Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-563/2024 22.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə 22 yanvar 2024cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanına əsassız hesablanmış 777,60 (yeddi yüzyetmiş yeddi manat, altmış qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıiddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 31A, ünvanında yerləşən 24 saylı mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Mənzildəki qaz sayğacı, mənzilin köhnə mülkiyyətçisinin zamanında quraşdırılıb. Həmin qaz sayğacı mənzildən kənarda, yaşayış binasının pilləkən meydançasında quraşdırılmışdır. 'Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən mənzildə quraşdırılmış Zenner G-4 markalı, 1602AZ**********84 nömrəli qaz sayğacı çıxarılaraq yen qaz sayğacı quraşdırılmışdır. Qeyd edir ki, sayğacın çıxarılması və yeni sayğacın quraşdırılması onun iştirakı olmadan həyata keçirilmişdir. Sonradan ona məlum olmuşdur ki, çıxarılmış Zenner G-4 markalı, 1602AZ**********84 nömrəli qaz sayğacı 07 sentyabr 2023-cü il tarixdə yoxlamaya göndərilmiş və qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə 25 oktyabr 2023-cü il tarixli, MSK-14-2-2/3-5-9034/Q002 saylı akta əsasən yoxlama nəticəsində sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, hesablama mexanizmini hərəkətə gətirən dişlə çarxlardan birinin yapışqan maddə ilə yapışdırıldığı, hesablama mexanizminin qoruyucu örtüyünün və element yuvasının qapağının alt hissədən çatladığı, sayğacda xx.xx.2016, xx.xx.2017-ci il tarixində ALARM-1 rejimi aşkar olunmuş, sayğac istismara yararsız hesab olunmuşdur. Bununla əlaqədar təbii qazdan istifadə qaydalarının pozulması haqqında 25 oktyabr 2023-cü il tarixli, ******* nömrəli akt tərtib olunmuş və ona 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat məbləğində borc hesablanmışdır. Hesab edir ki, qeyd olunan borc qanunsuz və əsassız olduğundan silinməlidir. Yuxarıda sadalanan maddi hüquq normaların tələblərindən də göründüyü kimi ona məxsus mənzildə quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmçinin, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, ünvanında quraşdırılmış qaz sayğacına heç bir müdaxilə etməmişdir. Belə ki, yuxarıda da qeyd etdiyi kimi, istismara yararsız hesab olunmuş qaz sayğacı mənzildən kənarda, yaşayış binasının meydançasında quraşdırılmışdır. Belə olan halda həmin sayğaca istənilən şəxsin müdaxiləsi istisna olunmur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə sənədinin elektron kabinetinə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilmələrinə baxmayaraq iş üzrəcavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda göstərilmişdir ki, sayğaca baxış keçirilmiş, nəticəsində sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişlə çarxlardan birinin yapışqan maddə ilə yapışdırıldığı, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün və element yuvasının qapağının alt hissədən çatladığı, sayğacda xx.xx.2016, xx.xx.2017-ci il tarixində ALARM-1 rejimi aşkar olunmuş və nəticədə sayğac istismara yararsız hesab olunmuşdur İş materiallarında olan abonentin saldosundan görünür ki, Sumqyıt şəhəri, 10-cu mikrorayon, ev 31A, mənzil 24 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı sayğaca əsasən təbii qazdan istifadəyə görə 777.60 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-in “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında məktubuna əsasən, Sumqyıt şəhəri, 10-cu mikrorayon, ev 31A, mənzil 24 ünvanından çıxarılmış G-4 markalı, 1602AZ**********84 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və metrologiya Departamentinin verdiyi rəyə əsasən həmin ünvandan çıxarılmış sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişlə çarxlardan birinin yapışqan maddə ilə yapışdırıldığı, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün və element yuvasının qapağının alt hissədən çatladığı, sayğacda xx.xx.2016, xx.xx.2017-ci il tarixində ALARM-1 rejimi aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri olan 159.96 manatın ödənilməsi abonentdən tələb edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 6480 m3 müəyyən edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq abonent istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdehbununla bağlı məhkəməyə hər habsı mötəbər sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 777,60 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu: **********10240) hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-563/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-563/2024
22.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver