Məhkəmə qərarları › İş №2(060)-5493/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5493/2023

20.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5493/2023 20.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əzizli Səma Elburus qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 05 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən onun yaşadığı Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********01495) NDM, 030018 saylı, xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 660.7 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi fərdi evdə yaşayır. Həmin ünvana cavabdeh təşkilat tərəfindən işıq sayğacı quraşdırılmış və abonent kodu onun adına rəsmiləşdirilmişdir. Təxminən bir il bundan əvvəl karta pul yükləyib sayğaca vurmaq istəyirdi. Bu zaman kartdan sayğaca pul yüklənmədi. O, bu barədə Sumqayıt işıq idarəsinə müraciət etdi. Oradan 2 nəfər mütəxəssis gəlib sayğacı yoxladı. Onlardan birinin adı Əlifəğa idi. Sayğaca baxış keçirdilər və onun işlək vəziyyətdə olmadığını bildirdilər. Daha sonra o, onlarla birlikdə işıq idarəsinə getmişdir. Rəis müavini bildirdi ki, sayğacı dəyişmək lazımdır. Bu barədə ondan ərizə aldılar. İşıq idarəsinin öz işçiləri onun həyətindən sayğacı açıb götürdülər. Onlar özləri ona sayğacsız müvəqqəti olaraq cərəyan verdilər. xx.xx.2022-ci ildə sayğac "PAUD-MP-106" tipli, **********4 zavod nömrəli,2125931 dövlət möhürlü "Smart-kart” sayğacı ilə əvəz edildi. Sonra həmin tarixdə NDM030018 nömrəli akt tərtib edildi. İtirilmiş enerjinin bərpası məqsədilə akta görə 5729 kvts sərfiyyatı ( 660.7 AZN) onunla qarşılıqlı hesablaşmaya daxil edilmişdir. Bir daha qeyd edir ki, bütün bu prosesləri işıq idarəsinin işçiləri özləri etmişdir. Hər dəfə o, karta pul vurarkən ondan borc çıxılır. Hal-hazırda guya onun enerjitəchizatçı təşkilata 492.17 manat borcu var. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək cavabdeh ''Azərişıq'' ASC tərəfindən onun yaşadığı Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu **********011495) NDM, 030018 saylı xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 660.7 manat məbləğində cərimə borcunun silinməsi silinməsi tələbinə dair” qətnamə çıxarılmasmı məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı "Azərişıq” ASC-yə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, xx.xx.2022-ci il tarixdə "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum oldu ki, sayğacın giriş xəttini zədələməklə çıxış xəttini giriş xəttinə qapamaqla sayğac sxemdən kənarlaşdırdıb. Kənar xəttin en kəsiyi 4 mm aliminium naqildən ibarətdir. Naqilin qoyuluş qücü 6.1 KVT-dır. Pkənar=0.22 kvt (kənar xəttdən axan yük) Psay=0.0 kvt (sayğacdan axan yük) tam yüzdə on iki) təşkil etməsi halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydaları”nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, NDM 030018 saylı akt əsasında 660.77 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Aktın qeyd hissəsində kənar xətt ləğv edilsin. Qeydiyyatı aparılmışdır. Kənar xəttin aşkar olunması zamanı video çəkiliş aparılmışdır. Bu da ona əsas verir ki, iddiaçı elektrik enerjisindən qanuunsuz istifadə edib. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın (EEİQ) 8.17.18.17.1-ci bəndinin İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerjı təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1- ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerjı təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia təlabi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isəiddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın təəb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, sayğacına pul yükləmək mümkün olmadığından idarəyə müraciət etmiş, işıq idarəsi sayğacının işləmədiyini, sayğacının dəyişdirilməli olmasını və dəyişilməsi üçün ərizə yazmalı olduğunu bildirmişlər. O da ərizə yazmışdır. Axırıncı dəfə işıq idarəsinin iki nəfər işçisi gəlmiş, lakin sayğacı düzəldə bilmədiklərini, yeni sayğac gələndə quraşdıracaqlarını bildirmişlər və onu müvəqqəti olaraq elektrik enerjisi ilə təmin etmişlər. Rayona gedib qayıdandan sonra işığın kəsildiyini görmüşdür. Karta pul yükləsə də, kartdakı pulun silindiyini görmüşdür. Məbləğin çıxılmağının səbəbini maraqlananda ona Bakıdan gələrək 600 manat cərimə yazıldığını demişlər. O dəfələrlə idarəyə getmiş, səbəbini maraqlanmışdır. İşıq idarəsinin işçiləri bu anlazılmazlığı özlərinin aradan qaldıracaqlarını bildirsələr də borc silinməmişdir. Bildirir ki, o, kənar xətt çəkməmişdir. Problemin həllini tapmadığını görüb məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X6 etiraza uyğun izahat verərək iddia tələbini qəbəul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzildə quraşdırılmış sayğaca baxış keçirilib. Nəticədə iddiaçının kənar xəttdən istifadə etdiyi məlum olmuşdur. Onu da qeyd edir ki, oktyabr ayından mart ayına kimi iddiaçının mənzilində işıqdan istifadəyə görə hesabat aparılmayıb. Nümayəndə qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2022-ci il tarixli, 030018 nömrəli aktdan görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ünvanında olan sayğaca baxış keçirilmiş və baxış zamanı sayğacın giriş xəttini zədələməklə çıxış xəttini giriş xəttinə qapamaqla sayğac sxemdən kənarlaşdırdıb. Kənar xəttin en kəsiyi 4 mm aliminium naqildən ibarətdir. Naqilin qoyuluş qücü 6.1 KVT-dır. Pkənar=0.22 kvt (kənar xəttdən axan yük) Psay=0.0 kvt İşdə Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət idarəsinin əməkdaşları tərəfindən mənzilin sayğacına baxış keçirərkən elektrik enerjisinin uçotu və “EEİQ”-na riayət olunması halının pozulması faktı aşkar edilmişdir. Bu fakt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 N-li Qərarı ilə təsdiq edilmiş "X1 Qaydaları”na uyğun olaraq, xx.xx.2022-ci il tarixdə NDM 030018 saylı aktla rəsmiləşdirilmişdir. İtirilmiş enerjinin bərpası məqsədilə akta görə 5729 kVts (660.7 AZN) sərfiyyat Sizinlə qarşılıqlı hesablaşmaya daxil edilmişdir. Akta əsasən xx.xx.2022-ci il tarixdə sayğac PAUD-MP-106 tipli, **********4 zavod nömrəli, ******* dövlət möhürlü Smartkart” sayğacı ilə əvəz edilib. Aktın tərtibatı və itirilmiş enerjinin bərpası ilə bağlı hesabat “Qaydalar”ın tələblərinə uyğun olduğundan onlara yenidən baxılması üçün əsas yoxdur. Abonentin xx.xx.2023-cü il tarixə enerjitəchizatçı təşkilata 492.17 manat borcu vardır və ödəniş təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ünvanında **********01495 saylı abonent tərəfindən sayğaca kənar xəttin qoşulduğu halı müəyyən edildiyindən 030018 nömrəli xx.xx.2022-ci il tarixli akt tərtib edilməsi nəticəsinədə İddiaçı 660,77 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2023-ci il tarixli, 306427 nömrəli protokoldan görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ünvanında **********1 nömrəli sayğac 030018 nömrəli akta əsasən çıxarılmış və 0**********4 nömrəli sayğac ilə əvəz edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ünvanında yerləşən ev İddiaçı istifadəsindədir. Həmin ünvan "xxxx" ASC-də ünvan 2lınmışdır. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları iddiaçının istifadəsində olan qeyd edilən mənzilə gələrək, baxış zamanı abonentin sayğacın giriş xəttini zədələməklə çıxış xəttini giriş xəttinə qapamaqla sayğacı sxemdən kənarlaşdırdığını aşkar etmiş, bununla bağlı xx.xx.2022-ci il tarixli, 030018 nömrəli akt tərtib olunmuşdur. Hazırda iddiaçı qeyd edilən aktı mübahisələndirir və buna əsas kimi kənar xəttin onun tərəfindən deyil, “Sumqayıt” X5 və Satışı İdarəsinin Sumqayıt EŞ-nin əməkdaşları tərəfindən qoşulmasına istinad edir. “X1 Qaydaları”nın 5.3-cü bəndinə görə yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Həmin Qaydaların 7.11-ci bəndində nəzərdə tutulur ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Belə ki, işdə olan “Sumqayıt” X5 və Satışı İdarəsinin Sumqayıt EŞ-nin rəisi tərəfindən “Sumqayıt” X5 və Satışı İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, abonent İddiaçı evinə 2018-cı ildə quraşdırılmış SMART-kart sayğacına hər dəfə pul vəsaitini yükləyərkən kartı bloka düşdüyünə görə xx.xx.2022-ci il tarixli Ə-138 saylı ərizə ilə müraciət etmişdir. Ərizəyə əsasən əməkdaşlar tərəfindən sayğaca baxış keçirilmiş və sayğacın istismara yararsız olduğu aşkar edilmişdir. Sayğacın yenisi ilə əvəz olunması mümkün olmadığından və mənzilin enerji təchizatını təmin etmək məqsədilə mənzil müvəqqəti birbaşa şəbəkəyə qoşulmuşdur. Bu ərəfədə "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən həmin mənzilin sayğacına baxış keçirərkən elektrik enerjisinin uçotu və ÜEEİQ”-a riayət olunması halının pozulması faktı aşkar edilərək xx.xx.2022-cı il tarixli NDM ******* saylı aktla rəsmiləşdirilmişdir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2022-cı il tarixli NDM ******* saylı aktın ləğv olunması və mənzilə yaranmış borcun dürüstləşdirilməsi üçün köməklik göstərilməsi xahiş olunmuşdur. Göründüyü kimi iddiaçının yaşadığı mənzildə olan sayğacın istismara yararsız olduğu halı cavabdehin əməkdaşları tərəfindən aşkar edilmişdir. Lakin həmin vaxt sayğacın yenisi ilə əvəz olunması mümkün olmadığından mənzilin enerji təchizatını təmin etmək məqsədilə Sumqayıt EŞ-nin əməkdaşları tərəfindən mənzil müvəqqəti birbaşa şəbəkəyə qoşulmuşdur. Beləliklə mənzilin elektrik şəbəkəsinə kənar xətt vasitəsilə qoşulması iddiaçı tərəfindən həyata keçirilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış 660,70 (altı yüz altmış manat yetmiş qəpik) manat borc cavabdeh "xxxx" ASC silinməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən evə (abunə kodu: **********01495) cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 660,70 (altı yüz altmış manat yetmiş qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar