Məhkəmə qərarları › İş №2(060)-5461/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5461/2021

13.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5461/2021 13.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, İddiaçı oğlunun, Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, "xxxx" MMC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı «hərracın nəticələri haqqında protokolların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti , "xxxx" MMC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı «hərracın nəticələri haqqında protokolların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, N- 253/3 və 253/3/1 saylı 20.12.2019-cu il tarixli hərracın nəticələri haqqında protokolların ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt Şəhər Məhkəməsinin № 2(060)536/2018 saylı, 01.08.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin ona , X3, X7, X8 və X9 qarşı kreditin, kredit faizlərinin və cərimələrin ödənilməsinə dair iddia tələbləri təmin edilmişdir və tutma ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu MKR-da yerləşən 64.9 kv.m sahədən ibarət olan 23 nömrəli evin 31 nömrəli mənzilə və X1 məxsus Sumqayıt şəhəri 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət 4 saylı evin 2 nömrəli mənzilinə yönəldilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)536/2018 saylı, 01.08.2018-cı il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icra edilməsi üçün Sumqayıt Şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin N-85018/35 saylı, 27.04.2021-ci il tarixli bildirişdən məlum olmuşdur ki, 20.12.2019-cu il tarixdə hər iki əmlak üzrə hərrac keçirilmiş və müvafiq olaraq hərracın nəticələri haqqında N-253/3 və 253/3/1 saylı 20.12.2019-cu il tarixli protokollar tərtib edilmişdir. 20.12.2019-cu il tarixli N-253/3 və 253/3/1 saylı protokollar üzrə hərracın nəticələri aşağıda göstərəcəyi əsaslara görə ləğv edilməlidir. Əvvəla o, hərracın keçirildiyi tarix və yeri haqqında heç bir bildiriş almamışdır. Hərracı keçirən "xxxx" MMC-nin dəqiq ünvanı məlum deyildir belə ki, "xxxx" MMC ünvanını tez-tez dəyişir(sübutlar ərizəyə əlavə edilib). Əlavə olaraq qeyd edir ki, bu günə kimi də həmin hərrac protokolları ona təqdim edilməyib, baxmayaraq ki, rəsmi qaydada dəfələrlə "xxxx" MMC-yə müraciət etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, "icra haqqında" Azərbaycan Respublikasının Qanunun 17.1.4-cü maddəsinə əsasən iş üzrə icraatın dayandırılması məcburi olduğu halda icraat davam etdirilmişdir. Belə ki, 20.12.2019-cu il tarixli, N-253/3 və 253/3/1 saylı protokollar üzrə hərrac keçirildiyi vaxt onun "xxxx"-a qarşı "kredit müqaviləsi üzrə ödənilmiş məbləğin əsas borcdan silinməsinə dair" yəni, cavabdehlə onun arasında bağlanmış 21.11.2014-cü il tarixli, 19-SMEGZ2-2-0-1894-14 saylı "Kredit müqaviləsi üzrə cərimələrin, faiz dərəcələri üzrə əlavə hesablanmış məbləğin silinməsi və ödədiyi 30000(otuz min) ABŞ dollarının Bank krediti üzrə əsas borcdan silinməsi barədə iddia tələbi Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin icraatında olub və iş üzrə 2(006)-206/2021 saylı, 21.04.2021-ci il tarixli qətnamə qəbul edilib. Hal-hazırda da o, həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayəti icraata qəbul edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, qeyd olunan əmlakların hərrac vasitəsi ilə satılması qanuni qüvvəsini almış məhkəmə qərarları əsasında qanunvericiliyə uyğun baş tutmuşdur. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi və "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilməli və onun rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 536/2018 saylı, 01 avqust 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia tələbi qismən təmin edilmiş, iddiaçı "xxxx" İKB ilə cavabdeh İddiaçı Ərziman oğlu arasında bağlanmış 21.11.2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər İddiaçı Ərziman oğlundan, X4 və X5 müştərək qaydada iddiaçı "xxxx" İKB-nin xeyrinə kredit müqaviləsinə əsasən 63.050,98 ABŞ dolları məbləğində əsas borc, 23.085,15 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 86.436,13 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı Ərziman oğluna məxsus Sumqayıt şəhəri, 9 mikrorayonda yerləşən 64.9 kv.m sahədən ibarət olan 23 nömrəli evin, 31 nömrəli mənzilə və X1 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət olan 4 nömrəli evin, 2 nömrəli mənzilə yönəldilmiş, həmin mənzilllərin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı "xxxx" İKB-yə olan kredit müqaviləsinə əsasən 63.050,98 ABŞ dolları məbləğində əsas borc, 23.085,15 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 86.436,13 ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması və ipoteka predmetləri olan İddiaçı Ərziman oğluna məxsus Sumqayıt şəhəri, 9 mikrorayonda yerləşən 64.9 kv.m sahədən ibarət olan 23 nömrəli evin, 31 nömrəli mənzilin ilkin satış qiyməti 68.000 manat, X1 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət olan 4 nömrəli evin, 2 nömrəli mənzilin ilkin satış qiyməti isə 48.000 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Y-253/3 saylı, 20.012.2019-cu il tarixli "xxxx" hərracın nəticələri haqqında protokolun surətindən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 9cu mikrorayon, 23 saylı evin, 31 nömrəli mənzilinin ilkin satış qiyməti 68000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% enmiş, əmlakın satılmış son qiyməti isə 43350 manat müəyyən edilmiş və həmin mənzil Cavabdeh1 ASC tərəfindən alınmışdır. İş materiallarında olan Y-253/3/1 saylı, 20.012.2019-cu il tarixli "xxxx" hərracın nəticələri haqqında protokolun surətindən görünür ki, X1 məxsus Sumqayıt şəhəri 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət 4 saylı evin, 2 nömrəli mənzilinin ilkin satış qiyməti 48000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% enmiş, əmlakın satılmış son qiyməti isə 30600 manat müəyyən edilmiş və həmin mənzil Cavabdeh1 ASC tərəfindən alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİ bəndinə əsasən Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İddiaçı oğlu iddia ərizəsində N-253/3 və 253/3/1 saylı 20.12.2019-cu il tarixli hərracın nəticələri haqqında protokolların həm ləğv edilməsini, həm də etibarsız hesab edilməsini məhkəmədən xahiş etsədə, məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, ancaq həmin protokolların ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin araşdırılan halları ilə isə qeyd edilən protokolların ləğv edilməsinə əsas olan hallar müəyyən edilməmiş, əmlakların hərrac vasitəsi ilə satılması qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-536/2018 saylı, 01 avqust 2018-ci il tarixli qətnaməsi əsasında həyata keçirilmişdir. Bundan başqa İddiaçı iddia tələbində özünə məxsus 9-cu mikrorayon, 23 saylı evin, 31 nömrəli mənzili ilə yanaşı, X1 məxsus Sumqayıt şəhəri 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət 4 saylı evin, 2 saylı mənzilinin də hərracdan satılmasının nəticələri haqqında Y-253/3/1 saylı protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, iddiaçı iddia tələbini hərracın nəticələri haqqında protokolların ləğv edilməsi ilə bağlı əsaslandırmamış, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair iddia ərizəsinə hər hansı sübut əlavə etməmiş, o cümlədən məhkəmə prosesinin gedişində məhkəməyə təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları və işin faktiki hallarını qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, İddiaçı oğlunun cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti , "xxxx" MMC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı «hərracın nəticələri haqqında protokolların ləğv edilməsi» tələbinə dair iddiası əsassız hesab edilərək rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, "xxxx" MMC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı «hərracın nəticələri haqqında protokolların ləğv edilməsi» tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar