Məhkəmə qərarları › İş №2(060)-5519/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5519/2025

08.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5519/2025 08.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) tərəfindən Sumqayıt şəhəri, Corat bağları ərazisi 2378/1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsində olan, cavabdeh tərəfindən iddiaçının adına açılmış **********000 saylı abonent kodu əsasında hesablanmış 1556,13 manat borcun 532 manatının silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi 2378/1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixindən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh tərəfindən suyun verilişi ilə əlaqədar olaraq iddiaçının adına **********000 saylı abonent kodu açılmışdır. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixində xəbardarlıq məktubu göndərilmiş və həmin məktubda qeyd olunmuşdur ki, “Hörmətli abonent! Bildiririk ki, xx.xx.2025-ci il tarixinə sizin istifadə etdiyiniz su təchizatı və kanalizasiya xidmətlərinə görə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüqüqi şəxsə 1556,13 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcunuz yaranmışdır. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə və "X1" 2.1.9.2 yarımbəndinə əsasən "Su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilməlidir. Əks təqdirdə, su təchizatı müəssisəsi istehlakçının su təchizatını və kanalizasiya xidmətini dayandırmaq hüququna malikdir". Qeyd edilənləri nəzərə alaraq, 7 iş günü müddətində borcunuzun ödənilməsi tələb olunur. Əks təqdirdə göstərilən xidmətlər dayandırılacaq, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin Sizdən məhkəmə qaydasında tutulması təmin ediləcəkdir”. Cavabdeh iddiaçıdan 2016-cı ilin 1 yanvar tarixindən hazırki günə kimi 1556,13 manat məbləğində borc tələb edir. Hazırda 2020-ci ilin avqustun 1-dək yığılan borcu cavabdeh iddiaçıdan tələb edə bilməz. Belə ki, həmin illər üzrə yaranmış borcun tələbetmə müddəti ötürülmüşdür. xx.xx.2016-cı ildən xx.xx.2020-ci il tarixinədək olan borcun məbləği 532 manat təşkil edir. Borcun silinməsi ilə bağlı cavabdeh orqana şifahi qaydada iddiaçı tərəfindən müraciət edilməsinə baxmayaraq cavabdeh orqan həmin borcun silinməsindən imtina etmişdir. Bu səbəbdən qeyd olunan borcun məhkəmə qaydasında silinməsi zərurəti yaranmışdır. Cavabdehin nümayəndəsi məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh “ADSEA”-nin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə qarşı, iddiaçının **********000 saylı abonent koduna hesablanmış 1556,13 manat borcdan 532 manat məbləğin silinməsinə dair iddia tələbini tam və bütünlüklə rədd edirlər. Belə ki, iş üzrə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin Bağlar Sukanal idarəsi tərəfindən İddiaçı su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İddiaçı əhali qrupu abonentinə aiddir və ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2025-ci il tarixinə abonentin 1649,43 manat borcu qalmışdır. Su təchizatı müəssisəsi tərəfindən borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda sonuncu dəfə xx.xx.2025-ci ildə xəbərdarlıq göndərilmişdir. Lakin iddiaçı xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödəniş etməmişdir. Abonentin ünvanında hesabat sayğacsız hesablanmaya əsaslanır. Qeyd olunanların nəzərə alınaraq İddiaçı cavabdeh kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”-nə qarşı iddiaçının **********000 nömrəli abonent koduna hesablanmış 1556,13 manat borcundan 532 manat məbləğin silinməsinə dair iddia tələbinin təmin olunmamasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsində göstərdiklərini müdafiə edərək, etiraz ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Abonent kartından görünür ki, abonent kodu **********000 olan İddiaçı adına su və kanalizasiya xidmətləri üzrə yaranmış borc 2025-ci ilədək 1572,73 manat təşkil edir. - Xəbərdarlıq məktubundan görünür ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardar edilmişdir. - “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən daxil olmuş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2378/1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi 2378/1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsində **********000 saylı abonent koduna su və kanalizasiya xidmətləri üzrə 1556,13 manat borc hesablanmışdır. İddiaçı həmin borcun 532 manatının silinməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Su təchizatı və tullantı suları haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun 5.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.Həmin Qanununun 5.3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanaunun 62.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31 yanvar 2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,3 manat müəyyən edilməklə, miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2”nın 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən Sumqayıt şəhəri, Corat bağları ərazisi 2378/1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsində **********000 saylı abonent kodu əsasında hesablanmış borcdan 532 manatı silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 532 manat olduğundan qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən Sumqayıt şəhəri, Corat bağları ərazisi 2378/1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsində **********000 saylı abonent kodu əsasında hesablanmış borcdan 532 manatı silinsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsdən tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar