Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-555/2024 14.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən əsassız hesablanmış 195 manat dondurulmuş borcun **********01273 abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1979-cu ildə anadan olmuşdur. Hal-hazırda Sumqayıt şəhəri, X3 qəsəbəsi, K.Kərimov küçəsi, bina 11, mənzil 18 ünvanında yaşayır. Qeyd etdiyi ünvana dair elektrik enerjisindən istifadəyə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri də yaşadığı müddətdə tam şəkildə ödəmişdir. Lakin, mənzildə 195 manat məbləğində dondurulmuş borc olduğu üçün abonent kodunu öz adına keçirə bilmir. Bir neçə dəfə "xxxx" ASC-yə müraciət etsə də həmin borcun yalnız məhkəmə qərarı ilə silinməli olduğunu və onların səlahiyyətində olmadıqlarını bildirmişlər. Bunun üçün də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, ona hesablanan cərimə borcu tamamilə qanunsuzdur. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, 2022-ci ilin aprel ayından mənzildə kirayə müqaviləsi əsasında yaşayır. Qaz və suyu ASAN xidmətdə öz adına keçirtmişdir. Daha sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş və orada ərizə yazdırmışlar. Bakıda yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə faks vasitəsi ilə məlumat da göndərmişdirlər. Daha sonra abonenti adına keçirtmək istədikdə bildirmişdir ki, ASAN xidmətdə bildirmişlər ki, köhnə qalıq borc sistemdə dondurulmuş şəkildə göstərilir. Bildirirlər ki, həmin məbləğ ödənilməlidir. Ödənildikdən sonra ada keçirilə bilər. Kirayə müqaviləsinin bitmə vaxtı onun xidmətinin bitmə vaxtına qədərdir. Hal-hazırda 15 ildir ki, hərbi xidmətdədir. Yaş məhdudiyyətinə görə 48 yaşına kimi yaşamaq hüququ vardır. Kirayə müqaviləsini təqdim etmişdir. Ev şəxsi deyil, xidməti evdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği dondurulmuş borc məbləğidir. Hal-hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tələb olunmur. Mənzilin alğı-satqısı və sayğacda ad dəyişmə zamanı vətəndaş ASAN xidmət mərkəzlərinə müraciət etdikdə borcun mövcudluğu bildirilir. Borcun nə zaman yarandığı məlum deyildir. 195 manat borc dondurulmuş, yerdə qalan borc məbləği isə "xxxx" ASC dövrünə düşdüyü üçün dondurulmamışdır. Ünvanda kim yaşayırsa ödənişləri də o edir. Sayğac üzrə borc yoxdur. Abonent saldosunda sayğac dəyişmələri qeyd olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Abunə haqqında saldodan müəyyən edilir ki, X1 məxsus Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Ev(Bina):0680, mənzil:1273-ə enerji sərfiyyatına görə 03 iyul 2015-ci il tarixinə orta sərfiyyat əsasında inteqrasiya dövr borcu, ümumilikdə 206 (iki yüz altı) manat 92 (doxsan iki) qəpik borcu qalmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 293 nömrəli, 19 oktyabr 2022-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, kirayə verən Q.Nağıyev kirayəçi gizir İddiaçı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsi haqqında Sumqayıt Qarnizonu rəisinin xx.xx.2019-cu il tarixli, 124 nömrəli qərarı əsasında Azərbaycan Respublikasının Mənzil qanunvericiliyinə uyğun olaraq müqaviləni bağlamışlar. Kirayəyə verən Tağıyev-z, hərbi şəhərcik, K.Kərimov küçəsi, 11 nömrəli binada, 18 nömrəli mənzildə yerləşən, H.Zeynalabdin r-n MİH-nin mənzil fonduna aid, yaşayış hissəsi 16,0 kv. metrdən ibarət 3 otaqlı yaşayış sahəsinin kirayə haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və müqavilə ilə müəyyən edilmiş şərtlərlə MN-də xidmət müddətinə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli gizir İddiaçı tərəfindən yazılmış iltizamdan görünür ki, o, N nömrəli hərbi hissənin hərbi qulluqçusu (mülki işçisi) gizir İddiaçı iltizamı ondan ötrü vermişdir ki, ona 293 nömrəli, xx.xx.2022-ci il tarixli kirayə müqaviləsi əsasında H.Zeynlabdin qəsəbəsi, Tağıyev – z h/ş, K.Kərimov küçəsi, ev 11, mənzil 18 ünvanında verilən 3 otaqlı, sahəsi 36,0 kv.m olan xüsusi təyinatlı yaşayış sahəsini müqavilənin 2.4.11-ci və 5-ci bəndlərinə uyğun olaraq şərtsiz H.Zeynalabdin rayon MİH-nə müqavilənin 2.4.6-cı bəndinə uyğun olaraq yararlı vəziyyətdə təhvil verəcəkdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər və işin araşdırılan hallarına əsasən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı Sumqayıt şəhəri, X3 qəsəbəsi, K.Kərimov küçəsi, bina 11, mənzil 18 (abunə kodu: **********01273) ünvanına 03 iyul 2015-ci il tarixdən işlədicilərin gücünə görə orta sərfiyyat əsasında ümumilikdə 206 (iki yüz altı) manat 92 (doxsan iki) qəpik inteqrasiya dövrü üçün borc hesablanmışdır. İddiaçı həmin məbləğdən 195 manat borcun silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindənyol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaları”nın 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki iş materiallarından da müəyyən olunduğu kimi iddiaçının elektrik enerjisinə görə olan borcu sayğac əsasında, iddiaçının müdaxiləsi və ya digər qanunsuz hərəkəti nəticəsində yaranmış borc olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilə 2015-ci il tarixdən hesablanmış 195 manat borc silinməlidir. Məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən qeyd olunmasını zəruri hesab edir ki, 206.92 manat inteqrasiya dövr borcundan müəyyən ödənişlər etmiş, onun ödənilməmiş 195 manat əsassız hesablanmış borc məbləği silinməlidir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-cimaddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən tələb edilən borc ETAİS-dən yaranan borcdur, odur ki, hesablanmış 195 manat məbləğində borc əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, X3 qəsəbəsi, K.Kərimov küçəsi, bina 11, mənzil 18 (abunə kodu: **********01273) ünvanına enerji sərfıyyatına görə əsassız olaraq hesablanmış 195 (bir yüz doxsan beş) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-555/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-555/2024
14.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver