Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5476/2021 13.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisinə görə yaranmış borcun silinməsi tələbinə dair mülki işə 13 avqust 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 6, 16 saylı mənzilə dair elektik sayğacına görə hesablanmış 851,84 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 6, 16 saylı mənzili X4 20.000 manat ödəməklə AN-1 ******* nömrəli, 15.04.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlayaraq almışdır. Alqı-satqı müqaviləsində adı çəkilən satıcının formal olaraq adı qeyd edilmişdir. O həmin evə dair alqı-satqını faktiki olaraq X1 ilə etmişdir. Hümmətəliyeva Rəhilə 03.09.1988-ci ildə X6 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Onlar ailə olaraq, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 6, 16 saylı mənzildə məskunlaşmışdırlar. Evə dair bütün kommunal müqavilələr X3 adına rəsmiləşdirilmişdir. Belə ki, X6 28.02.2014-cü il tarixdə vəfat etmişdir. Hal-hazırda o, evin mülkiyyətçisidir. Həmin evə dair işıq müqaviləsini öz adına keçirmək üçün həmin şəxsin adına qaçqın limiti ilə bağlı borc yarandığına görə sənədləşmə mümkün olmamışdır. Hesablanan borc məbləği 851,54 manat təşkil edir. Belə ki, həmin borc 2015-ci il tarixdən əsassız olaraq qeydə alınmışdır. Həmçinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə qaçqınların və məcburi köçkünlərin kommunal borcları silinmişdir. Cavabdeh təşkilat maddi və prosessual hüquq normalarına zidd olaraq ondan bu borcu tələb edirlər və onların borc tələb etməyə heç bir haqları yoxdur. Bundan əlavə olaraq qeyd edir ki, mülki qanunvericilikdə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququnun müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu da vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələb olduğundan onun da icra müddəti 3 ildir. Hesab edir ki, "xxxx" ASC-nin tələb etdiyi borc əsassızdır. Ona görə də məhkəməyə müraciət etməlidir. Bu səbəbdən də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 mübahisələndirilən borc məbləğinin debitor borc olduğunu, 31.12.2016-cı il tarixdə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 851,84 manat borcunun dondurulduğunu, həmin borcun abonentlərə verilən bildirişlərdə qeyd edilmədiyini və bu borcların silinməsinin müəssisənin səlahiyyətinə aid olmadığını bildirdi və mübahisənin həllini məhkəmənin mülahizəsinə verdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan AZ-İİ 167971 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 beyin kötüyünə qansızma nəticəsində 28.02.2014-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 11.03.2014-cü il tarixdə 47 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Sumqayıt Şəhər Sektorunun 04.06.2021-ci il tarixli 71 nömrəli arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Qubadlı rayonundan məcburi köçkün olmuş mərhum X6 ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 6, 16 saylı mənzildə 28.02.2014-cü ilə qədər qeydiyyatsız müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan İV-JQ-367800 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X1 03 sentyabr 1988-ci il tarixdə Qubadlı rayonu, Novlu kənd İcraiyyə Komitəsində rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 3 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan abunə haqqında 03.06.2021-ci il tarixli invoisdən görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 6, 16 saylı mənzildə quraşdırılmış sayğaca əsasən 851,84 manat borc “Məcburi köçkün borcunun dondurulması” kimi göstərilmişdir. İş materiallarında olan çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 6, 16 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə 05.05.2021-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 6, 16 saylı mənzildə X2yə görə 31.12.2016-cı ilə qədər hesablanmış 851,84 manat məbləğində borc silinməlidir. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 6, 16 saylı mənzil İddiaçı mülkiyyətindədir. Sözügedən mənzilə X2yə gorə sonuncu dəfə sayğac dəyişdirilməsi 11.02.2008-ci il tarixdə həyata keçirilmişdır. İddiaçıya məxsus mənzilin əvvəlki məcburi köçkün olan sahibinin 851,84 manat məbləğində borcu 31.12.2016-cı il tarixdə cavabdeh tərəfindən dondurulmuşdur. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. Həmin Fərmanın 1-1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X2 Qaydaları»nın 1.1-ci bəndinə görə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X2 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununa əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektirik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektirik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi,onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisinə görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alındığından və həmin Fərman əsasında cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı elektrik enerjisinə görə 31.12.2016-cı il tarixə yaranmış 851,84 manat məbləğində borcu dondurulduğundan Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 6, 16 saylı mənzilə X2yə görə hesablanmış 851,84 manat məbləğində borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 6, 16 saylı mənzilə (abunə kodu: **********00524) elektirik enerjisindən istifadəyə görə hesablanmış 851,84 (səkkiz yüz əlli bir manat səksən dörd qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5476/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5476/2021
13.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver