qeyd edilən Cavabdeh2 özünə düşən paydan qardaşı Fərəcov Xəyyamın xeyrinə imtina edib. 06 aprel 2017-ci il tarixli ərizədə Fərəcov Xəyyam Çingiz oğlu Sumqayıt Asan xidmət Mərkəzində Notariat kontorunda rəsmi qeyd edib ki, miras qoyanın AR MM-in 159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarus tərəfindən ona izah edilib. Göstərilən əmlaka qanun üzrə vəsələlik hüququ haqqında şəhadətnamə verilməsi üçün AR MM-nin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələr yoxdur. İmzası ilə təsdiq edib. 14 may 2004-cü il tarixində qeydə alınmış 16035 № ilə reyestr kitabında qeydə alınmış qeydiyyat vəsiqəsindən aydın olur ki, ünvan 1, 35 saylı mənzil Fərəcov Çingizin mülkiyyətindədir. 12 sentyabr 2017-ci il tarixli Daşınmaz Əmlakın yüklülüyünə dair Arayışdan məlum olur ki, mənzilin mülkiyyətçisi yalnız Fərəcov Çingiz Heydər oğludur, vərəsələrdən heç kimin mənzilə dair hüquqları dövlət qeydiyyatına alınmayıb. 12 sentyabr 2017-ci il tarixli cavabdehin AR Əmlak məsələləri Dövlət komitəsinin DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə ünvanladığı müraciətdən aydın olur ki, qeyd edilən mənzilə dair Fərəcov Xəyyam Çingiz oğluna verilmiş 12 sentyabr 2017-ci il tarixli 2V-790 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş vərəsəlik hüququ əsasında şəhadətnaməni daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün göndərilib. № ******* 29 sentyabr 2017-ci il tarixli AR Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRXnin Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan məlum olur ki, mübahisə edilən mənzil tam hüquq üzrə yalnız vərəsə Fərəcov Xəyyam Çingiz oğluna mülkiyyətinə keçmişdir. Qeyd edilən rəsmi sənədlərdən və vərəsəlik dosyesindən aşkar görünür ki, notariat kontoru tərəfindən 1 gün ərzində heç bir araşdırma aparmadan, həqiqi vərəsələri, onların paylarını müəyyən etmədən vərəsə Fərəcov Xəyyama qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Vərəsələr iddiaçı barədə məlumatı gizlətməklə yanaşı, həm də rəsmi sənədlərə saxta məlumatları yazdırıb notariat kontoruna təqdim etməklə miras əmlakı qanunsuz şəkildə ələ keçirtmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Fərəcov Xəyyam Çingiz oğlunun qanunsuz real təzyiq və hədə-qorxu davranışlarından uzun müddət iddiaçı notariusa müraciət edib qanun üzrə ona düşəcək payı istəyə bilməmişdir. Belə ki, Fərəcov Xəyyam Çingiz oğlu narkotik vasitələrin aludəçisi olmuşdur. Ölüm səbəbi də bununla bağlı olmuşdur. Bu səbəbdən iddiaçı ondan qorxmuş, miras əmlakı təşkil edən mənzili də bu səbəbdən tərk etmişdir. İddiaçı dəfələrlə Xəyyamın onu mənzildən çıxartmağa məcbur etməsi ilə bağlı 102 xidmətinə müraciət etmişdir. Vəkil sorğusu ilə həmin xidmətə müraciət etsə də, oradan ona məlumatların müəyyən müddətdən artıq saxlanılmadığı bildirilmişdir. İddiaçı bu müddətdə Xəyyamın mənzilə dair adına sənəd almasından məlumatı olmamışdır. Yalnız onun ölümündən sonra mirasın qəbulu üçün notariusa müraciət etdikdə baş verənlərdən xəbər tutmuşdur. Hesab edir ki, mübahisələndirilən şəhadətnaməni verən notarius da qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, o, qanun üzrə vərəsələrin siyahısını müəyyən etməmiş, araşdırma aparmadan yalnız mərhumun övladlarının verdikləri məlumatla kifayətlənərək qısa zamanda Fərəcov Xəyyam Çingiz oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Nümayəndə əlavə olaraq bildirdi ki, iddiaçı şəhadətnamənin etibarsız hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 1 illik müddəti ötürməmişdir. Belə ki, iddiaçı sözügedən şəhadətnamədən Xəyyamın ölümündən sonra, yəni 2021-ci ilin fevral ayından sonra notariusa müraciət etdikdə xəbər tutmuş, dərhal da onu məhkəmə qaydasında mübahisələndirmişdir. Bu səbəbdən iddia təmin edilməli, şəhadətnamə etibarsız hesab edilməli, onun əsasında verilmiş ******* reyestr npmrəli 29.09.2017-ci il tarixli çıxarış ləğv edilməli, Fərəcov Çingiz Heydər oğlundan miras qalmış ünvan 1, 35 saylı mənzilə dair İddiaçı miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X5 nümayəndəsi Vəkil3 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı cavabdeh Sumqayıt ASAN Xidmət Mərkəzinin notariat ofisinə, X6 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sonradan mülki iş üzrə X13 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbində cavabdeh Sumqayıt “ASAN Xidmət” mərkəzinin notariat ofisində Fərəcov Xəyyam Çingiz oğlunun adma 12 sentyabr 2017-ci il tarixində 2V-790 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini xahiş edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdİn etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin norma kəsici norma hesab edildiyindən ərizə verilib verilməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tədbiq edilməlidir. İddiaçı mərhum miras qoyan Fərəcov Çingiz Heydər oğlunun 09.01.2017-ci il tarixdə vəfat etməsindən məlumatı olmuşdur və həmçinin vərəsəlik işinin açılmasından da məlumatı olmuşdur. Lakin həmin vaxtlar vərəsə olması ilə bağlı notariat kontoruna müraciət etməmişdir. Göründüyü kimi həmin vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirildiyi gündən 4 il 6 ay keçmişdir. İddiaçı cavabdeh Sumqayıt ASAN Xidmət Mərkəzinin notariat ofisinə, X6 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddiasının “cavabdeh Sumqayıt “ASAN Xidmət” mərkəzinin notariat ofisində Fərəcov Xəyyam Çingiz oğlunun adına 12 sentyabr 2017-ci il tarixində 2V-790 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsində müddət ötürüldüyü səbəbindən onun tərəfindən verilən iddia rədd olunmalıdır. Digər tərəfdən mənzilin yerləşdiyi yer üzrə mənzil istismar sahəsinin 16.09.2021-ci il tarixli arayışından görünür ki, 3 saylı MTİİTS-də İddiaçı 2006-cı ildən 2017-ci ilin dekabr ayına kimi göstərilən ünvanda qeydiyyatda olub-olmaması, qeydiyyatsız yaşayıb-yaşamaması barədə hər hansı məlumat yoxdur. X2 Mətanət Xanmurad qızını tanımır. Çingiz Fərəcovun belə bir arvadı olmasından xəbəri yoxdur. Belə ki, Səadətlə Xəyyamın toy şəklindən də görünür ki, toyda Çingiz müəllimin yanında qızı dayanmışdır. Arvadı olsaydı, yəqin ki, o dayanardı. Hesab edir ki, iddiaçı vaxtında mirasın qəbulu üçün notariusa müraciət etməmişdir. Eyni zamanda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində kəsici norma olaraq müddət keçdiyindən iddianın rədd olunması barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən nümayəndə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. X8 ifadəsində bildirmişdir ki, o, ünvan 1, 33 saylı mənzildə yaşayır. O, 2009-cu ildən həmin mənzildə yaşayır. Mərhum Xəyyamla dost olmuşdur. İddiaçı isə cəmi bir dəfə həmin ünvanda görmüşdür. Mətanət deyəsən Çingizin arvadı idi. Rəsmi və ya qeyri-rəsmi olduğunu bilmir. Həmin mənzildə Xəyyam yaşayırdı. Məhkəmənin 30 iyul 2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil2 iddia tələbini qəbul edərək bildirmişdir ki, mərhum Fərəcov Xəyyam Çingiz oğlu Cavabdeh2 qardaşıdır. O, düzgün həyat tərzi keçirtməmişdir. Belə ki, o, narkotik vasitələrin aludəçisi olmuşdur. Bacısı Atlazı notariusda onun xeyrinə ərizə yazmağa məcbur etmişdir. Bu səbəbdən Cavabdeh2 iddianın təmin edilməsini xahiş edir. Vəkil iddianın etiraf edilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin 23 sentyabr 2021-ci il tarixli iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş, Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi məhkəməyə məktub ünvanlayaraq işə onların nümayəndəsinin iştirak olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan AZ-İ № 277902 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X1 Çingiz Heydər oğlu ilə 07 noyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, nikah 442 saylı akt qeydi ilə qeydə alınmışdır. Nikahdan sonra arvada Fərəcova soyadı verilmişdir. İşdə olan AZ-İİ 092347 saylı 13 yanvar 2017-ci il tarixli ölüm haqqında təkrar şəhadətnamədən görünür ki, Fərəcov Çingiz Heydər oğlu 09 yanvar 2017-ci il tarixində kaxeksiyadan ölmüşdür. İşdə olan AZ-İİ 164315 saylı 02 mart 2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Fərəcov Xəyyam Çingiz oğlu 15 fevral 2021-ci il tarixində dəqiqləşdirilməmiş komadan ölmüşdür. İşdə olan AZ-İ 077272 saylı 17 fevral 2004-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Xaşayeva Səlimət Musa qızı 04 fevral 2004-cü il tarixində qara ciyər komasından ölmüşdür. İşdə olan AZ-İİ № 150906 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X3 Xəyyam Çingiz oğlu ilə 08 sentyabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, nikah 3643 saylı akt qeydi ilə qeydə alınmışdır. Nikahdan sonra arvada Fərəcova soyadı verilmişdir. İşdə olan Vİİİ-JQ 347654 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Fərəcov Xəyyam Çingiz oğlu 20.04.1981-ci il tarixdə doğulmuşdur. Atası Fərəcov Çingiz Heydər oğlu, anası X11r. İşdə olan RX seriyalı ******* saylı 29 sentyabr 2017-ci il tarixli AR Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2, mənzil 35 Fərəcov Xəyyam Çingiz oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan 12 sentyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Fərəcov Çingiz Heydər oğlunun vərəsəsi Fərəcov Xəyyam Çingiz oğlu Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, bina 2, 35 saylı mənzildən 1/1 hissədə pay almışdır. İşdə olan İİ-JQ № 331115 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Xaşayeva X20 Çingiz Heydər oğlu ilə 29 avqust 1979-cu il tarixdə rəsmi nikaha daxil olmuş, nikah 3721 saylı akt qeydi ilə qeydə alınmışdır. Nikahdan sonra arvada Fərəcova soyadı verilmişdir. İşdə olan 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 04 aprel 2017-ci il tarixli 408 və 26 saylı arayışlara əsasən mərhum Fərəcov Çingiz Heydər oğlu vəfat etdiyi tarixədək göstərilən ünvanda öz ailə üzvləri ilə birgə yaşamışdır. Ailə üzvləri Fərəcov Xəyyam Çingiz oğlu və Cavabdeh2dır. İş materiallarından görünür ki, Fərəcov Xəyyam Çingiz oğlu Sumqayıt Asan xidmət Mərkəzində Notariat kontoruna 06.04.2017-ci il tarixli ərizə ilə müraciət edərək, miras qoyanın AR MM-in 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrin olubolmaması barədə məlumat verməyinin zəruriliyi notarus tərəfindən ona izah edilmişdir. Ondan başqa Cavabdeh2 adlı vərəsə var. Miras əmlak Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, bina 2, 35 saylı mənzildir. İşdə olan İX-JQ 310599 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.1983-ci il tarixdə doğulmuşdur. Atası Fərəcov Çingiz Heydər oğlu, anası X11r. İş materiallarından görünür ki, Cavabdeh2 06.04.2017-ci il tarixli ərizə ilə Bakı şəhər Asan Xidmət Mərkəzinə müraciət edərək, atasından miras qalmış əmlaklardan ona çatası paydan qardaşı Fərəcov Xəyyam Çingiz oğlunun xeyrinə imtina etmişdir. İş materiallarında olan 14 may 2004-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1, 35 saylı mənzil Fərəcov Çingiz Heydər oğlunun adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəlı gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. İddiaçı iddia tələbini mərhum Fərəcov Çingiz Heydər oğlu ilə rəsmi nikahda olduğu halda, onun ölümündən sonra mirasın açılması zamanı, vərəsə kimi notariusa bildirilməməsi, Fərəcov Xəyyam Çingiz oğlunun ondan gizli şəkildə mirası öz adına keçirtməsi, notariusun qanunvericiliyə zidd olaraq mərhumun vərəsələrini müəyyən etmək üçün heç bir araşdırma aparmadan Fərəcov Xəyyam Çingiz oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar iş materialllarında olan sübutlarla və tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı əri Fərəcov Çingiz Heydər oğlu 09 yanvar 2017-ci il tarixində ölmüşdür. Həmin vaxt İddiaçı ünvan 1, 35 saylı mənzildə yaşamışdır. Sonradan mərhum Çingiz Fərəcovun oğlu Xəyyam Fərəcovun təkidi ilə həmin mənzili tərk etmişdir. Fərəcov Xəyyam Çingiz oğlu Fərəcov Çingiz Heydər oğlundan qalmış miras əmlakın qəbulu üçün notariusa ərizə vermiş, mərhumun özü və bacısından ibarət iki vərəsəsi olduğunu bildirmişdir. İddiaçı vərəsə olması barədə notariusa məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18.07.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Vərəsəlik haqqında mülki qanunvericiliyin müddəalarına görə miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanılması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aid etmək olar. Məhkəmə hesab edir ki, İddiaçı miras əmlakı faktiki olaraq qəbul etmişdir. Belə ki, İddiaçı mərhum Fərəcov Çingiz Heydər oğlu ilə 11 il rəsmi nikahda olması, məhkəmə iclasında şahid qismində ifadə verən miras əmlakın yerləşdiyi binada yaşayan qonşunun da onu tanıması, həmin ünvanda görməsi İddiaçı həmin ünvanda yaşamasını təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək mirasın qəbulu üçün notariusa müraciət etməməsini Fərəcov Xəyyam Çingiz oğlundan qorxması, Xəyyamın onu mənzildən qovması, onun tərəfindən təzyiqlərə məruz qalması ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının bu dəlillərini inandırıcı hesab edir. Belə ki, Cavabdeh2 nümayəndəsi də Fərəcov Xəyyam Çingiz oğlunun sağlığında digər vərəsələrə təzyiq göstərdiyini, o cümlədən Xəyyamın Atlazı onun xeyrinə mirasdan imtina etməyə məcbur etdiyini bildirmişdir. “Notariat haqqında” qanunun müddəalarına görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür (55-ci maddə). Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından mərhum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər (59-cu maddə). Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır (60-cı maddə). Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi mübahisəli şəhadətnaməni verən notarius qanunvericiliyin sözügedən tələblərinə əməl etməmiş, mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görməmişdir. Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı bu hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. Əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələr) Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.1, 337.3, 337.4). Əqdlərin etibarsızlığı haqqında mülki qanunvericiliyi analoji qaydada hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, Sumqayıt Asan Xidmət mərkəzinin Notariat ofisində Fərəcov Xəyyam Çingiz oğlunun adına 12.09.2017-ci il tarixində 2V-790 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən onun etibarsız hesab edilməsi hissəsində iddia tələbi əsaslıdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə onu da qeyd edir ki, AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş ******* reyestr nömrəli 29.09.2017-ci il tarixli çıxarışın verilməsi üçün əsas olmuş sənəd etibarsız hesab edildiyindən iddia tələbi həmin çıxarışın ləğv edilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin Fərəcov Çingiz Heydər oğlundan miras qalmış ünvan 1, 35 saylı mənzilə dair İddiaçı miras payının müəyyən edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Fərəcov Çingiz Heydər oğlu öldüyü vaxt – 2017-ci ilin yanvar ayında onun birinci növbədən sağ üç vərəsəsi olmuşdur: İddiaçı, Fərəcov Xəyyam Çingiz oğlu və Cavabdeh2. Bu səbəbdən məhkəmə hesab edir ki, Fərəcov Çingiz Heydər oğlundan miras qalmış ünvan 1, 35 saylı mənzilə İddiaçı 1/3 hissədə miras payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi haları sübut etməlidir. Göründüyü kimi, MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Sumqayıt Asan Xidmət mərkəzinin Notariat ofisində Fərəcov Xəyyam Çingiz oğlunun adına 12.09.2017-ci il tarixində 2V-790 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. 12.09.2017-ci il tarixində 2V-790 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş ******* reyestr nömrəli 29.09.2017-ci il tarixli çıxarış ləğv edilsin. Fərəcov Çingiz Heydər oğlundan miras qalmış ünvan 1, 35 saylı mənzilə İddiaçı 1/3 hissədə miras payı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar