Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5604/2022 06.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun tələb olunmasının əsassız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən mülkiyyətindəki ünvan 1 ünvanına hesablanmış 1.315 manat məbləğində borcun ondan tələb edilməsinin əsassız hesab edilməsi və onunla müqavilə bağlanılaraq yeni abonent kodu verilməsinin cavabdehə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, cavabdeh təşkilat tərəfindən hesablanmış 1128.31 manat pulun ondan tələb olunmasının əsassız hesab edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10da yerləşən 82 saylı mənzili xx.xx.2020-ci il tarixdə almış və həmin mənzil üzərində onun mülkiyyət hüquqları AR ƏMDK DƏDRX 2 saylı ərazi idarəsində qeydə alınmaqla xx.xx.2021-ci il tarixdə onun adına çıxarış verilmişdir. Qeyd edilən mənzil yataqxana otağı olmaqla bu otağa heç vaxt su sayğacı quraşdırılmamış və hazırda da sayğac voxdur. O, mənzili aldıqdan sonra həmin otağa su sayğacının quraşdırılması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş və ona məlum olmuşdur ki, otaqda heç vaxt sayğacın olmamasına baxmayaraq, onun mülkiyyətinə verilmiş otağın əvvəlki sahibinin adına sudan istifadə ilə bağlı hesablama aparılmış və ona bildirilmişdir ki, mülkiyyətində olan həmin otağa sayğac quraşdırılması yalnız həmin borc onun tərəfindən ödənildikdən sonra mümkündür. Borcun məbləği ilə maraqlandıqda isə ona bildirilmişdir ki, həmin borc məbləği 1.315 manat təşkil edir. Belə hesab edir ki, cavabdeh təşkilatın bu addımı onun bir istehlakçı kimi hüquqlarını pozur. O, yalnız yaşadığı müddətdə yaranmış borca cavabdehdir və başqa şəxslərin istifadə etdiyi borcun ondan tələb edilməsi və bu borca görə mülkiyyətində olan mənzilə sayğac quraşdırılması xahişinin icra edilməməsi qanuna ziddir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizəsi ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, ünvan 1 ünvanında Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin abonent bazasında abonent kimi xx.xx.2004-cü il tarixdən Bəhram Əliyevin adına bağlanmış müqavilə (№ ********) ilə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunur. Halhazırda xx.xx.2022-ci il tarixə həmin ünvanın su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 1376.67 manat borcu qalmışdır. Qeyd olunan ünvanda hesabat 5 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada aparılmışdır. İddiaçı sözügedən mənzili əldə edənədək keçmiş mülkiyyətçi Bəhram Əliyevin 1128.31 manat borcu olmuşdur. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli tədqiq edərək, sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 10 saylı evin 82 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Abonent kartından görünür ki, abonentin 1376.67 manat borcu mövcuddur. Həmin borcun 1128.31 manatı 2021-ci ilədək yaranmışdır. - ******* №-li, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Əliyev Bəhram Buxsen oğlu Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 10 saylı evin 82 saylı mənzilini İddiaçı 10.000 manata satmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının mülkiyyətindəki Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 10 saylı evin 82 saylı mənzilə aid keçmiş mülkiyyətçi Bəhram Əliyevin adına olan abonent koduna 1376.67 manat su sərfiyyatına görə normativ qaydada borc hesablanmışdır. İddiaçı mənzili xx.xx.2020-ci ildə almışdır. Borcun 1128.31 manat hissəsi bu tarixədək yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin qərarın 6.14-cü bəndinə əsasən su ölçən cihazların göstəricilərində istehlakçının təqsiri səbəbindən uyğunsuzluq (səhv) müəyyən edildikdə və (və ya) suölçən cihazların plombu zədələndikdə, istehlakçının vəsaiti hesabına suölçən cihazların növbədənkənar dövlət yoxlaması keçirilməlidir. Həmin qərarın 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Həmin qərarın 7.6-cı bəndinə verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən “Su təchizatı və kanalizasiya müsəsisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istelahkçıların vəzifələri onların obyektdə yaşaması. Obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı sözügedən mənzili xx.xx.2020-ci ildə əldə etdiyindən və həmin tarixdən etibarən orada yaşadığından bu dövrədək sudan və xidmətlərdən istifadəyə görə hesablanmış borcun ondan tələb edilməsi əsassızdır. Belə ki, iddiaçı cavabdeh qarşısında istifadə etmədiyi suyun və xidmətlərin dəyərini ödəmək öhdəliyini daşımır. AR MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 10 saylı evin 82 saylı mənzilinə aid ******* saylı abonent koduna hesablanmış 1128.31 manat borcun İddiaçı tələb olunması əsassız hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5604/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5604/2022
06.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver