Məhkəmə qərarları › İş №2(060)-5506/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5506/2021

31.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5506/2021 31.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın etibarsız hesab olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında yerləşən 76 saylı mənzildə quraşdırılmış elektrik sayğacına dair tərtib olunmuş aktın etibarsız hesab olunması və əsassız hesablanmış 754,93 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, ünvan 2 ünvanında yerləşən 76 saylı mənzil faktiki olaraq onun istifadəsində və sahibliyindədir. O, həmin evdə ailə üzvlərində birlikdə yaşayır. Qeyd edir ki, o, yaşadığı ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtmda ödəmiş və tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmayıb. Belə bahal heç vaxt baş verməyib. Qeyd etmək istəyir ki, həmin mənzilin kommunal ödənişləri atası mərhum Mahmudov Əli Allahverdi oğlunun adına olmuşdur. Lakin atası mərhum Mahmudov Əli Allahverdi oğlu 21 oktyabr 2021 -ci il tarixdə vəfat etmişdir. 25 fevral 2021 -ci il tarixdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən onun sahibliyində və istifadəsində olan ünvan 2 ünvanında yerləşən 76 saylı mənzildə ********** nömrəli elektrik sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 021531 saylı akt tərtib olunmuşdur. Ünvanından çıxarılmış ********** nömrəli elektrik sayğacı dövlət yoxlamasına göndərilmiş və verilən rəyə əsasən ünvanından çıxarılmış sayğacın gövdəsinin sağ tərəfində yerləşən hollaqramın kəsik olması göstərilmişdir. Ona görə də sayğacların və cərəyan tranformalorlarının yoxlanması barədə 213006 nömrəli protokol tərtib olunmuşdur. Sonradan ona məlum oldu ki, ona 754,93 manat məbləğində borc hesablanıb. Ünvanına quraşdırılmış elektrik sayğacının dövlət yoxlamasına göndərilməsi barədə verilən rəy gözləniləndir. Çünki rəy verən şəxslər iş üzrə maraqlı olan şəxslərdir. Qeyd olunan rəy istehlakçı olaraq onun əsassız olaraq yüklənməyi üçün nəzərdə tutulmuşdur. Belə ki, həmin rəyin əsasında sayğaca guya müdaxilə aşkar olunduğu müəyyən olunduğudan əsassız olaraq hesablanmış 754,93 manat məbləğində borc cavabdeh tərəfindən ondan tələb olunur. O, sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmişdir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. Hesab edirm ki, akt etibarsız hesab olunmalı, sayğacın dəyəri və cərimə kimi ondan tələb olunan borc silinməlidir. Qeyd edir ki, yaşadığı evin elektrik sayğacı evdən kənarda quraşdırılıb. Belə olan halda sayğaca olunan hər hansı bir müdaxiləyə və sayğacın qorunub saxlanmasına görə o, məsuliyyət daşımır. Hesab edir ki, bütün bunlar nəzərə alınmalıdır. Hesab edir ki, mübahisələndirilən aktda olan pozuntuya görə o, məsuliyyət daşımadığından və həmin akt hazırkı iş üzrə onun hüquqlarını və qanunla qorunan mənafelərini pozduğundan həmin akt etibarsız hesab olunmalıdır. Göstərilənləri nəzərə alaraq, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında yerləşən 76 saylı mənzildə quraşdırılmış elektrik sayğacına dair tərtib olunmuş aktın etibarsız hesab olunması və əsassız hesablanmış 754,93 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmədə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, 25.02.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən Sayğacın üzərində 2038 KVT/s komuter məlumat bazasına daxil edilməmiş sərfiyyat var və sayğacın üst örtük qapağının gövdə ilə birləşmə hissəsində sol tərəfdə müdaxilə izləri olması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 25.02.2021-ci il tarixli, 021531 saylı akt əsasında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Məişət abonenti tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istfadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Aparılmış hesablaşma abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. Həmçinin qeyd olunan faktla bağlı daha da obyektiv araşdırma məqsədi ilə həmin sayğac qurşadırıldığı yerdən çıxarılaraq xüsusi qutuya qoyulmaqla möhürlənmiş və "xxxx" ASC-nin ixtisaslaşmış laboratoriyasında xüsusi komissiya tərəfindən yoxlanılmış və həmin elektrik hesabat sayğacın gövdəsinin sağ tərəfində yerləşən hollaqramı kəsik olması müəyyən edilərək 10.03.2021-ci il tarixli 213006 saylı protokolla təsdiq edilmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı elektrik enerjisindən istifadə qaydalarını pozduğuna görə tərtib edilmiş aktın etibarsız hesab edilməsi və akta əsasən 754,93 manat borcun silinməsinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ № 093614 saylı, 28.10.2020-ci il tarixli, “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Mahmudov Əli Allahverdi oğlu 21.10.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin sayğac quraşdırma və uçota nəzarət idarəsi, “Sayğacların və cərəyan transformatorlarının yoxlanması” 10.03.2021-ci il tarixli, № 213006 saylı protokolun surətindən görünür ki, sayğacın gövdəsinin sağ tərəfində yerləşən hollaqramı kəsikdir. Sayğac normal buraxılan xəta ilə işləyir. iş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları R.Osmanov və V.Abdullayev tərəfindən tərtib edilmiş 25 fevral 2021-ci il tarixli NDM seriyalı 021531 №li aktdan görünür ki, Mahmudov Əli Allahverdi oğluna məxsus Sumqayıt şəhəri, 11-ci mkr, ev 0160, mm 1686-a aid mənzilə məxsus elektrik hesabat sayğacına baxış zamanı məlum oldu ki, elektrik sayğacının üst örtük qapağının gövdə ilə birləşən hissəsində sol tərəfdə müdaxilə izləri var. Sayğacın üzərində komputer məlumat bazasına daxil edilməyən 2038 kvt elektrik sərfiyyatı vardır. İş materiallarında olan 30.08.2021-ci il tarixli Abunə haqqında saldodan görünür ki, Mahmudov Əli Allahverdi oğluna məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 0160, M: 1686-ya akt əsasında 754,93 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X1 17 saylı Mənzil-Kommunal Sahəsinin 30.08.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Əli oğlu ünvan 1, mənzil 7b-də Qubadlı rayon məcburi köçkünü kimi məskunlaşıb. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Əli oğlu ünvan 3 ünvanında yaşayır, yəni həmin mənzildə elektrik enejisindən istifadə edən istehlakçılardan biridir. Həmin mənzildə istifadə edilən elektrik enerjisini qeydə alan sayğac mənzilin çöl hissəsində quraşdırılmışdır. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları iddiaçının istifadəsində olan qeyd edilən mənzilə gələrək, 25.02.2021-ci il tarixdə sözügedən mənzildə elektrik sayğacına müdaxilə olunmasını aşkar etmiş, bununla bağlı iddiaçıya borc hesablamışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3-cü bəndinə görə yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyriistehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Həmin Qaydaların 7.11-ci bəndində nəzərdə tutulur ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. İşdə olan 25.02.2021-ci il tarixli, NDM № 021531 nömrəli aktdan görünür ki, ünvan 3 ünvanının sayğacına baxış keçirilmiş və baxış zamanı baxış zamanı məlum oldu ki, elektrik sayğacının üst örtük qapağının gövdə ilə birləşən hissəsində sol tərəfdə müdaxilə izləri var. Sayğacın üzərində komputer məlumat bazasına daxil edilməyən 2038 kvt elektrik sərfiyyatı vardır. İstehlakçı elektrik sayğacının zədələnməsinə görə, o vaxt məsuliyyət daşıyır ki, elektrik paylayıcısı bu zədənin (hazırki halda daxili qüsurunun) istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğacın daxili qüsurunun iddiaçı tərəfindən edildiyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İş materiallarına əlavə edilmiş 25.02.2021-ci il tarixli NDM №021531 saylı aktın surətindən görünür ki, sözügedən akt "xxxx" ASC-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş, aktın tərtib edilməsində iki nəfər hal şahidinin iştirakı təmin edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş 25.02.2021-ci il tarixli NDM №021531 saylı aktın etibarsızlığı üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacda yaranmış qüsur öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir (7.9.). İstismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır (7.10.). Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır (7.11.). İştirak edən şəxslərin izahatlarına əsasən müəyyən edilir ki, iddiaçıya məxsus elektrik sayğacı mənzildə deyil mənzildən kənarda yerləşir. Belə olan halda sayğacın qorunması və işlək vəziyyətdə saxlanmasına görə məsuliyyət cavabdehin üzərinə düşür. Belə olan halda sayğacın yararsız hala salnması ilə bağlı məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Bununla yanaşı aktla müəyyən edilir ki, iddiaçıya məxsus sayğacda komputer məlumat bazasına daxil edilməmiş 2038 kvt.s elektrik enerjisi vardır. İddiaçı həmin sərfiyyatla bağlı hər kvt. üçün 0,11 manatdan hesablaşma aparmışdır. Göründüyü kimi bununla bağlı iddiaçıya 224,18 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, iddiaçının silinməsini xahiş etdiyi həmin borc sayğac əsasında yaranmış borc olduğundan həmin borcun silinməsi mümkün deyildir. Bu səbəbdən həmin borc məbləği iddiaçının ümumi borcundan çıxılmaqla yerdə qalan 530,75 manat borc iddiaçının abonent hesabından silinməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Əli oğlunun yaşadığı ünvan 1, mənzil 76-ya dair "xxxx" ASC tərəfindən 25.02.2021-ci il tarixdə tərtib olunmuş NDM № 021531 saylı akta əsasən əsassız olaraq hesablanmış 530 (beş yüz otuz) manat 75 (yetmiş beş) qəpik məbləğində borc əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Əli oğlunun yaşadığı ünvan 1, mənzil 76-ya dair "xxxx" ASC tərəfindən 25.02.2021-ci il tarixdə tərtib olunmuş NDM № 021531 saylı akta əsasən əsassız olaraq hesablanmış 530 (beş yüz otuz) manat 75 (yetmiş beş) qəpik məbləğində borc əsassız olduğu üçün silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar