Məhkəmə qərarları › İş №2(060)-5541/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5541/2021

06.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5541/2021 06.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinə qarşı “akta və müdaxilə edilmiş sayğacın dəyəri olaraq əlavə hesablanmış borc məbləğlərin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinə qarşı “akta və müdaxilə edilmiş sayğacın dəyəri olaraq əlavə hesablanmış borc məbləğlərin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı evin, 26 saylı mənzilinə tərtib olunan 17.05.2021-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 216 manat və müdaxilə edilmiş sayğacın dəyəri olaraq hesablanmış 64.67 manat borc məbləğlərinin qanunsuz və əsassız hesab edilərək **********00260 saylı abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, 26.02.2021-ci il tarixdə mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı evin, 26 saylı mənzili üçün quraşdırılmış qaz sayğacı cavabdehin nümayəndələri tərəfindən yenisi ilə əvəz olunması üçün quraşdırıldığı pilləkən meydançasından onun iştiraki ilə sökülərək çıxarılmış və elə həmin vaxt da yeni qaz sayğacı quraşdırılmışdır. 27.05.2021-ci il tarixdə cavabdehin ərazi üzrə nümayəndəsi tərəfindən ona mənzilindən yuxarıda qeyd olunmuş tarixdə sökülmüş sayğacın çıxış plasmas borusunun deşildiyini və buna görə akt tərtib edildiyini və həmin aktın nüsxəsini ona təqdim etmək üçün onu imzalamalı olduğunu bildirmiş və tərəfindən müvafiq imza çəkildikdən sonra 17.05.2021- ci il tarixli təbii X2nın pozulması haqqında ******* nömrəli aktın nüsxəsi ona təqdim olunmuşdur. Təxminən 3-4 gün sonra o məsələyə aydınlıq gətirilməsi ilə əlaqədar X4 İdarəsinə müraciət edərkən ona bildirmişdir ki, mənzilin üçün quraşdırılmış qaz sayğacının plasmas borusu deşilmişdir. Sayğacın mənzilində deyil pilləkən meydançasında quraşdırıldığını, həmçinin onların əməkdaşları tərəfindən bu ilin fevral ayında həmin sayğacın quraşdırıldığı yerdən söküldüyü zaman sayğacın bütün möhürlərinin tam olduğunu onun yerindən çıxarılarkən yoxlanıldığını və heç bir qüsur müəyyən edilmədiyini, tərəfindən sayğaca müdaxilə etmədiyini, yaşadığı binanın mərkəzi istilik sisteminə qoğulduğunu, mənzilində yalnız mətbəxdə 3 gözlü qaz peçinin olduğunu və qazdan yalnız yemək bişirmək məqsədilə istifadə olunduğunu və buna görə də aylıq sərfiyyatının 3-4 manatdan çox olmadığı halda tərəfindən belə bir müdaxilə edilməsinə heç bir zərurət olmadığını və bunun heç bir məntiqə sığmadığını onlara bildirdi. Həmin müəssisənin əməkdaşı isə ona bildirmişdir ki, güya mənzilindən çıxarılmış sayğac 30 aprel 2021-ci il tarixdə "xxxx" İB-nin Metrologiya Departamentində yoxlamadan keçirilmiş və həmin tarixdə tərtib olunmuş akta əsasən sayğacın çıxış plasmas borusunun deşildiyi müəyyən olunduğundan müdaxilə edilmiş sayğacın dəyəri olaraq 64.67 manat və son 90 gün müddətinə itirilmiş qazın bərpası üçün 216 manat məbləğində cərimə ödəməlidir, əks təqdirdə mənzilinin qaz təchizatı dayandırılacaqdır. Hesab edir ki. cavabdeh tərəfindən təbii qazın istehlakçısı olaraq hüquqları kobud şəkildə pozulmuş və onun üzərinə qanunsuz olaraq öhdəlik qoyulmasına cəhd göstərilmişdir. Buna görə də pozulmuş istehlakçı hüquqlarının müdafiəsinin məhkəmə qaydasında mümkün olacağı qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “Azəriqaz“ İB-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri 5-ci mikrorayon, 39/6B saylı evin, 26 saylı mənzili İddiaçı məxsusdur. İş materiallarında olan ******* nömrəli, 17.05.2021-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı evin, 26 saylı mənzilindən çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və verilən rəyə görə sayğacın çıxış plasmas borusunun deşildiyi aşkar olunmuşdur. İş materiallarında olan 18.05.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı evin, 26 saylı mənzilinə 2160 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı evin, 26 saylı mənzilinə dair 216 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş 01/01MS-11-709 nömrəli, 03.06.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı evin, 26 saylı mənzilinə müdaxilə edilmiş sayğacın dəyəri olan 64.67 manat məbləğində pulun İddiaçı tərəfindən ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X2”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik daşımadığından dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 216 manat məbləğində borc və tələb edilən 64.67 manat sayğacın dəyəri olan borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı evin, 26 saylı mənzilinə (abunə kodu: **********00260) dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 216 manat borc və 64.67 manat sayğacın dəyəri olan borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar