Məhkəmə qərarları › İş №2(060)-5484/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5484/2021

10.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5484/2021 10.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh, maraqlı tərəf Sumqayıt şəhəri 6 saylı notariat kontoruna, 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə 10 avqust 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, maraqlı tərəf Sumqayıt şəhəri 6 saylı notariat kontoruna, 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 6 saylı Dövlət Notariat Kontorunda X4 və Cavabdeh arasında Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 9A, 26 saylı mənzilin 03.08.2017-ci il tarixli, 4Ə-67 saylı reyestrlə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, mərhum X4 İddiaçı1 faktiki nikahda olan arvadı olmuş, o da faktiki nikahdan olan ər kimi arvadının mülkiyyətində olmuş Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 9 A, 26 saylı mənzildə qeydiyyatda olmaqla uzun müddət birgə onunla yaşamışdır. O, mərhum arvadı X4 ilə rəsmi nikaha daxil olmadan birgə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 9 A, 26 saylı mənzildə uzun müddət birgə yaşamağını bütün qohum, qonşular da təsdiq edə bilər. Hətta həmin mənzilin mülkiyyətçisi X4 faktiki nikahda ərini, yəni onu həmin mənzilə ər kimi qeydiyyata da salmışdır. Onun faktiki nikahdan olan arvadı X4 17.04.2019-cu il tarixdə rəhmətə getmişdir. O, arvadı ilə ikisi birgə yaşadıqları müddətdə cavabdeh - onun qardaşı qızı onun yaşadığı evə tez-tez gəlib əhval tutur, yeməklər bişirir, onların qulluğunda durmağa çalışır və onları ahıl yaşlarında inandıraraq daim qulluqlarında durmağa vəd etmiş, hətta yaşadıqları mənzilin əlavə açarını da özündə saxlamışdır. Cavabdeh arvadına məxsus evdə öz evi kimi sərbəst gəlib getmiş, hətta onlara ölənə kimi baxacağını demişdir. Lakin cavabdehin çox çirkli məqsədi varmış, o, bunu çox zaman keçdikdən sonra bilmişdir. Cavabdeh yalan sözləri ilə onları özünə inandırmış, notariusa aparmaqla onlara baxacağı adı altında mənzilin satılması barədə müqavilə bağlamağa nail olmuş, həmin mənzili almaq adı ilə öz əlinə keçirtmişdir. Halbuki, nə onun, nə də mərhum arvadının mənzili satmaq niyyəti olmamış, çünki həmin mənzildən başqa yaşayış yerləri olmamışdır. Əgər həmin mənzil mərhum arvadı tərəfindən satılsaydı belə, onlar həmin mənzil üçün ödəniş alardılar. Bildiyinə görə arvadı həmin mənzilə görə heç bir pul almamışdır. Sonradan o mənzildən sənədlərin götürülməsini aşkar etdikdə, dərhal sənədlərin oğurlanması ilə bağlı hüquq mühafizə orqanlarına da müraciət etmişdir. Sumqayıt RPİ-nin 4-cü PB həmin mənzilin satılması barədə ona şifahi məlumat verilmişdir. Həmin mənzil satıla bilməzdi, çünki mərhum arvadı sağlığında həmin mənzili digər qardaşı qızı İddiaçı2 vəsiyyət etmiş, vəsiyyətnamənin olması barədə o, məlumatlı olmuşdur. Sumqayıt şəhər 3 saylı Notariat Kontorunda 10.07.2008-ci il tarixdə mənzilin mülkiyyətçisi olmuş mərhum X5 İddiaçı2 Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 9 A, 26 saylı mənzili vəsiyyətnamə tərtib edilmiş və həmin mənzil ona vəsiyyət edilmişdir. İddiaçı2 məlum idi ki, rəhmətə gedən əmisi faktiki arvadı olan şəxsin mülkiyyətində olan Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 9 A, 26 saylı mənzil Sumqayıt şəhəri Notariat Kontorunda ona vəsiyyətnamə tərtib edərək mənzili ona vəsiyyət etmişdir. İddiaçı2 vərəsəlik hüququnu həyata keçirtmək üçün Sumqayıt şəhəri 4 saylı Mənzil Kommunal istismar sahəsinə müraciət edərkən həmin mənzilin artıq satılmış olduğu mülkiyyətçi isə Cavabdeh adında olmasını öyrənmişdir. Vəkilə müraciət edərək vəkil sorğusu əsasında sənədlər toplanarkən məlum olmuşdur ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 9 A, 26 saylı mənzil Sumqayıt şəhəri 6 saylı Notariat Kontorunda təsdiq edilmiş 4Ə-67 reyestr nömrəli, 03.08.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına qeydiyyata alınmış və bunun əsasında ona Çıxarış verilmişdir. Sonradan ona aydın olmuşdur ki, cavabdeh həmin mənzilə tez-tez getməklə, onların ağıl yaşında guya onlara qulluq etmək adı ilə baxmağa çalışmış, lakin cavabdehin əsl məqsədi faktiki nikahda olan mənzilin mülkiyyətçisi olan şəxsi aldatmaq yolu ilə mənzili öz adına rəsmişləşdirilməsi olmuşdur. Cavabdeh onların savadsızlığından, köməksizliyindən, mülkiyyətçinin azərbaycan dilini bilməməsindən sui-istifadə edərək əmlakı guya alqı-satqı müqaviləsi bağlamaq adı ilə mənzili öz adına özgəninkiləşdirmişdir. Qeyd edir ki, İddiaçı2 həmişə əmisigilə qonaq gedəndə onun rus arvadı mənzili ona verəcəyini qeyd etmiş, onun istəkli qohumu olmasını daim qeyd etmişdir. Lakin İddiaçı2 heç zaman onun etibarından suiistifadə etməmişdir. Lakin cavabdeh İddiaçı2 sonra həmin mənzilə tez-tez gedərək özünü yaxşı göstərmək adı ilə onların mənzilini əllərindən almışdır. Notariat sənədlərini əldə edərkən alıcı olan şəxs yəni cavabdeh guya mənzilin ödənişi üçün müəyyən edilmiş 23000 manat pulu alqı-satqı müqaviləsi bağlamadan bir gün əvvəl notariat kontorunun depozitinə mədaxil etmiş, bir gün sonra isə mənzilin mülkiyyətçisi, İddiaçı1 notariusa gətirərək aldatmaq yolu ilə onlara müqavilə imzalanmasına nail olaraq mənzili öz əlinə keçirtmişdir. Qeyd edilməlidir ki, pul depozit hesabına bir gün əvvəl köçürülsə də, onun depozit hesabdan bankdan satıcı olan şəxs mərhum X4 tərəfindən çıxarılmasını təsdiq edən sənəd məxaric qəbzi yoxdur. Bu bir daha göstərir ki, məhrum X4 heç bir zaman yeganə mülkiyyətində olan və yeganə yaşayış yeri olan mənzili satmaq fikri heç bir zaman olmamışdır. O, daim xoş niyyətli insan kimi burda əri ilə yaşayıb, rəhmətə getdikdən sonra burda dəfn olunmaq istəmişdir. Mərhum çox sağlam qadın olmuşdur, o, Rusiya Respublikasına oğullarının yanına əri İddiaçı1 ilə birgə getmiş, burdan cavabdehin ona aldığı dərmanları qəbul edərkən orda qəfil rəhmətə getmişdir. Mülkiyyətçi mərhum X4 mənzili satmaq fikri olmamış, belə olan halda həmin mənzili ona notariusa gedərək vəsiyyət etməzdi. Əgər alqı-satqı müqaviləsi həqiqətən bağlanmış olsaydı belə həmin mənzil üçün ödənilmiş məbləğ 23000 manat pul bankdan çıxarılmış olardı. Mərhum Rusiya Federasiyasına oğullarının yanına pulsuz qonaq kimi səfər etmiş, bunu məhrum oğulları da notarial qaydada ərizə göndərməklə təsdiq edə bilər. Bundan əlavə alqı-satqı müqaviləsi qanunvericiliyin tələbinə uyğun bağlanmamış, çünki İddiaçı2 vəsiyyət edilmiş yeganə mənzil mülkiyyətçi tərəfindən ləğv edilməsi barədə ərizə yazılmadan satılması barədə bağlanmış əqdin bağlandığı andan etibarsızlığını bir daha öz təsdiqini tapır. Mülkiyyətçi mərhum həmin mənzili satmaq niyyətinin olmamasını, onların məcburi qaydada cavabdeh tərəfindən aldadılaraq aparılması və alqı-satqı müqaviləsinə oxunulmadan, hüquq və vəzifələri izah edilmədən, azərbaycan dilini bilməməsindən, tərcüməçi xidmətindən istifadə etmədən həmin müqavilənin imzalanmasını göstərir. Həmin mənzil heç bir zaman satıla bilməzdi, həmin mənzildən başqa yaşayış yeri yox idi, hətta həmin mənzilin bazar dəyəri o qiymətə deyildir. Əgər mənzil satılsaydı belə müqavilənin dəyəri olan 23.000 manat alqısatqı müqaviləsindən bir gün əvvəl depozitə cavabdeh tərəfindən köçürülə bilməzdi, çünki depozitə oturulan pul bir gün sonra çıxardıla bilər. Belə olan halda cavabdeh əvvəlcədən planlı şəkildə hərəkət edərək mərhum mülkiyyətçinin və qeydiyyatda olan əri İddiaçı1 ahıl yaşından istifadə edərək onları aldadaraq notariusa aparmış, başqa əqd adı ilə alqı-satqı müqaviləsi bağlamaqla mənzili qanunsuz və əsassız olaraq əlinə keçirdərək varlanmışdır. Hesab edirlər ki, cavabdeh onları aldatmaqla onlara baxmaq adı ilə, alqı-satqı müqaviləsini imzalatdırmaqla çirkin niyyətini həyata keçirmiş, mənzili qanunsuz olaraq özgəninkiləşdirmişdir. Həmin mənzil mülkiyyətçinin sağlığında İddiaçı2 vəsiyyət edilmiş, həmin vəsiyyətnamənin ləğv edilməsi barədə mülkiyyətçinin ərizəsi olmadığı və bunu notariat kontoru araşdırmadan İddiaçı2nm vərəsəlik hüququ üzrə mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuş, qanunsuz və əsassız yollarla mənzili özgəninkiləşdirməklə ələ keçirmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən iddiaçılar iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. İşdə iştirak edən digər şəxlərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, həmin şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. 16.07.2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli mənzilə dair 03 avqust 2017-ci ildə X4 ilə aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 23000 manat ödəməklə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 9A, 26 saylı mənzili əldə etmişdir. Həmin mənzil hazırda onun mülkiyyətindədir və həmin mənzilə dair onun adına çıxarış verilmişdir. Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. Onun bütün sənədləri qaydasındadır. Alqı-satqı müqaviləsinin və çıxarışın etibarsızlığına əsas verən hər hansı bir hal mövcud deyil. Cavabdeh qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə edilmiş 03 avqust 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı alqısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 9 A, 26 saylı mənzili 23000 (iyirmi üç min) manata X1 almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər X3 və Mükiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 9 A, 26 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında X2 adına qeydə alınmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin 14/814 saylı 01.08.2017-ci il tarixli arayışının surətindən görünür ki, X2 Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 9 A, 26 saylı mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır . İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 915722 nömrəli 31.07.2021-ci il tarixli arayışının surətindən görünür ki, X4 və İddiaçı1 Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 9 A, 26 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan 02.08.2017-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı1 Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 9 A, 26 saylı mənzilin satılmasına etiraz etməmişdir. İş materiallarında olan ərizənin surətindən görünür ki, X4 və Cavabdeh Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 9 A, 26 saylı mənzilin 23.000 manata satılması və bunun müqabilində həmin pulun depozitə qoyulması barədə razılığa gəlmişdirlər. İş materiallarında olan 02.07.2017-ci il tarixli qəbzin surətindən görünür ki, 23000 manat məbləğində pul Muğanbank ASC-nin Sumqayıt Filialının AZ47MUGA**********6291 nömrəli bank depozit hesabına ödənilmişdir. İş materiallarında 10.07.2018-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X4 Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 9 A, 26 saylı mənzili Sumqayıt şəhəri, yataqxana 7, Bakı küçəsi, məhəllə 15-də qeydiyyatda olan İddiaçı2 Ənnaağı qızına vəsiyyət etmişdir Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı1 mübahisəli mənzildə qeydiyyatda olduğundan, İddiaçı2 isə mənzilə dair vəsiyyətnamə verildiyindən iddiaçıları hazırki iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkündür. Eyni zamanda məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Bununla bağlı qeyd edilməlidir ki, mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyat tarixindən əmələ gəlir (Mülki Məcəllənin 146.1 və 146.2-ci maddələri). Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 9 A, 26 saylı mənzilə aid 03.08.2017-ci il tarixli alqı-satqı müqaviləsi müqavilə azadlığı prinsipinə uyğun olaraq Cavabdeh və X4 arasında bağlanmışdır. Həmin müqavilənin bağlanması zamanı daşınmaz əmlakın alqı-satqısına dair qaydalara riayət edilmişdir. Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.1, 337.3, 337.4). Məhkəmə hesab edir ki, 03.08.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olmadığından iddia tələbi Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 9 A, 26 saylı mənzilə aid Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi hissəsində də təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbinin Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilməsi hissəsində iddia tələbi 03.08.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar olduğundan və həmin hissədə iddia tələbi təmin edilmədiyindən çıxarışın etibarsız hesab edilməsi hissəsində də iddianın təmin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə İddiaçı2 iddia tələbinin əsası kimi istinad etdiyi Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 9 A, 26 saylı mənzilə dair X4 tərəfindən onun adına vəsiyyətnamə verilməsi ilə bağlı dəlilini qəbul etmir. Belə ki, Mülki Məcəllənin 1224-cü maddəsinə əsasən vəsiyyətnamə aşağıdakı hallarda qüvvədən düşür: 1224.0.1. xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə; 1224.0.2. vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə; 1224.0.3. yeganə vərəsə mirası qəbul etməkdən imtina etdikdə. Göründüyü kimi Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 9 A, 26 saylı mənzilin mülkiyyətçisi X4 İddiaçı2 vəsiyyətnamə verdikdən sonra, sağlığında sözügedən mənzili başqa şəxsə - cavabdehə satmış, beləliklə mənzili özgəninkiləşdirmişdir. Bu səbəbdən İddiaçı2 verilmiş vəsiyyətnamə öz qüvvəsini itirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişlər. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən onların Cavabdeh, maraqlı tərəf Sumqayıt şəhəri 6 saylı notariat kontoruna, 3-cü şəxs ARƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddiaları təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, maraqlı tərəf Sumqayıt şəhəri 6 saylı notariat kontoruna, 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar