Məhkəmə qərarları › İş №2(060)-5556/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5556/2022

03.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5556/2022 03.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 03 oktyabr 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”-na uyğun olaraq xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Rİ 246660 saylı akta əsasən hesablanmış 1027 kvts (99.77 manat) borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2-nin faktiki istifadəçisidir. xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC-nin Sumqayıt EŞ-nin əməkdaşları təfərindən “X2 Qaydaları”-na riayət olunmasının vəziyyətı yoxlanılarkən, mənzilə məxsus elektrik sayğacındakı qüsur (sayğac işləmir) səbəbi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il taıixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”-na uyğun olaraq, Rİ 246660 nömrəli akt tərtib edilmiş və itirilmiş enerjinin bərpası məqsədilə 1027 kVts (99.77 manat) dəyərində ödəniş sənədi hesablanmışdır. Akta əsasən çıxarılan sayğac M600 tipli, 21632744 zavod nömrəli, ******* dövlət möhürlü sayğacla əvəz edilib. Sayğac labarotoriya şəraitində yoxlanılıb və rəy verilib ki, yoxlama zamanı elektrik hesabat sayğacı işləmir. İstehlakçı kimi elektrik hesabat sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. Aktın tərtibində iştirak etməmiş və Aktları imzalamamışdır. Qeyd edir ki, o həmin mənzili yeni almış, mənzildə o, aldığı müddətə qədər yaşayış olmayıb. Təsdiqedici sənəd olaraq "xxxx" ASC-nin Sumqayıt EŞ-nə “Azərsu” və “Azərqaz”-dan aldığı Abonentin saldoları və invoysları təqdim etmişdir ki, həmin müdətlərdə heç bir sərfiyyat olmayıb. Bundan əlavə onu da qeyd edir ki, sayğac binanın blokunda yerləşir və sayğaca edilən hər hansı bir müdaxilələrə görə, sayğacın işləyib-işləməməsinə görə o, günahkar deyil və məsuliyyət daşımır. Ona Sumqayıt EŞ-də bildiriblər ki, orda yaşayış olmasa da, hesablanma ortalama sərfiyyata görə aparılır və ən azı 3 ay geri tarixdən yazılır. O isə təsdiqedici sənədlər də vermişdir ki, 3 ay geri tarixdən həmin tarixə qədər evdə yaşayış olmayıb, usta işi aparılmayıb. Bu səbəblərə görə tələb olunan məbləği əsassız hesab edir. Hesab edir ki, cavabdeh tərəfindən qeyd edilən 99.77 AZN borcun silinməsi barədə qətnamə qət edilməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək elektrik enerjisindən istifadə qaydalarını pozduğuna görə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 246660 saylı akta əsasən hesablanmış 99.77 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı "xxxx" ASC-yə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən abonentə məxsus mənzildə elektrik sayğacının işləməməsi halı aşkar edilmiş və bu barədə Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, 246660 saylı akt tərtib edilmişdir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 8.15-ci bəndinin ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşıdma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metroiogiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır.”) tələblərinə uyğun olaraq abonentə qarşı 99.77 manat məbləğində yenidən hesablaşma aparılmışdır. EEİQ-nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin Keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Yuxarıda sadalananlar iddiaçının “EEİQ”-nin tələblərinin açıq aşkar pozduğunu göstərdiyindən və onun məhkəməyə müraciət etməsinin məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyindən hüquqdan sui-istifadə hesab edilməlidir. Azərbaycan Respublikası Mülki qanunvericiliyinə görə hüquqdan sui-istifadə yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, təxminən 2 ay öncə sözügedən mənzilə köçmüşdür. 28 yanvarda evinin təmirinə başlamış, 18 fevralda cavabdehin cavabdehin əməkdaşları tərəfindən evinin sayğacı dəyişdirilmiş və həmin vaxtdan 6 ay əvvələ cərimə yazılmışdır. Daha sonra cavabdeh onun mübahisəli mənzildə son 6 ay yaşamadığını nəzərə alıb 3 ay üçün cərimə yazmışdır. Sayğac işləmədiyinə görə cavabdeh akt tərtib etmiş və akt əsasında ona cərimə hesablamışdır. Hesab edir ki, akt əsassızdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixə 99.77(38.56+39.52+21.69) manat borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixli, 246660 nömrəli akt əsasında 99.77 manat borc hesablanmışdır. Sayğacdakı qüsur elektrik sayğacı işləmir qeydi edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 246660 nömrəli aktdan görünür ki, ünvan 2 ünvanında olan sayğaca baxış keçirilmiş və baxış zamanı hesabat sayğacının işləmədiyi müəyyən olunmuşdur. İş materialına əlavə "xxxx" ASC-nin 23 iyun 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı cavab olaraq bildirilmişdir ki, **********02069 nömrəli kod üzrə elektrik enerki hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixində Sumqayıt EŞ-nın əməkdaşları tərəfindən «Elektrik enerjisindən istifadə Qaydaları»na riayət olunmasının vəziyyəti yoxlanılarkən, mənzilə məxsus elektrik sayğacındakı qüsur (sayğac işləmir) səbəbilə Rİ 246660 nömrəli akt tərtib edilmiş və itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 1027kVts (99.77 manat) dəyərində ödəniş sənədi hesablanılmışdır. Aktda qeyd edilən qüsur Sayğac araşdırma və uçota nəzarət İdarəsinin xx.xx.2022-ci il tarixli ******* nömrəli yoxlama protokolu ilə təsdiqlənmişdir. Abunə haqqında bildiriş vərəqinin təhlili də təsdiq edir ki, akta görə təqdim edilmiş ödəniş sənədi, yeni quraşdırılmış sayğacın orta günlük sərfiyyatı, tarif fərqi nəzərə alınmaqla, “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq aparılmışdır. Yeni quraşdırılan sayğacın sərfiyyatı da aktın düzgünlüyünü təsdiq edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 2 İddiaçı mülkiyyətindədir. Həmin ünvan "xxxx" ASC-də ünvan 3 Cavabdeh "xxxx" ASC-nin əməkdaşları iddiaçının istifadəsində olan qeyd edilən mənzilə gələrək, sözügedən mənzildə hesabat sayğacın işləmədiyini aşkar etmiş, bununla bağlı xx.xx.2022-ci il tarixli, 246660 nömrəli akt tərtib olunmuşdur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3-cü bəndinə görə yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Həmin Qaydaların 7.11-ci bəndində nəzərdə tutulur ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. İşdə olan xx.xx.2022-ci il tarixli, 246660 nömrəli aktdan görünür ki, mübahisəli ünvanda həmin aktın tərtib edilməsinə səbəb sayğacın işləməməsi halı olmuşdur. Məhkəmə hesab edir ki, sayğacın işləməməsi iddiaçının günahı və ya müdaxiləsi nəticəsində baş verməmişdir. İstehlakçı elektrik sayğacının zədələnməsinə görə isə o vaxt məsuliyyət daşıyır ki, elektrik paylayıcısı sayğacın işləməməsini istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğacın işləməməsinin iddiaçı tərəfindən edildiyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya hesablanmış 99,77 manat borc borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanına (abunə kodu: **********02069) cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 99,77 (doxsan doqquz manat yetmiş yetmiş qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar