Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-552/2022 25.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh “Azəriqaz” İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 25 aprel 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 18.11.2019-cu il tarixli, 02242208 nömrəli akta əsasən qeyd edilən 151.20 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 64,67 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanında yerləşən, ev 2, mənzil 8 mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu onun adına 14.07.2021-ci ildə verilmiş Çıxarış təsdiq edir. Cavabdeh tərəfindən tərtib edilən aktlarda mərhum həyat yoldaşı X1 adı qeyd edilmişdir. Mərhum həyat yoldaşı F.Qasımov 24 dekabr 2020-ci ildə vəfat etmişdir. Bir daha bildirir ki, hal-hazırda sözügedən mənzilin mülkiyyətçisi odur. “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən mənzilinə xidmət edən mexaniki tipli təbii qaz sayğacı çıxarılaraq əvəzinə yeni smartkart tipli qaz sayğacı quraşdırmışlar. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” 14.08.2019-cu il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Mənzilindən çıxarılmış qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və X6 Kalibirləşmə Laboratoriyasında yoxlama keçirilmiş və 13.11.2019-cıı il tarixli, MSK-29/1710-02573-1 saylı akta əsasən müəyyən edilmişdir ki, “Sayğacın plastmas ekranında kənar təsir izi var, plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan birinin sınıq olduğu aşkar olunduğundan” sayğac istismara yarasız kimi qiymətləndirilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18.11.2019cu il tarixli, ******* nömrəli Akt tərtib edilmişdir. Sözügedən akta əsasən itirilmiş qazın bərpası üçün 151,20 manat və sayğacın dəyərinə görə 64,67 manat borc hesablanmışdır. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. Aktların tərtibində iştirak etməmiş və aktları imzalamamışdır. Qeyd edir ki, qaz sayğacı mənzilin blokunda yerləşir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə o, günahkar deyil. Bu səbəbdən də tələb olunan məbləği əsassız hesab edir. Hesab edir ki, cavabdeh tərəfindən abonentin saldosunda qeyd edilən 151,20 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 64,67 manatın silinməsi barədə qətnamə qət edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirmişdir. Vizual baxış zamanı “Sayğacın plastmas ekranında kənar təsir izi, plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan birinin sınıq olduğu aşkar olunduğundan” sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Buna görə də «Azəriqaz» İB tərəfindən 18.11.2019-cu il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmçinin sayğaca olan müdaxilə Dövlət Laboratoriyasının rəyi ilə də öz təsdiqini tapır. Müdaxilə edilmiş sayğacın dəyəri 64.67 manatdır. Hesab edir ki, akt tam qanuni və əsaslıdır. Göstərilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə İddiaçı iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materialında olan AZ-İİ 147176 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 24.12.2020-cı il tarixində “beyin ödəmi” səbəbindən Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2196 nömrə ilə qeyd edilmişdir. İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə 14.07.2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan «Azəriqaz» İB-in “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında məktubuna əsasən, ünvan 1 ünvanından çıxarılmış G-4 markalı ******* nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və metrologiya Departamentinin verdiyi rəyə əsasən həmin ünvandan çıxarılmış sayğacın plastmas ekranında kənar təsir izi, plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan biri sınıq olduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri olan 64,67 manatın ödənilməsi abonentdən tələb edilmişdir. İşdə olan dəymiş ziyanın bərpasına dair 18.11.2019-cu il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 1512 m3 (151.20 manat) müəyyən edilmişdir. İşdə olan 18.11.2019-cu il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda ünvan 1 ünvanında X1 adına açılmış G-4 markalı ******* nömrəli sayğacın plastmas ekranında kənar təsir izi, plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan birinin sınıq olduğu qeyd edilmişdir. İşdə olan 14.08.2019-cu il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, ünvan 1 ünvanında X1 adına açılmış G-4 markalı ******* nömrəli sayğac İtron tipli G-4 markalı **********8 nömrəli sayğac ilə əvəzlənmişdir. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 18.11.2019-cu il tarixli, MSK-29/1710-02573-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla “Azəriqaz” İB-nin SOCAR**********30991710x02573 saylı, 30.08.2019-ci il tarixli məktubuna əsasən 11.09.2019-ci il tarixində Sumqayıt QİSdən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. İş materiallarında olan 20.10.2021-ci il tarixli abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında X1 adına 15.08.2019-cu il tarixdə açılmış sayğaca əsasən ona təbii qazdan istifadəyə görə 151.20 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 2, 8 saylı mənzilin qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Cavabdeh «Azəriqaz» İB-nin əməkdaşları iddiaçıya məxsus qeyd edilən evə gələrək, sözügedən mənzilə quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş, həmin ünvandan çıxarılan sayğacı dövlət yoxlamasına göndərmiş, sayğacda aşkar edilmiş nasazlıqla bağlı iddiaçıya borc hesablamışdır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 ünvanına quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımadığından ona əsassız olaraq hesablanmış 151,20 manat məbləğində cərimə borcu və 64,67 manat məbləğində sayğacın dəyəri olan borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu: **********00080) əsassız olaraq hesablanmış 151,20 (bir yüz əlli bir manat iyirmi qəpik) manat məbləğində cərimə borcu və 64,67 (altmış dörd manat altmış yeddi qəpik) manat məbləğində sayğacın dəyəri olan borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-552/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-552/2022
25.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver