Məhkəmə qərarları › İş №2(060)-5464/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5464/2022

24.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5464/2022 24.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı mirasın qəbuletmə müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması tələbinə dair mülki işə 24 oktyabr 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı mirasın qəbuletmə müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 oktyabr 2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakın onlar tərəfindən qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, onlar ataları X8 vəfat etdikdən sonra mirası qardaş və bacıları ilə razılaşdırmaqla öz aralarında qəbul etmişdirlər. Hüquqi savadları olmadığı üçün mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməmişlər. 25 iyul 2022-ci il tarixdə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsi üçün Sumqayıt şəhəri, 3 saylı notariat ofisinə müraciət etsələr də, notariat ofisindən onlara müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Qeyd edirlər ki, qardaşı X7 atasına məxsus olan evdə yaşayır. Evi əvvəldən də danışmışdırlar, razılaşdırmışdırlar ki, qardaşı götürəcək və sənədlər də onda olmuşdur. Həyət evi isə onlara keçməli idi. Aralarındakı razılaşma ilə vərəsəliyi qəbul edib sənədləşdirmə işlərini aparacaqlar. Hesab edir ki, mirasın qəbulu müddətinin ötürülməsi üzrlü hesab edilməli və müddət bərpa olunmalıdır. Qeyd edilənlərə əsasən iddiaçılar iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraaq qeyd etdi ki, qardaşı atasından qalan bütün əmlaklara sahib olmaq istəmişdir. Onlar vərəsəliklə bağlı notariusa müraciət etdikdə, qanunla müəyyən edilmiş 6 aylıq müddəti ötürdüklərini öyrənmişdirlər. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2022-ci il tarixli 1643 saylı məktubda və İddiaçı1 ünvanlanmış xx.xx.2022ci il tarixli 1604 saylı məktubda X4 ölümündən sonra qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəyə cavab olaraq qanunla müəyyənləşdirilmiş müddəti keçirdiyi üçün müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İşdə olan AZ İİ 123764 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1503 nömrə ilə qeyd edilmişdir. İşdə olan İ-İE seriyalı 455715 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.1957-ci ildə Qonaqkənd kəndində doğulmuşdur. X1, anası X10r. İşdə olan AZ-T seriyalı 185471 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 xx.xx.1963-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası X10r. İşdə olan qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 36, mənzil 54 X4 adına qeydə alınmışdır. İşdə İV-JQ 292908 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X9 ilə X6 xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhəri Nikah Evində bağlanmış rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 1088 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Haqverdiyeva soyadı verilmişdir. İşdə AZ-İ 466750 nömrəi nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X11 ilə X5 xx.xx.1975-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində bağlanmış rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 732 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Salehova soyadı verilmişdir. Məhkəmə iddiaçıları dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X8 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, ondan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 36, 54 saylı mənzil miras qalmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 Hacımehdi Fətiyevin birinci növbə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə işin hallarını və iddiaçılar İddiaçı1 və İddiaçı2 Hacımehdi Fətiyevin birinci növbə vərəsələri olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, X3 miras qalmış Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 36, 54 saylı mənzilin miras əmlak kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 30 oktyabr 2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakın qəbulu müddətinin iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən buraxılması üzrlü sayılsın və müddət uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar