Məhkəmə qərarları › İş №2(060)-5578/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5578/2023

09.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5578/2023 09.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X15 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «elektrik enerjisinə görə hesablanmış cərimənin silinməsi və mənəvi zərər tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2022ci il tarixində tərtib edilmiş 285345 №-li akta əsasən hesablanmış 189,11 manat cərimənin silinməsi, 2022-ci ilin oktyabr ayından hal-hazıra qədər ondan tutulmuş elektrik enerjisinin dəyərinin cavabdehdən tutularaq ona ödənilməsi və əsassız yaranmış borca görə 10000 (on min) manat mənəvi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 17/29, mənzil 21 mülkiyyət hüququ ilə X2 məxsusdur. X3 onun anasıdır. Mərhum anası bu ilin iyun ayının 12-də vəfat etmişdir. Anasına məxsus mənzil enerji təchizatı müəssisəsində **********01227 abunə kodu ilə qeydiyyatdadır. İstehlak edilən elektrik enerjisinin hesabatı xx.xx.2021-ci il tarixdə X12 qeydiyyata alınmış, TİPE PAUD-MP106 olan **********9 nömrəli elektrik sayğacı vasitəsi ilə aparılır. "xxxx" ASC-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixində mənzilə xidmət edən elektrik sayğacına baxış keçirilən zaman sayğacdan kənar elektrik xəttinin çəkildiyi barədə 285345 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən 90 gün üçün hesablaşma aparılmış, hesablarına 4687 kv.ts (dəyəri 567,73 manat) elektrik enerjisi sərfıyyatı əlavə edilmişdir. Lakin akt tərtib edilərkən AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş qaydaların 8.17-2 yarımbəndində nəzərdə tutulan hallara yol verildiyi aşkar edilmişdir. Enerji təchizatı akt tərtib edərkən abonentin nümayəndəsini dəvət etməli və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Akt hər iki tərəfdən imzalanmalı olduğu halda bu hal akt tərtib edilərkən nəzərə alınmamışdır. Müraciəti əsasında cavabdehin nümayəndələri yaşadıqları mənzilə gələrək akt tərtib olunan yerə yenidən baxış keçirilmiş, sayğacdan kənar elektrik xəttinin olmadığı müəyyən edilmişdir. Lakin qeyd edilənlərə baxmayaraq hal-hazırki tarixə 1245 kvts görə 189,11 manat cərimə məbləği silinməmişdir. Məsələ ilə əlaqədar aidiyyatlı qurumlara müraciət etmişdir. Azərbaycan Respublikası Eenergetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Sumqayıt Filialı üzrə X14 imzası ilə xx.xx.2023-cü il tarixli məktubda ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Onu da bildirir ki, məişətdə işlədilən elektrik enerjisinin dəyərini smartkart tipli sayğaca kart vasitəsi ilə ödənilir. Hər dəfə ödədiyi məbləğin tam yarısı 2022-ci ilin oktyabr ayından tutulur və halhazırda da bu tutulma davam edir. Həmçinin əlavə olaraq qeyd edir ki, akt tərtib edilən zaman anası ağır onkoloji xəstəlikdən əziyyət çəkirdi. Bu vəziyyətdə olmasına baxmayaraq anasına yaranmış mübahisəni aradan qaldırmaq üçün dəfələrlə "xxxx" ASC-nin müvafiq qurumlarına müraciəti zamanı səhhətində ciddi narahatlıqlar baş vermişdir. Lakin məsələ müsbət həll olunmamışdır. Hesab edir ki, xx.xx.2022-ci il tarixli 285345 nömrəli akta əsasən hesablanmış 1245 kvts elektrik enerjisinin dəyəri olan 189 manat 11 qəpiyin silinməsi və 2022-ci ilin oktyabr ayından hal-hazıra qədər ondan tutulmuş elektrik enerjisinin dəyərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmədə iştirak edən vaxt İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi S.R.Əhmədov iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçının mənzilinə 08 dekabr 2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sayğaca baxış keçirilmiş və kənar xətt aşkarlanmışdır. Tərtib olunmuş akt əsasında iddiaçıya 567,76 manat məbləğində borc yazılmışdır. İddiaçının energetika nazirliyinə müraciətindən sonra onun borcu 378,62 manat məbləğində azaldılmışdır. Yerdə qalan 189,11manat borcdan isə hazırda 65,65 manat qalmışdır. Həmçinin qeyd etmək istəyir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü mənəvi zərərin ödənilməsi tələbinin hüquqi əsası yoxdur. Zərərin əsası kimi heç bir sübut təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işə əlavə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, 17/29 saylı evin 21 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan AZ-İİ №361072 saylı, xx.xx.2023-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 12 iyun 2023-cü il tarixdə ölmüşdür. İşə əlavə olan AZ-İİ № 519254 saylı, xx.xx.2010-cu il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə Bakı şəhərində dogulmuş, ata qrafasında X4, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abunə haqqında saldodan görünür ki, X2 məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 29/17, mənzil 21-ə 65,65 manat borc hesablanmışdır. İş materiallarındda olan "xxxx" ASC-nin əməkdaşları V.Bədəlov, Ə.Rzayev və K.Qədimov tərəfindən tərtib edilmiş 08 dekabr 2022-ci il tarixli R seriyalı, 285345 №li aktdan görünür ki, X8 məxsus X2 məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 29/17, mənzil 21-ə aid sayğaca baxış zamanı məlum olmuşdur ki, mənzilə məxsus elektrik hesabat sayğacından kənar xətt istifadə olunur. Kənar xətt padvaldan slavoy xəttdən çəkilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X6 Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 8.4-cü bəndinə əsasən “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. “X6 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X6 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X6yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X6yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X6 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X6 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X6də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və iddiaçının yaşadığı evə dair cavabdeh tərəfindən akt əsasında hesablanmış 189,11 manat borc silinməlidir. İddiaçının 2022-ci ilin oktyabr ayından hal-hazıra qədər ondan tutulmuş elektrik enerjisinin dəyərinin cavabdehdən tutularaq ona ödənilməsi və mənəvi ziyana görə 10000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfındən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X11 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mənəvi zərərin ödənilməsi üçün cavabdeh cəmiyyətin xx.xx.2022-ci il tarixdən etibarən sağlamlığına vurulmuş zərərin ödənilməsindən qərəzli şəkildə boyun qaçırmaqla ona mənəvi sarsıntı və iztirab keçirməsi arasında səbəbli əlaqənin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbində cavabdehin anasının sağlamlığına vurulmuş zərərin ödənilməsindən qərəzli şəkildə boyun qaçırmaqla ona mənəvi iztirablar çəkdiyini göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 17/29, mənzil 21-ə 285345 nömrəli akt əsasında hesablanmış 189 (bir yüz səksən doqquz) manat 11 (on bir) qəpik borc əsassız olduğu üçün silinsin. İddianın 2022-ci ilin oktyabr ayından hal-hazıra qədər ondan tutulmuş elektrik enerjisinin dəyərinin cavabdehdən tutularaq ona ödənilməsi və əsassız yaranmış borca görə 10000 (on min) manat mənəvi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar