Məhkəmə qərarları › İş №2(060)-5453/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5453/2020

19.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5453/2020 19.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul və əşyaların geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 64.600 manat məbləğində pulun və yuxarıda qeyd etdiyi 24 adda əşyalarının Cavabdeh2 və Cavabdeh3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavadeh X2 iki oğlu Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə ona 64.600 manat məbləğində ziyan vuraraq dələduzluq etmiş, pulunu, bir maşın ev əşyalarını ələ keçirmişlər. ********* cinayət işi üzrə iş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-310/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Cavabdeh1 AR CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinib və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarından da məlum olunur ki, cavabdehlər onu torpaq sahəsi satmaq məqsədi ilə aldatmışdır. İş araşdırılarkən aydın olmuşdur ki, Tural bu işi tək yox, ailə üzvləri qardaşı Cavabdeh2 və anası Cavabdeh3 ilə əlbir olaraq etmişdir. Həmçinin istintaq zamanı toplanmış materiallarda kifayət qədər şübhələr əsasında Cavabdeh2 xx.xx.2019cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Belə ki, bütün bu işləri ən başından idarə edən onların anası Esmira olmuşdur. O günə kimi o nə Vüsalı, nə də Turalı tanımışdır. 64.600 manat və 21 adda əşyaları ona dəymiş ziyan kimi keçirilmiş məhkəmə ekspertizası tərəfindən də təsdiqlənmişdir. X7 Məhkəməsində olarkən mülki iddia ilə bağlı ərizə təqdim etsə də təmin olunmamışdır. Belə ki, bir ev əşyaları dolu bir yük maşını Vüsalın və Esmiranın ailəsinə məxsus evin həyətinə boşaldılmışdır. Həmin əşyalar aşağıdakılardan ibarətdir: Televizor-3 ədəd, Qaz peçi - 1 ədəd, Televizor altı - 2 ədəd, Uşaq çarpayısı - 2 ədəd, Vanna-7 ədəd, Vedrə - 6 ədəd, Tefal Qazan - 5 ədəd, Çuqun qazan - 6 ədəd, Şirəli qazan - 7 ədəd, Tefal tava - 10 ədəd, Çuqun tava - 10 ədəd, Ləyən -10 ədəd, Yük arabası - 2 ədəd, Emusiya- 6 vedrə (25 l), Döşəmə lakları - 5 qab (25 l), Su torbası kəsən ütülər - 3 ədəd, çəkic – 10 ədəd, balta- 6 ədəd, mismar - 15 kq, Bel - 6 ədəd, Taxta - 1 kub, laqonda - 5 ədəd. Bu tikinti materialları yeznəsinin tikinti mağazasından qalan materiallar olmuşdur. Sözügedən əşyaların cavabdehlərin həyətində olmasını məhkəməyə təqdim etdiyi fotoşəkillər də təsdiq edir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını və Cavabdeh1 64.600 manat məbləğində pulun və yuxarıda qeyd etdiyi 24 adda əşyalarının Cavabdeh2 və Cavabdeh3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlərin ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada bildiriş göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun övladlarıdır. İddiaçı onun oğlu Cavabdeh1 tutdurmuşdur. Dəfələrlə ona barışıq təklif etsə də, iddiaçı razılaşmamışdır. Ona 4,5 sot torpaq sahəsi təklif etmiş, əlavə olaraq hər ay 300 manat pul ödəyəcəyini bildirmişdir. Lakin İddiaçı razı olmamışdır. Hökmdə dəymiş ziyanın məbləği həddən artıq şişirdilmişdir. Oğlu iddiaçıdan cəmi 29500 manat pul almışdır. Bundan başqa iddiaçının tələb etdiyi əşyaları görməmişdir. Onun həyətinə tökülən əşyalar köhnə lazımsız əşyalar olmuşdur. O həyətində yer tutmasın deyə onların hamısını atmışdır. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-310/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünü mübahisələndirməmişdir. Hökmdən şikayət verməməsinin səbəbi iddiaçı ilə barışığa gəlmək olmuşdur. Cavabdeh qeyd etdiklərinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Şahid qismində dindirilən X3 bildirdi ki, Cavabdeh3 dələduzluqla məşğul olur. Belə ki, o, 2 nömrəli məktəbə təsərrüfat müdiri vəzifəsinə işə düzəltmək adı ilə ondan 2000 manat pul almış, geri qaytarmamışdır. Cavabdeh3 belə işləri çoxdur. Şahid qismində dindirilən X1 bildirdi ki, Cavabdeh3 ona da maddi ziyan vurmuşdur. Belə ki, ondan mənzil növbəsində irəli çəkilmək adı ilə pul almış, sonra geri qaytarmamışdır. Həmin şəxs Sumqayıt şəhərində yüzlərlə adamı aldatmışdır. Azərbaycan Respublikası CPM-nin 179.2-ci mаddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən, Cavabdeh1 xx.xx.1983-cü il tarixdə Naxçıvan MR, Şərur, İzzə kəndində anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-310/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanması, Cavabdeh1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmiş, zərərçəkmiş şəxs İddiaçı, Cavabdeh1 qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən: 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikası CPM-nin 179.3-cü mаddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-310/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh1 özgə əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı torpaq sahəsi almaq istəməsi barədə niyyətini biləndən sonra sonuncunu inandırmaq üçün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan sonuncuya məxsus olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək özünü dayısı Sərviz Süleymanov kimi təqdim edərək istifadəsində olan torpaq sahəsini satmaq istədiyini bildirməklə İddiaçı inandırdıqdan sonra Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən, dörd tərəfdən hasara alınmış, içərisində 3 ədəd yeni tikilmiş evlər olan 0,4 ha torpaq sahəsini göstərib həmin evlərin dayısı Sərviz Süleymanova məxsus olduğunu, eləcə də, dayısının həmin torpaq sahəsini satdığını və həmin torpaq sahəsini dayısı 65.000 (altmış beş min) manat satmaq istəməsini bildirib, İddiaçı aldadaraq vahid niyyətlə xx xxxxxxx 2018-ci il tarixdə ünvan 3 ünvanının qarşısında ondan 3000 (üç min) manat, xx.xx.2018-ci il tarixdə təkrarən həmin yerdə ondan 4000 (dörd min) manat, xx.xx.2019-cu il tarixdə 34.500 (otuz dörd min beş yüz) manat, xx.xx.2019-cu il tarixdə 22.500 (iyirmi iki min beş yüz) manat, 2019-cu ilin aprel ayının əvvəllərində 600 (altı yüz) manat pulunu aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək İddiaçı külli miqdarda - 64.600 (altmış dörd min altı yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Beləliklə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-310/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh1 törətdiyi cinayət hadisəsi nəticəsində İddiaçı 64.600 (altmış dörd min altı yüz) manat məbləğində ziyan vurulmuşdur. Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-310/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün preyudisiallığını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh1 cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 64.600 (altmış dörd min altı yüz) manat məbləğində pul tutulub İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin 24 adda əşyaların Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçıya verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində sözügedən hökmdə əşyalarının ona dəymiş ziyan kimi qiymətləndirildiyini qeyd etsə də, hökmdə həmin əşyalarla bağlı hər hansı qeyd yoxdur. Digər tərəfdən iddiaçı cavabdehlərin həyətinə Televizor-3 ədəd, Qaz peçi - 1 ədəd, Televizor altı - 2 ədəd, Uşaq çarpayısı - 2 ədəd, Vanna-7 ədəd, Vedrə - 6 ədəd, Tefal Qazan - 5 ədəd, Çuqun qazan - 6 ədəd, Şirəli qazan - 7 ədəd, Tefal tava - 10 ədəd, Çuqun tava - 10 ədəd, Ləyən -10 ədəd, Yük arabası - 2 ədəd, Emusiya- 6 vedrə (25 l), Döşəmə lakları - 5 qab (25 l), Su torbası kəsən ütülər - 3 ədəd, çəkic – 10 ədəd, balta- 6 ədəd, mismar - 15 kq, Bel - 6 ədəd, Taxta - 1 kub, 5 ədəd laqonda boşaltdığını və bu faktın məhkəməyə təqdim edilmiş foto-şəkillərlə öz təsdiqini tapdığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən iddiaçının cavabdehlərdən tələb etdiyi sayda və adda əşyaların olubolmamasını müəyyən etmək mümkün deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı 24 adda əşyalarının Cavabdeh2 və Cavabdeh3 alınaraq ona verilməsi hissəsində iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 64600 manat məbləğində pul tutulub İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumu da Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 64.600 (altmış dörd min altı yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar