Məhkəmə qərarları › İş №2(060)-558/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-558/2022

25.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-558/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı məhkəməyə müraciət edərək, hesablanmış 816.05 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, hazırda rəsmi qeydiyyatda olduğu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 15, mənzil 3-də ailə üzvləri ilə birlikdə (4 nəfər) yaşayır. O, həmişə bütün kommunal xidmətlərə görə haqları, o cümlədən elektrik haqlarına görə məbləğləri vaxtında ödəmiş və heç bir borcu yoxdur. Cavabdeh təşkilat tərəfindən qeyri-qanuni olaraq sözügedən mənzilə elektrik enerjisinin sərfiyyatı üçün 816.05 manat debitor borc hesablanmışdır. Qeyd olunanlara əsasən X1yə 816.05 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, valideynləri Laçın rayonundan məcburi köçkün kimi həmin mənzildə məskunlaşmışlar və bu borc onlara ayrılan limit daxilində elektrik enerjisinin istifadəsi nəticəsində yaranmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, 31.12.2016-cı ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 816.05 manat borc dondurulmuşdur. Halhazırda "xxxx" ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyildir. Qeyd olunan halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil- İstismar Hissəsi 1 saylı Mənzil-İstismar Sahəsinin 22.04.2021-ci il tarixli, 519 №-li arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 15, mənzil 3-də yaşayır və X3, X2 və X5 onun ailə üzvüdür. - Abunə haqqında çıxarışdan görünür ki, 816.05 manat silinməli qaçqın borcu mövcuddur. - "xxxx" ASC-nin X7 Təchizatı və Satışı İdarəsinin 50-01/017 №-li, 14.01.2022-ci il tarixli məktubundan görünür ki, 31.12.2016-cı ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 816.05 manat borc dondurulmuşdur. Hal-hazırda "xxxx" ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin abonentlərə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun mövcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyildir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən, 15 saylı evin, 3 saylı mənzilinə 31.12.2016-ci ilə kimi hesablanmış sərfiyyat borcu 816.05 manat təşkil edir, sayğac göstəriciləri isə 31.12.2016-ci ildən etibarən hesablanmağa başlanılmışdır. Həmin məbləğ dondurulmuş məcburi köçken borcudur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd olaraq (orta gündəlik elektrik enercisi sərfinə uyğun hesablama məişət abonenti istisna olmaqla hesablanır) əsassız, orta sərfiyyatla qeyri müəyyən hesablanmış 816.05 manat borc silinməlidır. İddiaçının mənzilinə işlədicilərin gücünə görə orta sərfiyyat əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd, əsassız olaraq 816.05 manat borc hesablanmışdır. Eyni zamanda həmin borc məbləğinin qarşısından “Qaçqın borcu silinməli” qeydi aparılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun iddiaçıdan tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 15, mənzil 3-də yaşayan İddiaçı istifadəsində olan **********00385 abonent koduna hesablanmış 816.05 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 15, mənzil 3 üzrə qeydiyyata alınmış **********00385 saylı abonent koduna hesablanmış 816.05 manat borc silinsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar