Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5599/2023 19.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Sumqayıt Sukanal İdarəsi tərəfindən ünvan 1 saylı mənzildə istifadə edilmiş su təchizatı və kanalizasiya xidmətlərinə görə əsassız olaraq hesablanmış 1650.53 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli xəbərdarlıqla Cavabdeh ASC-nin Sumqayıt Sukanal İdarəsi tərəfindən yaşadığı ünvan 1 saylı evdə su təchizatı və kanalizasiya xidmətlərinə görə 1650.53 manat ödənilməmiş borcun olduğu bildirilmişdir. Qeyd olunan ev onun istifadəsindədir. Adı çəkilən məişət su sayğacı işləmədiyindən cavabdeh təşkilat tərəfindən 2018-ci ildə sökülmüşdür. Daha sonra yeni su sayğacının qoyulması üçün cavabdeh təşkilata dəfələrlə müraciət edilsə də, heç bir tədbir görülməmişdir. Cavabdeh təşşkilat özü də su sayğacının olmaması barədə məlumatlı olmasına baxmayaraq 5 il müddətində evə su sayğacının qoyulmasını təmin etməmiş, nəticədə 5 il sonra heç bir əsas olmadan 1650.53 manat məbləğində borc hesablanmışdır. Cavabdeh təşkilat qeyd olunan borc məbləğini nəyə əsasən, hansı meyarlara, düstura uyğun hesabladığını göstərməmiş, nə üçün məhz 1650.53 manat məbləğində borcun əmələ gəlməsini qeyd etməmişdir. Hazırki halda cavabdeh təşkilatın müəyyən etdiyi bu məbləğ qanunsuz və əsassızdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, 2023-cü ilin martaprel aylarında su xəttlərində susızma baş vermiş, sonra isə bu nasazlıq aradan qaldırılmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. xx.xx.2013-cü il tarixdə abonentin adına kod açılaraq sayğac quraşdırılmışdır. 2018-ci ildən 4 il müddətinə qədər ödəniş edilməmişdir. Son ödəniş 2018-ci ilin iyul ayında edilmişdir. 2023-cü ildə yeni sayğac quraşdırılmış və 2130 m³ itirilmiş su sərfiyyatı bərpa edilərək 1577.51 manat borc yazılmışdır. Yeni sayğac quraşdırıldıqdan sonra 1 ay ərzində abonent tərəfindən 48 m³ su istifadə edilmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Abonent kartının surətindən görünür ki, ünvan 1 ünvanına dair su və çirkab sulara dair xidmət göstərilməsi barədə Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli müqavilə bağlanılmış, müqavilənin nömrəsi 30811337, abonentin adı İddiaçı olduğu qeyd olunmuşdur. - Abonent kartından görünür ki, abonentin 1650.53 manat borcu mövcuddur. Onun 1577.51 manat hissəsi 2018-ci ildən xx.xx.2023-cü ilədək olan dövrü əhatə etməklə sayğacdan kənar hesablanmışdır. - Abonent kartından görünür ki, iddiaçının ünvanına sayğac xx.xx.2013-cü ildə quraşdırılmış, 2019-cu ildən etibarən sayğac fəaliyyət göstərməmiş, xx.xx.2023-cü il tarixdən isə yenisi ilə əvəzlənmişdir. Həmin ünvanda iki şəxs qeydə alınmışdır. 2017-ci ildə il ərzində su sərfiyyatı 60 m3 olmuşdur. - Xəbərdarlıq məktubundan görünür ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının ünvanına sayğac xx.xx.2013-cü ildə quraşdırılmış, 2017-ci ildə illik su sərfiyyatı 60 m3 olmuş, sayğac üzrə sonuncu ödəniş 2018-ci ilin iyul ayında edilmiş, həmin tarixdən etibarən sayğac fəaliyyət göstərməmiş, xx.xx.2023-cü il tarixdən isə yenisi ilə əvəzlənmişdir. Abonentin 1650.53 manat borcu mövcuddur. Onun 1577.51 manat hissəsi 2018-ci ildən xx.xx.2023-cü ilədək olan dövrü əhatə etməklə sayğacdan kənar hesablanmışdır. Həmin ünvanda iki şəxs qeydə alınmışdır. Göründüyü kimi, tərəflər arasında su təchizatı sistemindən su buraxlması və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi və xidmət haqqının ödənilməməsi ilə bağlı mübahisəli hüquq münasibətləri yaranmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Su təchizatı və tullantı suları haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun 5.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nın 4.1.3-cü bəndinə görə bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir. Həmin Qaydaların 2.1.5-ci bəndindən görünür ki, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifəsidir. Bu Qaydaların 3.1.1-ci bəndindən görünür ki, STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in hüququdur. Həmin Qaydaların 6.15.1-ci bəndindən görünür ki, Suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq müəyyənləşdirir və hesablaşma aparır. Bu Qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Həmin Qaydaların 7.9-cu bəndinə əsasən suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 13 may 2016-cı il tarixli, 6 №-li qərarından görünür ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə əhali qrupu üzrə tariflər 1 kub metrə görə 0.35 man. və 0.15 man. (cəmi 0.50 man.) müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli, 5 №-li qərarından görünür ki, yuxarıda qeyd olunan 13 may 2016-cı il tarixli, 6 №-li qərara dəyişiklik edilmiş müvafiq tariflər 0.70 man. və 0.30 man. (cəmi 1 manat) müəyyən edilmişdir. Bu qərarın 2021-ci ilin 1 fevral tarixindən qüvvəyə minməsi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia sayğac yararsız vəziyyətə düşdüyü müddətdən yenisi quraşdırılanadək istifadə olunan suyun dəyərindən artıq borcun silinməsi həcmində əsaslıdır. Belə ki, iddiaçının ünvanına quraşdırılmış suölçən cihazın yararsız vəziyyətə düşməsi və sayğac üzrə sonuncu ödənişin 2018-ci ilin iyulunda ödənilməsi işin mübahisəsiz faktiki hallarıdır. Buradan aydın olur ki, sayğacın yararsız vəziyyətə düşməsindən onun yenisi ilə əvəz olunmasınadək olan müddət 4 il 6 ay 12 gün, su ölçən cihazın əvvəlki il üzrə sərfiyyatı isə abonent kartına əsasən 60 m3-dir. Məhkəmə hesab edir ki, mübahisə Qaydaların 7.9-cu bəndinin tələblərinə uyğun həll edilməlidir. Çünki, sayğac quraşdırıldıqdan bir neçə il sonra yararsız vəziyyətə düşmüş, bunun kimin təqsirindən baş verməsi sübuta yetirilməmiş, eləcə də qanunsuz qoşulma halı mövcud olmamışdır. Məhkəmə iddiaçının su sərfiyyatının adambaşına, normativ qaydada hesablanmalı olduğu dəlili ilə razılaşmayaraq qeyd edir ki, qanunvericilik bu cür hesablamanın suölçən cihazın yararsız vəziyyətə düşməsi yox, ümumiyyətlə sayğac quraşdırılmadığı halda aparılmasını nəzərdə tutmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Tarif Şurasının müvafiq qərarlarına əsasən su təchizatı və tullantı sularının axıdılmasına görə xidmətlərin dəyəri 2018-ci ilin iyulundan 2021-ci ilin fevralın 1-dək 1 kub metr üçün 0.5 manat (0.35 + 0.15), sonuncu tarixdən xx.xx.2023-cü ilədək (yeni sayğac quraşdırılan tarix) isə 1 manat (0.70 + 0.30) tarifi ilə hesablanmalıdır. Belə olduqda, iddiaçının 3 il 7 ay üçün su sərfiyyatı 215 m3 (əvvəlki 12 ayda cəmi 3 60 m istehlak olunmasına uyğun) olmaqla, onun tərəfindən sayğacın işləmədiyi dövr üçün hesablanmış məbləğin 217.7 manatı (215 m3 x 0.50 man. = 107.5, 110.2 x 1 man. = 110.2 m.) cavabdehə ödənilməlidir. Sözügedən borcun 1577.51 manat olduğu nəzərə alınaraq onun 1359.81 manatı silinməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia sayğac üzrə, yəni suölçən cihaz quraşdırıldığı tarixdən (xx.xx.2023) sonrakı dövrə dair borc (173.12 manat) hissəsində əsaslı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının 1359.81 manat borcu silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin olunduğundan, qanunvericiliyin tələbinə əsasən 33.60 manat dövlət rüsumu cavabdeh təşkilatdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanına aid İddiaçı adına olan **********061 saylı abonent koduna hesablanmış 1359.81 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. İddianın verilməsinə görə 33.60 manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5599/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5599/2023
19.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver