Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5647/2021 14.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akta əsasən hesablanmış 271,15 manat borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akta əsasən hesablanmış 271,15 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, X3 onun atasıdır. Mərhum atası 28.01.1996-cı ildə vəfat etmişdir. Bunu mərhumun adına verilmiş ölüm haqqında şəhadətnamə təsdiq edir. Cavabdeh tərəfindən tərtib edilmiş aktda mərhum atasının adı qeyd edilmişdir. O, bildirir ki, halhazırda mənzilin mülkiyyətçisi özüdür. Bunu Sumqayıt Ərazi İdarəsi tərəfindən 21.06.2011ci ildə verilmiş MA seriyalı ******* saylı Çıxarış təsdiq edir. "xxxx" ASC-nin nümayəndələri tərəfindən mənzilə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, sayğacın hesab mexanizmində əzilmə izləri müşahidə olunur. İddiaçı bildirir ki, sayğaca müdaxilə etməyib, sayğac mənzilin blokunda, pilləkən meydançasında yerləşir. Edilmiş müdaxiləyə görə iddiaçıya 271,15 manat cərimə yazılmışdır. Aktın tərtibində iştirak etməmiş, akt cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus mənzilə qarşı elektrik enerjisinin istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş 199958 R №-li akta əsasən hesablanmış 271,15 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 etiraz təqdim edərək, məhkəmədən İddiaçı elektrik enerjisindən istifadə qaydalarını pozduğuna görə tərtib edilmiş 17.11.2020ci il tarixli, 199958R №-li akta əsasən hesablanmış 271,15 manat borcun silinməsinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, onun sayğacı blombla yerləşib, özü də lap aşağıdadır.1-ci mərtəbə də sayğac əzilib, iddiaçı sayğaca cavabdehlik daşımadığı halda ondan pulu tələb edirlər. Ona görə də iddia təlibinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 izahatında iddianı qəbul etmədiklərini, sayğaca baxış keçirildiyini, hazırda iddiaçının akta görə 271.15 manat borcunun olduğunu bildirdi. Məhkəmə İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 izahatlarını dinləyib, işin materiallarını araşdırıb, iş materiallarına əlavə olunmuş sənədlərə baxıb, məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmış çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktda qeyd edilir ki, X1 yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın hesab mexanizmində əzilmə izləri müşahidə olunur. Elektrik sayğacı labaratoriya şəraitində yoxlanılıb rəy verilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin abuna haqqında məlumat çıxarışından görünür ki, ünvan 1 ünvanında yaşayan **********00127 nömrəli abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, enenrji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən,yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaçlarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.32-ci maddəsinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğaçın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.1-ci maddəsinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 17.11.2020-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus mənzildə elektrik sayğacına baxış zamanı sayğacın hesab mexanizmində əzilmə aşkar olunmuş, lakin İddiaçı müdaxiləsi nəticəsində baş verməsi sübuta yetirilmədən, həmçinin iddiaçı tərəfindən imzalanmadan bu barədə akt tərtib edilərək iddiaçiya 271,15 manat məbləğində borc hesablanmışdır. Məhkəmə hesab edir ki, İddiaçı məxsus mənzilin elektrik sayğacına müdaxilə etməsi, əzilə izinin iddiaçının günahı ucbatından baş verməsi sübuta yetirilmədiyindən, həmçinin akt barədə iddiaçının məlumatlı olması müəyyən edilmədiyindən iddiaçıya əsassız hesablanmış 271,15 manat borc silinməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən 17.11.2020-ci il tarixdə tərtib edilmiş 199958 saylı akta əsasən İddiaçı məxsus ünvan 1 ünvanına hesablanmış 271,15 manat (iki yüz yetmiş bir manat, on beş qəpik) borc **********00127 saylı abonent hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (iyirmi) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-5647/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5647/2021
14.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver