Məhkəmə qərarları › İş №2(060)-5640/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5640/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5640/2025 04.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 16000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 139 manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə qət edilməsini etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1981-ci il tarixdə anadan olmuş, hazırda ərizəsində qeyd olunan ünvanda yaşayır. İddiaçı hazırki iş üzrə cavabdehi daha əvvəl tanımamış, sonradan tanışlıqları yaranmışdır. Cavabdeh iddiaçı qızıl alıcısı yəni müştəri kimi tanımışdır. Cavabdeh 26 mart 2025-ci il tarixdən 28 aprel 2025-ci il tarixə qədər ümumi dəyəri 16000 manat olan qızıl-zinət əşyasını almış və həmin qızıl-zinət əşyasının satış edib pulunu yaxın zamanda qaytaracağı vədini vermişdir. Lakin cavabdeh sonradan pulu qaytarmamış və hər dəfə müxtəlif bəhanələr gətirərək iddiaçını gözlətmişdir. Daha sonra iddiaçı 23 may 2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng etmiş və Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh iddiaçıdan 16000 manat məbləğində qızıl-zinət əşyasını aldığını öz izahatı ilə təsdiq etmişdir. Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin verdiyi qərar da iddia ərizəsinə əlavə edilmişdir. Dəfələrlə cavabdehə iddiaçının pulunu qaytarmasını bildirilsə də heç bir nəticəsi olmamışdır. Odur ki, hazırki mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə iddiaçı məhkəməyə müraciət edir. Ədalətli məhkəmə araşdırması ilə qeyd olunan faktlar təsdiqini tapmalı və iddia tələbi tam təmin edilərək Cavabdeh 16000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd edilənləri təsdiq etdi. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul edərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2025-ci il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixində İddiaçı 16000 manat pulu borc olaraq almışdır və xx.xx.2025-ci il tarixinədək qaytaracağına görə məsuliyyət daşıdığını imzası ilə təsdiq etmişdir. - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2025-ci il tarixində İddiaçı 16000 manat pulu borc olaraq almışdır və xx.xx.2025-ci il tarixinədək qaytaracağına dair öhdəlik götürmüşdür. Cavabdeh borcu üzrə 16000 manat puldan hal hazırda heç bir ödəniş etməmişdir. Hazırda iddiaçı cavabdehdən qalan 16000 manat pulunu tələb edir. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddianı etiraf edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Etibarsız əqdlər üzrə əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlı olmuşdur. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar etibarsız əqd üzrə verilmiş olsa belə, əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hazırkı mübahisənin qanuni həlli baxımından Mülki Məcəllənin “Əsassız varlanma və onun nəticələri”ni tənzimləyən 1091-1095-ci maddələrinin tələbləri nəzərdə keçirilə bilər. Həmin normalara görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Lakin, işdən göründüyü kimi tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında hər hansı yazılı müqavilə bağlanması müəyyən edilməmişdir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı, iddiaçının həmin etirafla razı olması məhkəmə tərəfindən qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 16000 manat tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsi) Ona görə də Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 139 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16000 manat pul və 139 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar