Məhkəmə qərarları › İş №2(060)-5558/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5558/2025

17.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5558/2025 17.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı iddia qaldıraraq, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 17a/21, mənzil 05-ə dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 1770,15 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 17a/21, mənzil 05 ona məxsusdur. İddiaçı qeyd olunan mənzildə qeydiyyatdadır və halhazırda da həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ona məxsus olan mənzilə cavabdeh "xxxx" ASC tərəfindən 1770,15 manat məbləğində borc hesablanmışdır. Bununla bağlı cavabdeh "xxxx" ASC-yə müraciət edərək, həmin borcun hansı əsaslarla yarandığını öyrənmişdir. Ona şifahi şəkildə izah olundu ki, həmin borc köhnə borcdur və metodiki hesablanmışdır. Cavabdeh təşkilata etirazını bildirmiş və əsassız olaraq hesablanmış borcun silinməsini tələb etmişdir. Lakin ona bildirildi ki, məhkəməyə müraciət etsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, əsassız olaraq hesablanmış 1770,15 manat məbləğində borc silinməlidir. Elektrik enerjisindən istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmişdir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. Lakin cavabdeh "xxxx" ASC tərəfindən ona bildirilir ki, 1770,15 manat borcu var. Cavabdeh "xxxx" ASC-yə heç bir borcu yoxdur. Cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 1770,15 manat məbləğində borc Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə zidd olaraq əsassız hesablanmışdır. Hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun ondan tələb etməsi onun hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Mənzilində olan sayğac Qədirova adlı şəxsin adınadır. Lakin Qədirova adlı şəxs barədə heç bir məlumatı yoxdur. Elektrik enerjisindən istifadəyə görə sayğac üzrə yaranmış borc yaşadığı dövrə aiddir. Buna baxmayaraq 1770,15 manat məbləğində borcun yaranma səbəbi ona məlum deyildir. Belə ki, həmin mənzildə 2005-ci ildən yaşayır və həmin mənzil Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi əsasında ona məxsusdur. Bundan başqa, "xxxx" ASC tərəfindən hesablanmış 1770,15 manat borc 2017-ci ilə aid olmasına baxmayaraq həmin borc hazırki vaxta qədər ondan tələb olunmamışdır. Hesab edir ki, "xxxx" ASC tərəfindən borcun ödənilməsinə dair tələb etmə müddəti keçmişdir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. Abunə haqqında məlumatdan görünür ki, abunə kodu **********00531 olan ünvanda abonent Qədirovanın elektrik enerjisindən istifadəyə görə xx.xx.2016-cı il tarixə 1722,15 manat, xx.xx.2017-ci il tarixə isə 48 manat məbləğində məcburi köçkün borcu vardır.

6. Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 1 otaqlı, yaşayış sahəsi 29.34 kv.m, köməkçi sahəsi 15,74 kv.m-dən ibarət olan 17a/21 saylı evin 5 nömrəli mənzili (evin bir hissəsi) xüsusi mülkiyyət hüququ əsasında Sumqayıt şəhər 2 nömrəli DNK-nın 4ə-2/114 nömrəli, 24 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydə alınmışdır.

Tətbiq edilən hüquq:

7. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı:

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. 1-1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alınmışdır.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

-425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın:

-7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. -7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. -8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqısatqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. -8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. -8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. -9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

11. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına (abonent kodu: **********00531) elektrik enerjisi xidmətləri göstərilmişdir. Həmin ünvana dair abonent kodu “Qədirova” adlı şəxsə məxsusdur. Hal-hazırda Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 17a/21, 5 saylı mənzil İddiaçırəm qızına məxsusdur. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçırəm qızı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. Hazırda qeyd edilən ünvan üzrə elektrik enerjisindən istifadəyə görə xx.xx.2016-cı il tarixə 1722,15 manat məbləğində məcburi köçkün borcu, xx.xx.2017-ci il tarixə isə 48 manat məbləğində keçmiş borc vardır.

12. Məhkəmə hesab edir ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisinə görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alındığından iddia təmin edilməli, iddiaçıya hesablanmış 1770,15 manat məbləğində borc silinməlidir.

13. Belə ki, məhkəmə hesab edir ki, hal-hazırda cavabdeh ASC tərəfindən ödənilməsi tələb edilməyən borc məbləğinin iddiaçının istifadəsində olan mənzildə abonent məlumatlarında öz əksini tapması iddiaçının bir istehlakçı kimi hüquqlarını məhdudlaşdırır.

14. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 1770 (min yeddi yüz yetmiş) manat, 15 (on beş) qəpik borc cavabdeh "xxxx" ASC tərəfindən **********00531 saylı abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir.

Nəticə:

15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisindən istifadəyə görə hesablanmış 1770 (min yeddi yüz yetmiş) manat, 15 (on beş) qəpik məbləğində keçmiş borc **********00531 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 37 (otuz yeddi) manat, 22 (iyirmi iki) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar