Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5394/2025 12.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh2, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sədərddinoviçə qarşı bağışlama müqavilələrinin və onlar əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi, miras əmlakda vərəsəlik payının müəyyən edilməsi və pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X4 məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 3/66 saylı evin 31 saylı mənzilinə onun məcburi payının müəyyən edilməsilə anası ilə qardaşı Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsinin və həmin müqavilə əsasında verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, habelə qardaşı Cavabdeh1lə bacısı Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilmələri, onun mirasdan məcburi pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1974-cü il tarixdə doğulmuşdur, atası X5, anası isə X2. Əvvəlcə atası, 18 fevral 2022-ci il tarixdə isə anası ölmüşdür. Doğulan gündən 1995-ci ilədək Sumqayıt şəhəri, 4-cü mikrorayon, 3/66 saylı evin 31 saylı mənzilində yaşamışdır. Qardaşı təxminin 1998-ci ildə Rusiya Federasiyasına getmiş, Rusiya Federasiyasının vətəndaşlığını almış və yalnız 2022-ci ildə anasının vəziyyəti pis olduğundan Sumqayıt şəhərinə gəlmişdir. Anası ölümündən əvvəl öz mülkiyyətində olan mənzili onun məlumatı olmadam qardaşına bağışlamış, qardaşı bu mənzili öz adına rəsmiləşdirmiş və anasının ölümündən sonra göstərilən ünvanda yerləşən yaşayış sahəsində qardaşı Cavabdeh1 yaşamışdır. O, bu yaşayış sahəsinin anası tərəfindən Cavabdeh1 bağışlanıldığını bilmədiyindən və qardaşı bu barədə məlumat vermədiyindən mirasdan məcburi payın müəyyən edilməsi və bu barədə vərəsəlik şəhadətnaməsinin alınması üçün müraciət etməmişdir. Hazırda göstərilən mənzildə bacısı Cavabdeh2 yaşayır. Yaxın vaxtlarda məlum olmuşdur ki, Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 3/66 saylı evin 31 saylı mənzili 1992-ci ildə anası tərəfindən özəlləşdirilmiş və anası sağlığında 10 yanvar 2022-ci tarixli 4Ə-35 saylı bağışlama müqaviləsinə əsasən həmin mənzili qardaşı Cavabdeh1 bağışlamışdır. Bundan sonra, həmin mənzil qardaşının adına qeydiyyata alınaraq ona 19 yanvar 2022-ci il tarixdə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 09 mart 2022-ci il tarxili 4Ə-411 nömrəli bağışlama müqaviləsi əsasında digər Cavabdeh2 adına rəsmiləşdirilmiş və çıxarış verilmişdir. Anası mülkiyyətçisi olduğu mənzili qardaşı Cavabdeh1 bağışlasa da, o, qanun üzrə vərəsə olduğu halda ona məlumat verməyərək vərəsəlik hüququndan məhrum etmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 3/66 saylı evin 31 saylı mənzilə dair bağışlama müqavilələrinin və çıxarışların ləğv edilməsi, həmin mənzilin mərhum anası X4 məxsus vərəsəlik əmlakı kimi tanınması, onun qanun üzrə vərəsə kimi həmin əmlakın 1/3 hissəsinə mülkiyyət hüququnun tanınması və təmir və avadanlıq xərcləri kimi 10000 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2 iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdeh2, onun nümayəndəsi və vəkili Nümayəndə1 iddianı qəbul etmədilər və onun rədd olunmasını xahiş etdilər. Digər Cavabdeh1 Sədərddinoviç, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Sumqayıt Regional "ASAN xidmət" mərkəzində notariat ofisi və DƏDKR PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndələri mhkəmə iclasında iştirak etməmişlər. 1 saylı Sumqayıt Regional "ASAN xidmət" mərkəzində notariat ofisi məktubla müraciət edərək məhkəmə iclasının onun nümayyəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə MPM-nin 185-ci maddəsinə əsasən göstərilən şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - AZ-T 286258 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.1974-cü il tarixdə doğulmuşdur. Atası X5, anası isə X2. - AZ-İİ 444773 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə ölmüşdür. - xx.xx.1992-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Xəlilov Ağasəf Ağaxəlil oğlu Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 3/66 saylı evin 31 saylı mənzilini X9 bağışlamışdır. - 265481 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1980-ci il tarixdə doğulmuşdur. Atası X5, anası isə X7. - 318538 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1976-cı il tarixdə doğulmuşdur. Atası X5, anası isə X7. - 772214 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2015ci il tarixdə ölmüşdür. - 283280 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 X10 ilə xx.xx.1973-cü ildə nikah girmişdir. Nikahdan sonra arvada Rzayeva soyadı verilmişdir. - 14 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 4cü mikrorayonda yerləşən 3/66 saylı evin 31 saylı mənzili xx.xx.1992-ci il tarixli bağışlama müqaviləsinə əsasən X8 adına qeydə alınmışdır. - xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X12 Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 3/66 saylı evin 31 saylı mənzilini Cavabdeh1 bağışlamışdır. - ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 3/66 saylı evin 31 saylı mənzili xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydə alınmışdır. - xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 3/66 saylı evin 31 saylı mənzilini Cavabdeh2 bağışlamışdır. - ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 3/66 saylı evin 31 saylı mənzili xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına qeydə alınmışdır. Onun adına xx.xx.2022-ci il tarixdə texniki pasport tərtib olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və cavabdehlər bacıqardaşdırlar. Onların anası Mirzəyeva (Rzayeva) Humay Akimovna xx.xx.1992-ci il tarixli bağışlama müqaviləsinə əsasən Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 3/66 saylı evin 31 saylı mənzilini əldə etmiş, mənzilə dair qeydiyyat vəsiqəsi almışdır. H.A.Rzayeva mülkiyyətində olan həmin mənzili xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən övladı Cavabdeh1 bağışlamış, mənzilə dair onun adına ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli reyestrdən çıxarış verilmişdir. X12 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Sonradan xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 3/66 saylı evin 31 saylı mənzilini bacısı Cavabdeh2 bağışlamış, onun adına mənzilə dair ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli reyestrdən çıxarış tərtib olunmuşdur. Hazırda İddiaçı məhkəmədə iddia qaldıraraq Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 3/66 saylı evin 31 saylı mənzilə dair bağışlama müqavilələrinin və çıxarışların ləğv edilməsi, həmin mənzilin mərhum anası X4 məxsus vərəsəlik əmlakı kimi tanınması, onun qanun üzrə vərəsə kimi həmin əmlakən 1/3 hissəsinə mülkiyyət hüququnun tanınması və təmir və avadanlıq xərcləri kimi 10000 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, bu zaman Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına istinad etmişdir. Bu qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Məcəllənin 667.1-ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Müvafiq maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır. Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür. Vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Qeyd olunan maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) belə payı miras qoyanın iradəsindən asılı olmadan əldə edirlər. Lakin vəsiyyətnamə olmadığı təqdirdə qeyd olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər. İşdən görünür ki, İddiaçı anası H.A.Rzayevadan miras qalmış əmlakdan məcburi pay hüququna malik şəxslər sırasına daxildir (onun birinci növbə vərəsəsidir). Həmçinin, işdən görünür ki, o, hələ sağlığında öz əmlakını xx.xx.2022-ci ildə övladı Cavabdeh1 bağışlamışdır. Əgər bu bağışlama realizə olmasaydı, qeyd edilən miras əmlakdan vərəsə kimi iddiaçıya pay çatmalı idi. Bu baxımdan, iddiaçı yuxarıda qeyd edilən qərara əsasən qanun üzrə vərəsələrdən birinci növbə vərəsə (məcburi pay hüququ olan vərəsə) kimi məcburi payının tamamlanmasını tələb etmək hüququna malikdir. Bununla belə, işdən görünür ki, iddiaçı əqdin etibarsızlığı üçün qanunla nəzərdə tutulmuş kəsici müddəti ötürmüşdür. İşdən görünür ki, iddiaçının anası X12 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Mənzilə dair Cavabdeh1 edilmiş bağışlama müqaviləsi üzrə mübahisələndirmə müddətin axımı iddiaçıya münasibətdə bu tarixdən başlayır, çünki vərəsə kimi o, miras əmlakın taleyi ilə maraqlanmalı, beləliklə də bağışlama barədə əqdin mövcudluğundan məlumatlı olmalı idi. Belə olan halda, o, ən geci xx.xx.2023-cü ilədək həmin bağışlama müqaviləsini mübahisələndirməli idi, halbuki, iddia ərizəsindən görünür ki, o, xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Beləliklə də, məhkəmə hesab edir ki, H.A.Rzayevanın birinci növbə vərəsəsi olsa da, İddiaçı onun anası ilə qardaşı arasında bağlanmış əqdi mübahisələndirmək üçün 1 illik kəsici müddəti ötürmüşdür. Bu isə həmin əqdin etibarsızlığı barədə iddianın rədd olunması üçün əsasdır. Qeyd edilən bağışlama müqaviləsi hazırki halda legitim əqd kimi tanındığından ondan sonra rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi və mənzilə dair verilmiş reyestrdən çıxarışların da mübahisələndirilməsindən, bu əmlakın miras kimi tanınmasından, iddiaçının orada hər hansı qaydada payının müəyyən edilməsindən söhbət gedə bilməz. Mənzilin təmiri və oraya avadanlıq alınması xərcləri kimi 10000 manat vəsaitin sərf edilməsi barədə isə iddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilmədiyindən iddia bu hissədə də əsassızdır və rədd olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 Sədərddinoviçə qarşı bağışlama müqavilələrinin və onlar əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi, miras əmlakda vərəsəlik payının müəyyən edilməsi və pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sədərddinoviçə qarşı bağışlama müqavilələrinin və onlar əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi, miras əmlakda vərəsəlik payının müəyyən edilməsi və pul tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-5394/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5394/2025
12.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver