Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-543/2021 26.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən əsassız hesablanmış 500 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, ailə üzvlərilə birlikdə Sumqayıt şəhəri, Novxanı bağlar massivində fərdi yaşayış evində yaşayır. Həmin evin yerləşdiyi torpaq sahəsi Sumqayıt şəhər Bələdiyyəsinin aprel 2008-ci il tarixli qərarına əsasən onun mülkiyyətinə verilmişdir. O, bu bağ evinə su xəttini 2017-ci ildə Cavabdeh ASC-nin Novxanı qəsəbəsində yerləşən Sukanalı İdarəsinə ərizə ilə müraciət etməklə çəkdirmiş və həmin vaxtdan bu evə su xətti çəkilməklə su sayğacı quraşdırılmışdır. Hər ilin sonu 100 manat ödəniş edir. Lakin sonradan ona məlum olmuşdur ki, ona məxsus bağ sahəsinə su sayğacının 2017-ci ildə qoyulmasına baxmayaraq ona əvvəlki illər üçün sudan istifadə ilə bağlı borc hesablanmış və həmin borc 500 manat vəsait təşkil edir.Halbuki onun 2017-ci ildən əvvəlki dövrə 500 manat məbləğində borcunun olması ilə bağlı qarşı tərəfin əlində heç bir sübut yoxdur, özbaşına olaraq düzgün olmayan hesablama aparmaqla onu bu əsassız öhdəliyə cəlb etmək istəyirlər,hətta su xəttini kəsməyə də cəhd etmişlər. həmin evdə əvvəl anası yaşamış, 2012-ci ildə vəfat etmişdir. O və həyat yoldaşı X1 1-ci qrup əlildirlər, heç yerdə işləmirlər, aldıqları pensiya onların çörəyə, dava-dərmana olan tələbatlarını belə ödəmir, lakin cavabdeh təşkilat ondan əsassız pul tələb edir. Buna görə də hesab edir ki, tələbi əsaslıdır, təmin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Qeyd olunan ünvana xx.xx.2016-cı il tarixdə sayğac quraşdırılmışdır və hesabat sayğac göstəricilərinə uyğun olaraq aparılır. Sayğac quraşdırılan tarixədək hesabat bir nəfər ailə tərkibinə və 6 sot torpaq sahəsinə görə aparılmışdır. İddiaçı istifadə etdiyi xidmətlərə görə ödənişləri etmir. Qeyd olunanlara əsasən iddianı əsassız hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: xx.xx.2020-ci il tarixli Abonent kartından görünürki, ünvan 1 ünvanına (abonent kodu **********001: 32262523) 546,90 manat borc hesablanmışdır. Abonent kartından və ətraflı arayışdan həmçinin görünür ki, abonent 2012-2017-ci illərdə heç bir ödəniş etməmiş, ardıcıl olaraq illər üzrə 28,20+108+115,50+106,50+159,35+91,35 manat borcu yaranmış, 2018-ci ildə 170 manat ödəniş etmiş (73,05 manat artıq ödəmə) borcu yoxdur, 2019-cu ildə 100 manat (0,25 manat artıq ödəmə) ödəniş etmiş borcu yoxdur, 2020-ci ildə 100 manat ödəniş etmiş, 11,30 manat borc hesablanmışdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanunun: 61-ci maddəsinə əsasən Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 62-ci maddəyə əsasən Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6.-cı maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. 2.1.4.-cü maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir. 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. 5.1.5.-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır. 7.4-cü bəndə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görəödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkəüzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəlləsinin 551.2., 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olmaqla, 358,20 manat həddində təmin edilməlidir. Belə ki, iş materialarından göründüyü kimi iddiaçı 2012-2015-ci illər ərzində borcu tam həcmdə ödəmədiyindən həmin dövrə yaranan borc qüvvəsini itirmişdir. Odur ki, həmin illər üçün 28,20+108+115,50+106,50 manat olmaqla, cəmi 358,20 manat borc məbləğindən çıxılmaqla silinməli, qalan hissədə iddia sübuta yetirilmədiyindən rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı abonent hesabından (abonent kodu **********001:32262523) 358,20 (üç yüz əlli səkkiz manat iyirmi qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-543/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-543/2021
26.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver