Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5388/2025 28.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması tələbinə dair mülki işə, Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək mərhum X1 miras qalmış əmlakın (birgə mülkiyyətdə olan Sumqayıt şəhəri, ’’Novxanı” bağ massivi, 4280 ünvanında yerləşən sahəsi 0,12 ha olan bağ torpaq sahəsindən ona çatası payı) iddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü sayılaraq həmin müddət uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, ’’Novxanı” bağ massivi, 4280 ünvanında yerləşən sahəsi 0.12 ha olan bağ torpaq sahəsi birgə mülkiyyət hüququ ilə qaynatası X6, mərhum qaynanası X2 və mərhum həyat yoldaşı X4 məxsusdur. Ərizəçinin həyat yoldaşı X7 22 avqust 2015-ci il tarixdə vəfat etmişdir. Mərhum həyat yoldaşının ölümündən sonra birgə mülkiyyət hüququ ilə ona məxsus olmuş sözügedən bağ sahəsindən qaynatası ilə birlikdə iddiaçı və övladları bugünədək istifadə edirlər. Həyat yoldaşının ölümündən sonra miras əmlak iddiaçı tərəfindən həmin bağ sahəsində onun payı faktiki olaraq qəbul edilmişdir. Lakin Sumqayıt şəhəri, ’’Novxanı” bağ massivi, 4280 ünvanında yerləşən sahəsi 0,12 ha olan bağ torpaq sahəsində mərhum həyat yoldaşının payını miras əmlak olaraq öz mülkiyyəti kimi sənədləşdirmək məqsədi ilə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün bir müddət əvvəl 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə müraciət etdikdə, ona vərəsəlik hüququ barədə şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Belə ki,müraciətinə cavab olaraq sözügedən qurumun notariusu Ə.Əmirəliyevin imzası ilə verilmiş 25 iyul 2025-ci il tarixli, 1971 saylı məktubla tərəfindən mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürüldüyü, bu səbəbdən vərəsəlik hüququ barədə şəhadətnamənin verilə bilinmədiyi bildirilmiş və mirasın qəbulu üzrə qanunvericiliklə müəyyənləşdirilmiş müddətinin uzadılması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçının müraciətinə verilmiş bu cavab tamamilə əsassız sayır. Belə ki, mərhum həyat yoldaşının ölümündən sonra iddiaçı onun dəfnində, yas mərasimlərində iştirak etmiş, miras əmlak kimi qalmış bağ sahəsindən istifadə edərək, mütəmadi olaraq bağa gedib-gələrək miras əmlakla əlaqəsini kəsməmişdir. Mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət buraxılmışdırsa da. bu hal üzrlü səbəblərdən baş vermişdir, çünki iddiaçı mirası faktiki qəbul edərək ondan istifadə etdiyi üçün hesab etmişdir ki, miras iddiaçı tərəfindən artıq qəbul edilmişdir və bununla bağlı notariat ofisinə yazılı şəkildə müraciət etməməsi vərəsə olaraq hüququnun pozulmasına gətirib çıxarmamalıdır. İddiaçı sözügedən miras əmlakdan imtina etməmiş və vərəsəliklə bağlı qanun normalarını bilmədiyi üçün notariat orqanına vaxtında müraciət etməmişdir. Ancaq həmin miras əmlakdan imtina etmədiyi, əksinə istifadə etdiyi üçün hesab edirə ki, iddiaçının vərəsə olaraq mərhum həyat yoldaşından qalmış miras əmlaka hüququm yaranmışdır və notariat ofisinin notariusunun iddiaçıya vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinası qanuni olmamaqla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına da ziddir. Belə ki, həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273.1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - AZ-İ № 463892 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 arasında Sumqayıt nikah evində xx.xx.2008-ci il tarixdə nikah bağlanmış, 1181 nömrəsi ilə qeyd edilmişdir. - AZ-İ № 752868 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə ürək-damar çatışmazlığı səbəbindən ölmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, İddiaçı mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4280 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi X9, X5 və X3 ümumibirgə mülkiyyətindədir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə mərhum əri X1 miras qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Lakin notariat ofisi imtina etmişdir, ona görə ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. İddiaçının hüquqi savadı olmadığından mirasın qəbulu üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. İddiaçı X3 qanun üzrə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə İddiaçı X3 qanun üzrə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, İddiaçı xx.xx.2015-ci ildə ölən əri X1 ona miras qalmış Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4280 ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən ona miras qalmış pay əmlakın qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və uzadılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2015-ci ildə ölən əri X1 ona miras qalmış Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4280 ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən ona miras qalmış pay əmlakın qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılsın və müddət uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-5388/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5388/2025
28.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver