Məhkəmə qərarları › İş №2(060)-5561/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5561/2025

10.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5561/2025 10.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iş üzrə (açar sözlər: istehlakçıların hüquqlarının müdafiəsi, borcun silinməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus **********01207 abonent koduna yazılmış 5600 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, Energetika sanatoriyasında məcburi köçkün olaraq məskunlaşıb. Ailə 4 nəfərdən ibarət olmaqla, 1 otaqlı mənzildə yaşamaqdadırlar. Məcburi köçkün olduqları üçün “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqıında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli Qərarına əsasən, dövlət tərəfindən adambaşına aylıq olaraq ayrılan 60 manatın 33 manatını alırlar, yerdə qalan digər məbləğ isə dövlət tərəfindən kommunal ödənişlərin ödənilir. Qeyd etmək istərdi ki, yaşadıqları ünvanda normal istilik, həmçinin qaz təchizatı yoxdur. Bu isə özlüyündə qışda və yayda artıq elektrik sərfiyyatına səbəb olmaqdadır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən 2025-ci ilin may ayının sonlarında yaşadıqları ünvana **********501207 abunə kodu olan elektrik sayğacı quraşdırılmışdır və bundan sonra onların aylıq olaraq oraya pul ödəməli olduqları bildirildi. Ödəmədikləri halda elektrik enerjilərinin avtomatik olaraq kəsiləcəyi bildirildi. Lakin 2025-ci ilin may ayına qədər bu kimi situasiya ilə qarşılaşmamışlar. Çünki məcburi köçkün statusuna malik olduqları üçün kommunal xərcləri dövlət tərəfindən qarşılanırdı. Həmçinin, əvvəlki illərdən qalan 5600 manat məbləğində borcu olduğu bildirildi. Bu borc səbəbindən elektrik enerjisindən ödədikləri məbləğ həcmində istifadə edə bilmirlər, çünki bundan sonra quraşdırılan sayğac vasitəsilə etdiyi ödənişlərin yarısı avtomatik olaraq bu borca yönləndirilir, onlar isə yerdə qalan məbləğ həcmində X1 edə bilirlər. Bildirmək istəyir ki, məcburi köçkün olaraq məskunlaşdıqları ünvanda əvvəllər yaranmış olan borc, istifadə etdikləri limitdən artıq sərfıyyatla bağlı hər hansı yazılı və ya şifahi xəbərdarlıq, məlumat almayıblar. Dəfələrlə "xxxx" ASC-yə müraciət edərək onlar üçün hesablanmış borcun hansı qaydada hesablandığı barədə məlumat almaq istəsə də, sorğuları cavabsız qalmışdır. Bildirmək istəyir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona bildirilmişdir ki, onların ünvanında əvvəllər də sayğac olmuşdur. Fəqət bu elektrik sayğacının quraşdırılması haqqında akt tərtib edilərək onlara təqdim edilməmişdir. Bu səbəbdən onların fikirləri əsassızdır, çünki ünvanlarına quraşdırılan sayğac barədə ona və ya ailəsinin digər üzvlərinə nə yazılı, nə də şifahi məlumat verilməmişlər. İstehlakçı olaraq göstərilən xidmət haqqında hər hansı məlumat əldə edə bilməyib. Bundan əlavə, əgər Sumqayıt şəhər RETSİ-nin əməkdaşları tərəfindən onun yaşadığı ünvana sayğac quraşdırılmışdırsa, limiti keçdiyi halda ona nə üçün heç bir xəbərdarlıq edilməmiş, həmçinin borclandığı haqqında məlumat verilməmişdir?! Digər tərəfdən, həmin sayğacın quraşdırılması prosesi onlardan xəbərsiz necə həyata keçirilmişdir?! Həmçinin, işıq idarəsinin əməkdaşları tərəfindən ona borcu ilə bağlı hər hansı yazılı akt və ya məktub tərtib edilərək təqdim edilməmişdir. Buna görə də cavabdehin ondan 5600 manat məbləğində borc tələb etməsi tamamilə əsassız və qanunsuzdur. Yuxarıda qeyd etdiyi hallar hüquqa, ədalətə, vicdanlılıq prinsiplərinə ziddir.

b) iddiaya etiraz

3. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək İddiaçı "xxxx" ASC-nə qarşı verdiyi 5600 manat məbləğində borcun silinməsi tələbinə dair qətnamə çıxarılmasmı məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-yə qarşı verdiyi iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, iddiaçının mənzili xx.xx.2008-ci il tarixində abonent qeydiyyatına alınıb. xx.xx.2015-ci il tarixində mənzilə elektrik hesabat sayğacı quraşdırılıb. Həmin tarixdən xx.xx.2025-cı il tarixədək elektrik hesabat sayğacı əsasında 10716.87 manat hesablanmışdır. İddiaçı məcburi köçkün olduğundan ona aylıq limitlər ayrılmışdır. Ümumilikdə 5717.20 manat limit ayrılmışdır. Abonent həmin dövrə qədər 205 manat ödəniş etmiş və hal-hazırda iddiaçının sayğaca görə 4794.67 manat debitor borcu qalmışdır. İddiaçı ona ayrılmış limitdən artıq enerji istifadə etmiş, İakin dəyərini ödəməmişdir. Abunə haqqında çıxarışdan da görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2025-ci il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtlı-vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1Qaydaları”nın (E.E.İ.Q) 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın tələbinə uyğun istifadə etməli idi. EEİQ-nın 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Bütün bunlar iddiaçının “EEİQ”-nin tələblərinin açıq aşkar pozduğunu göstərdiyindən və istehlakçının məhkəməyə müraciət edərək məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyindən hüquqdan sui-istifadə hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı "Azərişıq ” ASC-nə qarşı verdiyi 5600 manat məbləğində borcun silinməsi tələbinə dair iddia tələbinin əssasız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, məcburi köçkündür. İddiasında qeyd etdiyi borcdan məlumatı olmamışdır. Borc dondurulmuş qaçqın borcudur. Borcun olması barədə ona heç bir yazılı və şifahi xəbərdarlıq edilməyib. Bundan başqa ona və onu ailə üzvlərinə heç bir məlumat vermədən sayğac quraşdırılıb və sayğac üzərində onlara 5 manat istifadə haqqı verilib. Hazırda karta pul vurduqca pulun yarısı tutulur. 30 il ərzində sözügedən mənzildə yaşamışdır. Ona və ailəsinə dövlət tərəfindən limit ayrılmışdır. Limitdən artıq istifadə barəsində ona heç bir məlumat verilməmişdir. İddiaçı qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Etirazda qeyd edilənləri müdafiə edir. Bir daha qeyd edir ki, iddiaçı ona yarılmış limitdən artıq istifadə edib və nəticədə ona borc hesablanıb. Qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, abunə haqqında məlumatda göstərilən, xx.xx.2015-ci il tarixə 3183.94 manat inteqrasiya dövr borcu xx.xx.2016-cı il tarixə olan 3681 manat qaçqın borcuna daxildir. Abunə haqqında məlumatda qeyd edilən digər borclar isə ödənilməmiş sərfiyyatdır.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

6. Abunə haqqında saldodan görünür ki, ünvan 2-də xx.xx.2016-cı il tarixə 3681 manat borc “Məcburi köçkün borcunun dondurulması” kimi göstərilmişdir.

7. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi Xəzər bağçılıq cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin xx.xx.2025-ci il tarixli, 512 nömrəli və Füzuli rayonu İcra Hakimiyyəti Başçısının Yuxarı Yağlıvənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-43-39/2-66/2025 nömrəli arayışlarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, məhəllə 26, Energetika Sanatoriyasında məcburi köçkün kimi məskunlaşmışdır.

b) mülki iş üzrə tətbiq edilən hüquq:

8. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı: Bənd.1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin. 1-1. Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”: Bənd 1.1. Yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. Bənd 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Bənd 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

10. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 28.2. Təchizatçı ilə elektrik enerjisinin təchizatı müqaviləsi bağlayan istehlakçının elektrik enerjisi ilə təchizatı həmin təchizatçı ilə ötürücü sistem operatoru və ya paylayıcı sistem operatoru arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Maddə 29.7. Ötürücü və ya paylayıcı sistem operatoru istehlakçıya verdiyi elektrik enerjisinin miqdarını yalnız sayğacın göstəricilərinə əsasən müəyyən etməli və bu barədə istehlakçıya hər ay bildiriş, habelə bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq elektrik enerjisinin təchizatçısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi elektrik enerjisinin dəyərini tam hesablayaraq təchizatçının adından hesab təqdim etməlidir (göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi elektrik enerjisinin dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq təchizatçı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab təchizatçı tərəfindən təqdim edilməlidir (göndərilməlidir). Hesabda istehlakçının elektrik enerjisinə görə sayğacın son göstəricisinə uyğun mövcud qalıq borcu, sabit tariflə bağlı qalıq borcu və ödənişin son tarixi göstərilməlidir. İstehlakçı tərəfindən elektrik enerjisinin hesabında göstərilən dəyəri tam ödənildikdən sonra təchizatçı yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin ödənilməsini istehlakçıdan tələb edə bilməz. 29.9. Tikinti obyektinin qoşulduğu ötürücü və ya paylayıcı şəbəkədən asılı olaraq məişət istehlakçıları üçün sayğaclar müvafiq olaraq ötürücü və ya paylayıcı sistem operatorunun vəsaiti hesabına, qeyri-məişət istehlakçıları üçün isə sayğaclar istehlakçının vəsaiti hesabına müvafiq olaraq ötürücü və ya paylayıcı sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

c) məhkəmə baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

13. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ona məxsus **********01207 abonent koduna yazılmış 5600 manat borcun silinməsini xahiş etsə də, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin borcun 3681 manat hissəsi məcburi köçkün borcu kimi xx.xx.2016-cı il tarixdə cavabdeh tərəfindən dondurulmuşdur. İstehlakçı İddiaçı məcburi köçkün statusuna malik şəxs olmaqla, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ona şamil edilir. Belə olan halda mübahisəli borcun 3681 manat hissəsinin silinməməsi istehlakçı İddiaçı hüquqlarının kobud surətdə pozulmasına səbəb olur.

14. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, hesablanmış borcun qalan hissəsi isə X1yə görə hesablanmış debitor borcdur. “X1 Qaydaları”na əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməli olduğundan debitor borcun silinməsi hissəsində iddia tələbi əsassızdır.

15. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisinə görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alındığından cavabdeh "xxxx" ASC tərəfindən ünvan 2 ünvanında X1yə görə hesablanmış 3681 manat məbləğində borc silinməlidir.

Nəticə hissəsi:

16. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. İddiaçı (abonent kodu: **********01207) X1yə görə hesablanmış 3681 manat məbləğində borc "xxxx" ASC tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar