Məhkəmə qərarları › İş №2(060)-5484/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5484/2023

06.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5484/2023 06.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxxxxx 1957-ci il tarixdə Ermənistanın İcevan rayonunda anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdehin qanunsuz tələbləri ilə bağlıdır. Belə ki, cavabdeh tərəfindən onun mülkiyyətində olan Sumqayıt şəhəri, Ceyranbatan bağları, ev 1, mənzil 68 (Cavabdeh İB-nin qeydiyyatına görə Abşeron, Sumqayıt, Ceyranbatan bağları, ev 1, mənzil 68) yerləşən fərdi yaşayış evinə əsassız olaraq 518 manat 40 qəpik borc hesablanmışdır. Cavabdeh tərəfindən mənzilinə bildiriş göndərilmiş və həmin bildirişdə qeyd edilmişdir ki, ona məxsus mənzildə quraşdırılmış G-4 markalı, 1202AQ**********3 nömrəli qaz sayğacı 10 iyul 2023-cü ildə yeni G-4 markalı, **********111 nömrəli qaz sayğacı ilə əvəz olunmuş, ünvandan çıxarılmış G-4 markalı, 1202AQ**********3 nömrəli qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş, sayğaca ümumi baxış keçirilmiş, guya sayğacın klapanı işlək deyil, yivli birləşmələrdə korroziya izi mövcuddur. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğacda xx.xx.2016 və xx.xx.2017-ci illərdə ALARM-1 rejimi aşkar olunmuşdur. Xətalar normadan artıqdır və sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Bu səbəbdən də ondan itirilmiş qazın bərpası ilə əlaqədar olaraq 518 manat 40 qəpik dəymiş ziyan və sayğac dəyəri olaraq hesablanmış 159 manat 96 qəpik pul tələb edilmişdir. Hesab edir ki, cavabdehin ondan tələb etdiyi pul məbləği tamamilə uydurma, cəfəngiyyat və qanunsuzdur. Belə ki, cavabdehin ondan qeyd olunan məbləğləri tələb etməsi üçün heç bir əsası yoxdur. Cavabdeh iddia etmişdir ki, guya sayğaca müdaxilə etmişdir. Əvvəlcə qeyd etmək istəyir ki, sayğac ona məxsus həyətin daxilində yox, çöldə quraşdırılmışdır. Yəni, həmin sayğac həyətdən çöldə quraşdırıldığı üçün sayğaca o məsuliyyət daşımır. Eyni zamanda qeyd edir ki, sayğac yenisi ilə əvəz olunan zaman onun xəbəri olmamış, bununla bağlı heç bir akt tərtib edilməmiş, həmçinin laboratoriyaya aparılan zaman onun iştirakı təmin edilməmiş, bu barədə ona hər hansı bir məlumat verilməmişdir. Sayğac dəyişdirildikdən sonra bildiriş göndərilmişdir ki, guya sayğaca müdaxilə edilmişdir. Bunu nə ilə sübut edirlər? Nə ilə sübut edirlər ki, sayğaca məhz onlar tərəfindən müdaxilə edilmişdir? Yuxarıda da qeyd etmişdir ki, sayğac çöldə quraşdırılmışdır. Məsuliyyəti o halda ona aid olardı ki, onun həyətində quraşdırılsaydı. Bəlkə qonşu müdaxilə etmişdir? Ya da yoxlama keçirilən zaman elə özləri tərəfindən müdaxilə edilmişdir? Qanunvericiliyin tələblərinə uyğun olaraq, sayğaca baxış keçirilən zaman abonentin iştirakı təmin edilməli, abonent iştirak etmək istəmədiyi halda isə müvafiq akt tərtib edilməlidir. Lakin cavabdeh heç bir hərəkət etməmiş, öz başına qanuna zidd olaraq sayğaca baxış keçirildikdən sonra özündən borc hesablanmışdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən tələb olunan borc əsassızdır. Ədalətli, obyektiv və hərtərəfli məhkəmə araşdırması nəticəsində silinməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən, Cavabdeh tərəfindən ona məxsus Sumqayıt şəhəri, Ceyranbatan bağları, ev 1, mənzil 68 (Cavabdeh İB-nin qeydiyyatına görə Abşeron, Sumqayıt, Ceyranbatan bağları, ev 1, mənzil 68) yerləşən fərdi yaşayış evinə dair əsassız olaraq hesablanmış itirilmiş qazın bərpası məqsədi ilə tələb olunan 518 manat 40 qəpik borcun silinməsi və sayğacın dəyəri olaraq hesablanmış 159 manat 96 qəpik pul məbləğinin ondan tələb olunmasının əsassız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, sayğac çöl hissədə yerləşir. Onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Köhnə sayğacı açmış və aparmış, yenisini gətirib qoymuşlar. Müəyyən müddət keçdikdən sonra ona məlumat daxil olmuşdur ki, sayğaca müdaxilə olunmuşdur. Sayğacda plomb olmuş, gəlmiş, açmış və sayğacı götürmüş, ona isə demişlər ki, hər şey qaydasındadır. Akt tərtib olunarkən onu heç kəs xəbərdar etməmişdir. Həmin ünvana həftədə bir yaxud iki dəfə gedib-gəlir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddia tələbinin rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, qarşı tərəf yanlış məlumat verir. Belə ki, yanvar ayında 50 manat, fevral ayında 60 manat, mart ayında isə 75 manat sərfiyyat olmuşdur. Ödənişlərdən də müəyyən olunur ki, sayğaca müdaxilə halı baş vermişdir. Çünki, ödənişlər normal deyildir. Sayğacın istismar müddəti bitdiyi üçün təşkilatın əməkdaşları ünvana baxış keçirmiş və məlum olmuşdur ki, sayğaca müdaxilə halı baş vermişdir. Alarm 1 rejimi aşkar olunmuş, bu isə ona işarədir ki, sayğaca birbaşa müdaxilə olunmuşdur. Smart kart tipli sayğaclara hər üç aydan bir baxış keçirilir. Mexaniki tipli sayğaclara isə hər ay baxış keçirilir. Təşkilatın əməkdaşları sayğacın istismar müddəti bitdiyi üçün onu aparmışlar. Ona görə də iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: - Cavabdeh İddiaçı ünvanlanmış 02 avqust 2023-cü il tarixli, 14-2-2-6/2-530/2023 saylı “sayğacın dövlət yoxlamasının bildirişi haqqında” məlumatından görünür ki, ünvanda olan G-4 markalı, 1202AQ**********3 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departmentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. xx.xx.2016 və xx.xx.2017-ci illərdə Alarm-1 rejimi aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 159.96 manat (yüz əlli doqquz manat 96 qəpik) ABB Sumqayıt filialı AZ751BAZ******************** nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən Hüquq Mühafizə orqanlarına müraciət olunacaqdır. - 10 iyul 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı, 10 iyul 2023-cü il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 4320 kubmetr qaz itkisi hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 10 iyul 2023-cü il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın klapanı işlək olmamış, yivli birləşmələrində korroziya izi mövcuddur. Qakya plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğacın yaddaş arxivi oxunmuşdur. Sayğacda xx.xx.2016 və xx.xx.2017-ci illərdə ALARM-1 rejimi aşkar olunmuşdur. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır. - Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın klapanı işlək olmamış, yivli birləşmələrində korroziya izi mövcuddur. Qakya plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğacın yaddaş arxivi oxunmuşdur. Sayğacda xx.xx.2016 və xx.xx.2017-ci illərdə ALARM-1 rejimi aşkar olunmuşdur. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır. - Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********00680) ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə ZENNER G4T Smart tipli, **********111 nömrəli sayğac quraşdırılmışdır. 07/2023-cü il tarixə 4347 kub metr qaz sərfiyyatı olmuş və həmin tarixə qalıq və aktlar əsasında 518.40 manat vəsait hesablanmışdır. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, sayğaca baxış keçirilmiş, sayğacın klapanı işlək olmamış, yivli birləşmələrində korroziya izi mövcud olmuşdur. Qakya plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğacın yaddaş arxivi oxunmuşdur. Sayğacda xx.xx.2016 və xx.xx.2017-ci illərdə ALARM-1 rejimi aşkar olunmuşdur. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, abonent saldosuna əsasən 07/2023cü il tarixə 4320 kub metr qaz sərfiyyatı olmuş və həmin tarixə qalıq və aktlar əsasında 518.40 manat vəsait hesablanmışdır. 4320 kub metr qaz sərfiyyatı üçün 10 iyul 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən 518.40 manat pul vəsaiti hesablanmışdır. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 518.40 manat borcun və sayğacın dəyəri olaraq hesablanmış 159.96 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 10 iyul 2023-cü il tarixli, ******* №-li akta əsasən hesablanmış 518.40 manat borc və sayğacın dəyərinə görə hesablanmış 159.96 manat abonentin hesabından (abonent kodu **********00680) silinməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00680 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 iyul 2023-cü il tarixli ******* saylı akta əsasən qaz sərfiyyatına görə hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik və sayğacın dəyərinə görə hesablanmış 159 (bir yüz əlli doqquz) manat 96 (doxsan altı) qəpik borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar