Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5381/2025 25.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: geri qaytarma, aidiyyət) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Tələb
1. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir.
Məhkəmənin mövqeyi
3. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır.
4. Tələbdən görünür ki, ərizəçi bacısı X1 fəaliyyət qabiliyyətini olmayan hesab edilməsini tələb edir və bunu bacısında olan yaddaş pozğunluğu ilə əlaqələndirir.
5. Qanunun tələbinə görə bu cür tələblər yaxın qohumlar (valideynlər, uşaqlar, qardaş-bacılar) tərəfindən qaldırıla bilər. Lakin ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb etdiyi şəxsin yaxın qohumu olmasını, bununla da müvafiq ərizə ilə məhkəməyə müraciət etmək hüququnu təsdiq edən sənədləri, həmçinin öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları iş materiallarına əlavə etməmişdir.
6. Məhkəmə əlavə olaraq ərizəçinin diqqətinə çatdırır ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün onda hər cür pozuntu deyil, psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar mövcud olmalıdır. Lakin ərizəçi tərəfindən X2 həmin halların mövcud olmasını təsdiq edən ilkin sübutlar iş materiallarına əlavə edilməmişdir.
7. Bundan başqa «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri – Azərbaycan Respublikası vətəndaşı barədə – yalnız Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz.
8. “Elektron məhkəmə” informasiya sistemindən hazırkı iş üzrə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxsə dair şəxsi məlumat qrafasından əldə edilmiş məlumatlardan müəyyən edilir ki, X3 ünvan 1 ünvanında qeydiyyatdadır.
9. Göründüyü kimi ərizəçi tərəfindən ərizə aidiyyət qaydaları pozulmaqla Sumqayıt Şəhər Məhkəməsinə verilmişdir.
10. Bütün bu qeyd olunanlar da hazırkı ərizənin qaytarılması üçün əsasdır.
11. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** saylı qəbz əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi geri qaytarılsın. Dövlət rüsumunun geri qaytarılması hissəsində qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X4 İdarəsinə həvalə edilsin. Ərizəçi izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Pərvin İmamverdiyeva