Məhkəmə qərarları › İş №2(060)-5550/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5550/2022

06.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5550/2022 06.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1-a hesablanmış 1146.40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, hazırda ünvan 1-da yaşayır. Hazırda cavabdeh təşkilat tərəfindən xx.xx.2015-ci il tarixə 1146.40 manat borc hesablanmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evi **********00348 saylı kodla xx.xx.2000-ci il tarixindən abonent qeydiyyatındadır. Abonentin mənzilinə xx.xx.2008-ci il tarixində elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmişdir. Abonentin xx.xx.2022-ci il tarixinə enerjitəchizatçı təşkilata olan 1157.70 manat borcunun 211.40 manat hissəsi "xxxx" ASC dövrünə olan sayğac borcu, 946.40 manat hissəsi isə "xxxx" ASC dövründə yaranmış borcdur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Abunə haqqında çıxarışdan görünür ki, iddiaçının 946.40 manat borcu vardır və həmin borc xx.xx.2015-ci ilədək olan dövrü əhatə edir. - "xxxx" ASC-nin “Şimal” X2 və Satışı İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evi **********00348 saylı kodla xx.xx.2000-ci il tarixindən abonent qeydiyyatındadır. Abonentin mənzilinə xx.xx.2008-ci il tarixində elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmişdir. Abonentin xx.xx.2022-ci il tarixinə enerjitəchizatçı təşkilata olan 1157.70 manat borcunun 211.40 manat hissəsi "xxxx" ASC dövrünə olan sayğac borcu, 946.40 manat hissəsi isə "xxxx" ASC dövründə yaranmış borcdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki ünvan 1 ünvanına aid abonent koduna xx.xx.2015-ci ilədək 1146.40 manat borc hesablanmışdır.Onun 946.4 manatı xx.xx.2015-ci ilədək dövrü əhatə edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını müəyyən etdiyi hallara tətbiq edərək bildirir ki, istehlakçı tərəfindən istifadə edilən elektrik enerjisinin dəyərinin ödənilməsi vaxtaşırı edilən ödənişlər növünə aiddir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının xx.xx.2015-ci il tarixdən əvvələ yaranmış X1yə görə edilməli olan ödənişlərin tələb etmə müddəti cavabdehin hərəkətsizliyi səbəbindən ötürülmüşdür. Odur ki, həmin hissədə iddiaçının öhdəliyinə xitam verilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus ünvan 1 üzrə qeydiyyata alınmış **********00348 saylı abonent koduna hesablanmış 946.40 manat borc silinməlidir. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, iddiaçının ərizəsində silinməsi xahiş edilən borcun 200 manat hissəsi elektrik enerjisinin sərfiyyatına görə yaranmış və sayğaca görə hesablanmış borc olduğundan bu məbləğ onun tərəfindən ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 üzrə qeydiyyata alınmış **********00348 saylı abonent koduna hesablanmış 946.40 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar