Məhkəmə qərarları › İş №2(060)-5575/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5575/2021

14.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5575/2021 14.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı hüquqi varisi X1, Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 14 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona məxsus ünvan 1-ə dair tərtib olunmuş 06.11.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın etibarsız hesab edilməsi, sayğacın dəyəri kimi ondan tələb olunan 64,67 manat məbləğində borcun və 151,20 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ona məxsusdur. O, həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. O, yaşadığı ünvanda qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Belə bir hal heç vaxt baş verməyib. Qeyd edir ki, 25.10.2019-cu ildə ona məxsus olan mənzilin qaz sayğacı dövlət yoxlamasına aparılmış, sayğacların müayinəsi labaratoriyasının rəyinə görə guya qaz sayğacının hesablama mexanizminin qapağına vurulan plombun əzildiyi aşkar olunmuşdur. Ona görə də 06.11.2019-cu il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib olunmuşdur. Bundan sonra cavabdeh “Azəriqaz” İB-dən ona məktub göndərilmiş və həmin məktubda qeyd olunmuşdur ki, sizin ünvanda olan G-4 markalı ******* nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 64.67 manat ABB Sumqayıt filialı AZ751BAZ**********270880213 nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS tərəfindən X2 müraciət olunacaqdır. Həmçinin sonradan ona məlum olmuşdur ki, sayğacın dəyərindən əlavə ona 151.20 manat məbləğində cərimə də hesablanıb. Ona görə də o, bu barədə cavabdeh təşkilata öz etirazını bildirmişdir. Cavabdeh təşkilat əsassız olaraq ona cərimə tətbiq etmişdir ki, bu da qanunsuz və əsassızdır. İstehlakçı olaraq onun hüquqlarının pozulmasıdır. Cavabdeh “Azəriqaz” İB-dən ona ünvanlanan məktubun məzmunundan aydın olur ki, guya onun ünvanına quraşdırılmış məişət qaz sayğacına müdaxilə olunub və istismara yararsız vəziyyətə salınıb. Onun və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmayıb. Cavabdeh “Azəriqaz” İB-nin gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Bu istehlakçı olaraq onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Ünvanına quraşdırılmış məişət qaz sayğacının dövlət yoxlamasına göndərilməsi və Metrologiya Departamentinin verdiyi rəy gözləniləndir. Çünki rəy verən şəxslər iş üzrə maraqlı olan şəxslərdir. Həmin rəyin əsasında sayğaca guya müdaxilə aşkar olunduğu müəyyən olunduğundan sayğacın dəyəri yəni, 64 manat 67 qəpik və 151,20 manat məbləğində əsassız olaraq hesablanmış cərimə iddiaçı tərəfindən ondan tələb olunur. O, sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmişdir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. Hesab edir ki, akt etibarsız hesab olunmalı, sayğacın dəyəri və cərimə kimi ondan tələb olunan borc silinməlidir. Qeyd edir ki, yaşadığı evin qaz sayğacı evindən kənarda quraşdırılıb. Belə olan halda sayğaca olunan hər hansı bir müdaxiləyə və sayğacın qorunub saxlanmasına görə o məsuliyyət daşımır. Hesab edir ki, bütün bunlar nəzərə alınmalıdır. Həmçinin qeyd edir ki, akt tərtib olunarkən onun iştirakı təmin olunmayıb. Bu da qanunverciliyin tələbinə ziddir. O, aktın tərtib olunmasından xəbərsiz olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 04.08.2021-ci il tarixdə vəfat etmiş, arvadı X4 onun hüquqi varisi qismində icraata cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı hüquqi varisi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan ünvan 1 ünvanına baxış keçirilmişdir. Vizual baxış zamanı sayğacın hesablanma mexanizminin qapağına vurulan plombun əzildiyi aşkar edilmiş, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Buna görə də «Azəriqaz» İB-nin tərəfindən 06.11.2019-cu il tarixli, ******* nömrəli saylı akt tərtib edilmişdir. Bundan başqa həmin sayğac Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən sayğacın hesablanma mexanizminin qapağına vurulan plomb əzildiyindən sayğac istismara yararsız arsız kimi qiymətləndirilmişdir. Eyni zamanda abonentin mənzilinə yeni sayğac quraşdırılmış və laboratoriya rəyinə əsasən istismara yararsız, G-4 markalı sayğacın dəyəri olan 64,67 manat abonentdən tələb edilmişdir. Hesab edir ki, akt tam qanuni və əsaslıdır. Göstərilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********* qeydiyyat nömrəsi ilə 14.08.2007-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 06.11.2019-cu il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 1512 m3 (151,20 manat) müəyyən edilmişdir. İş materiallarında olan 06.11.2019-cu il tarixli, ******* nömrəli akta əsasən, ünvan 1 ünvanında İddiaçı Həmid oğlunun adına açılmış G-4 markalı ******* nömrəli sayğacın hesablanma mexanizminin qapağına vurulan plombun əzildiyi müəyyən edilmişdir. İşdə olan 10.05.2019-cu il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, ünvan 1 ünvanında İddiaçı Həmid oğlunun adına açılmış G-4 markalı ******* nömrəli sayğac Zenner tipli G-4 markalı, **********4 nömrəli sayğac ilə əvəzlənmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 20.11.2020-ci il tarixli, MSK-29/1710-01654-3 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla “Azəriqaz” İB-nin SOCAR**********30991710x01654 saylı, 21.05.2019-cu il tarixli məktubuna əsasən 23.05.2019-cu il tarixində Sumqayıt QİSdən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. İş materiallarında olan 21.05.2021-ci il tarixli abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı adına 10.05.2019-cu il tarixdə açılmış sayğaca əsasən ona təbii qazdan istifadəyə görə 151,20 manat borc hesablanmışdır. İş materiallarında olan «Azəriqaz» İB-in “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında məktubuna əsasən, İddiaçı istifadəsində olan ünvan 1 ünvanından çıxarılmış G- 4 markalı ******* məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və metrologiya Departamentinin verdiyi rəyə əsasən həmin ünvandan çıxarılmış sayğacın hesablanma mexanizminin qapağına vurulan plomb əzildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 203940 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 04.08.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 08-ci ayının 10-cu günündə 1485 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X5 12 iyul 1970-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və bu nikah 4 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, arvada Namazova soyadı verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanından kənarda quraşdırılmışdır. Cavabdeh «Azəriqaz» İB-nin əməkdaşları iddiaçıya məxsus qeyd edilən evə gələrək, sözügedən mənzilə quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş, həmin ünvandan çıxarılan sayğacı dövlət yoxlamasına göndərmiş, sayğacda aşkar edilmiş nasazlıqla bağlı iddiaçıya borc hesablamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq X6 istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Həmid oğlu ünvan 1 ünvanına quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından onun barəsində tərtib edilmiş ******* saylı akt əsasında əsassız olaraq hesablanmış 151,20 manat məbləğində cərimə borcu və 64,67 manat məbləğində sayğacın dəyəri olan borc silinməlidir. Məhkəmə onu da qeyd edir ki, “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt X11 tərəfindən tərtib edilmiş 06.11.2019-cu il tarixli aktın etibarsızlığı üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacın hesablanma mexanizminin qapağına vurulan polmbunun əzilməsi faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 2 ünvanına (abonent kodu: **********10280) əsassız olaraq hesablanmış 151,20 (bir yüz əlli bir manat iyirmi qəpik) manat məbləğində cərimə borcu və 64,67 (altmış dörd manat altmış yeddi qəpik) manat məbləğində sayğacın dəyəri olan borc, cəmi 215,87 (iki yüz on beş manat səksən yeddi qəpik) manat məbləğində borc silinsin. “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt X11 tərəfindən 06.11.2019-ci il tarixdə tərtib edilmiş ******* nömrəli aktın etibarsız hesab edilməsi hissəsində iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar