Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5636/2023 07.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o ailə üzvləri ilə şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan, ünvan 1 ünvana cavabdeh təşkilat tərəfindən qaz sayğacı quraşdırılmış və o həmin sayğac göstəricisi əsasında ödənişləri həyata keçirir. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh tərəfindən həmin sayğaca kənardan müdaxilənin olması səbəbindən ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt tərtib olunmuş və 4320 kub metr sərfiyyat hesablanmaqla ona 518 manat cərimə borcu hesablanmışdır. Onu da qeyd edir ki, abonent kodu həyat yoldaşı X1 adına olmuş, o da xx.xx.2020-ci ildə dünyasını dəyişmişdir. Halbuki onun tərəfindən sayğaca hər hansı bir müdaxilə olunmamışdır. Sayğac əsasında hesablanmış borcu vaxtlı-vaxtında ödəmiş və onun yaşadığı evdə quraşdırılmış qaz xəttinə sayğacdankənar müdaxilə qeydə alınmamışdır. Həmin sayğacın yararsız hala düşməsinə görə o cavabdehlik daşımır. Bundan başqa əvvəlki sayğac dəyişdirilərkən ona bildirilmişdir ki, smart sayğaclar mexaniki sayğaclarla əvəz olunur, artıq sayğac öz istifadə müddətini bitirmişdir. Ona görə də yeni mexaniki sayğacla əvəzləşdirilir. Bu qaydada yalnız onların ünvanının deyil, bütün qonşuların sayğacları dəyişdirilmiş, lakin sonradan bu cərimə yazılmışdır. Sayğac yaşadığı evin çöl hissəsində yerləşir və əgər həmin sayğaca hər hansı bir müdaxilə olmuşsa belə, buna görə o cavabdehlik daşımamalıdır. Belə ki, həmin ərazidən hər gün yüzlərlə insan keçir, kiminsə təqsiri üzündən və ya üzərinə düşən hər hansı bir cisimdən də bu halın baş verməsi qaçılmazdır. Hər gün həmin sayğacın yanında dayanıb onu qorumaq onun vəzifəsi deyildir. Əgər sayğac evinin içində olsa idi, onda bu cavabdehliyə cəlb edilə bilərdi. Ona görə də cavabdehin bu müdaxilənin onun tərəfindən edilməsi barədə gəldiyi qənaət tam əsassızdır. Belə hesab edir ki, cavabdehin bu hərəkətləri tam qanunsuzdur. Ona görə də cavabdeh tərəfindən tərtib edilmiş 10 iyul 2023-cü il tarixli akt əsasında əsassız hesablanmış sərfiyyat, onun əsasında tətbiq olunan 518 manat cərimə silinməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən, Cavabdeh tərəfindən tərtib edilmiş (abunə kodu **********00321) 10 iyul 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış sərfiyyat, onun əsasında tələb olunan 518 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o sayğaca heç bir müdaxilə etməmişdir. Həyət evində yaşayır. Sayğac isə küçədə yerləşir. Sayğac işlək vəziyyətdə olmuş və həmişə nəzarət etmişlər. Yeddi və yaxud səkkiz ay olar ki, sayğacı dəyişmişlər. Onu da xəbərdar etmişlər. Daha sonra isə cərimə gəlmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddia tələbinin rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, Cavabdeh nümayəndələri Sumqayıt şəhəri, Saray bağlar massivi ev 3132A ünvanına baxış keçirmiş və məlum olmuşdur ki, sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın dişləri kənar təsir nəticəsində kəsilmiş, Alarm-1 rejimi yapışqan vasitəsi ilə yapışdırılmışdır. Yivli birləşmələri korroziyaya uğramış, sayğacın yaddaş arxivi oxunmuşdur. Sayğacda xx.xx.2018-ci ildə Alarm-1 rejimi aşkar olunmuşdur. Sayğac isə istismara yararsız kimi qiymətləndirilmişdir. Cəriməni düzgün hesab edir. Ona görə də iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: - “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 10 iyul 2023cü il tarixli aktın surətindən görünür ki, sayğaca ümumi baxış keçirilmiş, hesablama mexanizmi ilişir, hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın dişləri kənar təsir nəticəsində kəsilmiş və ALARM düyməsi yapışqan vasitəsi ilə yapışdırılmış, yivli birləşmələri korroziyaya uğramış, sayğacın yaddaş arxivi oxunmuş, sayğacda xx.xx.2018ci ildə ALARM-1 rejimi aşkar olunmuş və sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. - Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 133952 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 11 dekabr 2020-ci il tarixdə Covid-19 virusunun təyin olunması səbəbindən Sumqayıt şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 12-ci ayının 17-ci günündə 1981 nömrə ilə qeyd edilmişdir. - İV seriyalı, 356778 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X4 arasında 28 fevral 1987-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydəri kitabında 1987-ci ilin fevral ayının 28-ci günündə 236 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada isə Məmmədova soyadı verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs İddiaçı olmaqla, bağ evi növündə daşınmaz əmlak ünvan 2 ünvanında yerləşir. Xüsusi mülkiyyət hüququ əsasında X3 adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmişdir. - Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi aktın surətindən görünür ki, sayğaca ümumi baxış keçirilmiş, hesablama mexanizmi ilişir, hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın dişləri kənar təsir nəticəsində kəsilmiş və ALARM düyməsi yapışqan vasitəsi ilə yapışdırılmış, yivli birləşmələri korroziyaya uğramış, sayğacın yaddaş arxivi oxunmuş, sayğacda xx.xx.2018-ci ildə ALARM-1 rejimi aşkar olunmuş və sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. - Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********00321) ünvan 3 ünvanında xx.xx.2023-cü il tarixdə ZENNER G4T MEXANİKİ tipli, **********6 nömrəli sayğac quraşdırılmışdır. 07/2023-cü il tarixə 4347 kub metr qaz sərfiyyatı olmuş və həmin tarixə qalıq və aktlar əsasında 518.40 manat vəsait hesablanmışdır. - 10 iyul 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı, 10 iyul 2023-cü il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 4320 kubmetr qaz itkisi hesablanmışdır. - Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, sayğacın istismar müddəti bitdiyindən yeni sayğac quraşdırılmışdır. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, sayğaca ümumi baxış keçirilmiş, hesablama mexanizmi ilişir, hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın dişləri kənar təsir nəticəsində kəsilmiş və ALARM düyməsi yapışqan vasitəsi ilə yapışdırılmış, yivli birləşmələri korroziyaya uğramış, sayğacın yaddaş arxivi oxunmuş, sayğacda xx.xx.2018-ci ildə ALARM-1 rejimi aşkar olunmuş və sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, abonent saldosuna əsasən 07/2023cü il tarixə 4347 kub metr qaz sərfiyyatı olmuş və həmin tarixə qalıq və aktlar əsasında 518.40 manat vəsait hesablanmışdır. 4320 kub metr qaz sərfiyyatı üçün 10 iyul 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən 518 manat pul vəsaiti hesablanmışdır. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 518 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 10 iyul 2023-cü il tarixli, ******* №-li akta əsasən hesablanmış 518 manat borc abonentin hesabından (abonent kodu **********00321) silinməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı yaşadığı mənzildə, **********00321 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 iyul 2023-cü il tarixli ******* saylı akta əsasən hesablanmış 518 (beş yüz on səkkiz) manat borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-5636/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5636/2023
07.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver