Məhkəmə qərarları › İş №2(060)-5378/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5378/2021

17.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5378/2021 17.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 17 avqust 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20.11.2020-ci ildə ******* nömrəli akta əsasən abonent saldosunda göstərilən 216 manat cərimənin və sayğacın dəyəri olan 185,73 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 4, 26 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Bunu 26.08.2016-cı ildə verilmiş RX seriyalı 088505 nömrəli çıxarış da təsdiq edir. «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən mənzilinə quraşdırılmış smartkart tipli qaz sayğacı mexaniki tipli yeni qaz sayğacı ilə əvəz olunmuşdur. Bu barədə “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 02.06.2020-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Mənzilindən çıxarılmış mexaniki tipli yeni qaz sayğacı İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və X4 Kalibirləşmə Laboratoriyasında saxlanılmış və tərtib edilmiş sayğacın element yuvasının qapağının alt hissədən sınıq olması və nəticədə sayğacın Alarm-1 rejiminə düşdüyü aşkar edildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20.11.2020-ci ildə ******* nömrəli akt tərtib edilmiş və sözügedən akta əsasən ona 216 manat cərimə hesablanmışdır. O, cavabdeh tərəfindən tərtib olunmuş aktlarla razılaşmır. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmiş və bu səbəbdən abonent saldosunda göstərilən 216 manat və sayğacın dəyəri kimi 185,73 manat borc məbləğini əsassız hesab edir. Hal-hazırda mənzilə təbii qazın verilməsi dayandırılmışdır. Aktların tərtibində iştirak etməmiş və aktları imzalamamışdır. Qeyd edir ki, qaz sayğacı mənzilin blokunda yerləşir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə o, günahkar deyildir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 4, 26 saylı mənzilə 20.11.2020-ci il tarixində baxış keçirilmişdir. Vizual baxış zamanı sayğacın element yuvasının qapağının alt hissədən sınıq olması və nəticədə sayğacın Alarm-1 rejiminə düşdüyü müəyyən edilmişdir. Buna görə də «Azəriqaz» İB-nin tərəfindən 20.11.2021-ci il tarixli, ******* nömrəli saylı akt tərtib edilmişdir. Bundan başqa həmin sayğac Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən mübahisəli ünvandan çıxarılmış sayğacın element yuvasının qapağının alt hissədən sınıq olması və nəticədə sayağacın Alarm-1 rejiminə düşdüyü aşkar edildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Eyni zamanda abonentin mənzilinə yeni sayğac quraşdırılmış və laboratoriya rəyinə əsasən istismara yararsız, G-4 markalı sayğacın dəyəri olan 185,73 manat abonentdən tələb edilmişdir. Hesab edir ki, akt və həmin akt əsasında yazılmış borc tam qanuni və əsaslıdır. Göstərilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə 26.08.2016-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 03.06.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı və digər şəxslər ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, Azadlıq küçəsi, ev 4, mənzil 26-da İddiaçı adına 18.06.2020-ci il tarixdə açılmış sayğaca əsasən ona təbii qazdan istifadəyə görə 216 manat (iki yüz on altı manat) borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş 20.11.2020-ci il tarixli, ******* nömrəli akta əsasən, Sumqayıt şəhəri, 1-ci məhəllə, Azadlıq küçəsi, ev 4, mənzil 26-da İddiaçı adına açılmış G-4 markalı 1201AQ**********8 nömrəli sayğacın element yuvasının qapağının alt hissədən sınıq olması və nəticədə sayğacın Alarm-1 rejiminə düşdüyü aşkar edilmişdir. İşdə olan 02.06.2020-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, Azadlıq küçəsi, ev 4, mənzil 26-da İddiaçı adına açılmış G-4 markalı 1201AQ**********8 nömrəli sayğac Natek tipli, G-4 markalı, m 40017944 nömrəli sayğacla əvəzlənmişdir. İş materiallarında olan «Azəriqaz» İB-nin “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında məktubuna əsasən, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, 1-ci məhəllə, Azadlıq küçəsi, ev 4, 26 saylı mənzildən çıxarılmış G-4 markalı 1201AQ**********8 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və metrologiya Departamentinin verdiyi rəyə əsasən həmin ünvandan çıxarılmış sayğacın element yuvasının qapağının alt hissədən sınıq olmasında və nəticədə sayağacın Alarm-1 rejiminə düşdüyündən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri olan 185,73 manatın ödənilməsi abonentdən tələb edilmişdir. İşdə olan dəymiş ziyanın bərpasına dair 20.11.2020-ci il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 4, 26 saylı mənzildə qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 2160 m3 (216 manat) müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 18.11.2020-ci il tarixli, MSK-29/1710-02955-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla “Azəriqaza” İB-nin SOCAR**********30991710x02955 saylı, 07.09.2020-ci il tarixli məktubuna əsasən 10.11.2020-ci il tarixində Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 4, 26 saylı mənzilin qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Cavabdeh «Azəriqaz» İB-nin əməkdaşları iddiaçıya məxsus qeyd edilən evə gələrək, sözügedən mənzilə quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş, həmin ünvandan çıxarılan sayğacı dövlət yoxlamasına göndərmiş, sayğacda aşkar edilmiş nasazlıqla bağlı iddiaçıya borc hesablamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB Sumqayıt Qaz İstismar Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 4, 26 saylı mənzildə yerləşən mənzilə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından ona əsassız olaraq hesablanmış 216 manat məbləğində cərimə borcu və 185,73 manat məbləğində sayğacın dəyəri olan borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 4, 26 saylı mənzilə (abonent kodu: **********00260) əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat məbləğində cərimə borcu və 185,73 (bir yüz səksən beş manat yetmiş üç qəpik) manat məbləğində sayğacın dəyəri olan borc, cəmi 401,73 (dörd yüz bir manat yetmiş üç qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar