Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5649/2021 03.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Qubadlı rayonu, Göyyal kəndindən məcburi köçkün kimi Sumqayıt şəhəri, yeni yaşayış massivi, məhəllə 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ünvanda yerləşən fərdi yaşayış evinə xidmət edən elektrik sayğacına 08.02.2021-ci il tarixində baxış keçirilmiş və 205400R nömrəli akt tərtib olunmuşdur. Aktda göstərilmişdir ki, “mənzildə sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilir”. Cavabdeh bunu sayğaca müdaxilə kimi qiymətləndirmiş və ona 600 manat məbləğində cərimə hesablamışdır. O, sayğacın evdən kənarda, evin bayır divarında yerləşməsi səbəbindən bununla razılaşmayır. İstehlakçı kimi elektrik sayğacına müdaxilə etmədiyini, tələb olunan məbləğin əsassız hesab edildiyini və aktın tərtib edilməsində iştirak etmədiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən cavabdeh "xxxx" ASC tərəfindən 08.02.2021-ci il tarixində tərtib edilmiş 205400R nömrəli akta əsasən hesablanmış 600 (altı yüz) manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında aktın tərtib edilməsindən xəbərinin olmadığını, yalnız ona laboratoriyanın işçilərinin zəng vuraraq sayğacına əlavə xəttin qoşulması səbəbindən akt tərtib edildiyini, həmin həyətdə qardaşı ilə birlikdə, lakin ayrı sayğac olmaqla ayrı evlərdə yaşadıqlarını bildirərək, akt əsasında hesablanmış 600 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 "xxxx" ASC-nin nümayəndəsi X8 məhkəməyə etiraz təqdim edərək, İddiaçı elektrik enerjisindən istifadə qaydalarını pozduğuna görə tərtib edilmiş 08.02.2021-ci il tarixli, 205400 saylı akta əsasən hesablanmış 600 manat borcun silinməsinə dair iddia tələbinin qanunsuz və əsassız olduğunu, həmçinin izahatında "xxxx" ASC-nin işçilərinin cavabdehin qapısını döydüklərini, lakin qapını heç kəsin açmadığını, sayğacdan kənar xətt aşkar edildiyini, aktın tərtib olunmasında iştirak edən şəxslərin etirazda qeyd olunanların təsdiq edəcəklərini bildirərək, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 izahat verərək bildirdi ki, aktı imza edənlərdən biri də odur, sayğaca baxış keçirildi; sayğacın giriş xətti uzun olduğu üçün taxta dirəyə bərkidilib, sayğacdan çıxış xətti ampermetr avadanlığı ilə ölçüldü və cərəyanın olmadığının şahidi olduq, ondan əlavə 2 nəfər şahid olub, ərazidə bir neçə nəfər var idi, cavabdehin qapısını döysələr də açan olmadı. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 izahat verərək bildirdi ki, kənar xətt aşkar edildiyi üçün tərtib edilmiş aktın laboratoriyaya göndərildiyini, laboratoriyanın əməkdaşlarının gələrək kənar xətti ləğv edib, bu barədə protokol tərtib etdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 baxış keçirilmiş ərazidə dirəyin olduğunu, dirəyin üzərində olan xəttin açıldığını gördüklərini, sayğacdan çıxan xəttin açılaraq giriş xəttinə calaq olunduğunu, qonşunun qapısını döydüklərini, lakin qapını heç kəsin açmadığını bildirdi. İş materiallarında olan R № 205400 saylı, 08.02.2021-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının **********00296 saylı kodu olan abonentə məxsus fərdi yaşayış evinin elektrik sayğacına baxış keçirilərkən mənzilin kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi müəyyən edilmişdir. İş materiallarında olan 1 və 3 saylı məhəllələr üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 04.06.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, yeni yaşayış massivi, 1-ci məhəllədə yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. ( MM-560.1) Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» Qanununun 11-ci maddəsinə əsasən, enenrji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaçlarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.32-ci maddəsinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğaçın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.1-ci maddəsinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı təqdim və tədqiq edilmiş sənədlərlə müəyyən olundu ki, Sumqayıt şəhəri, yeni yaşayış massivi, 1-ci məhəllədə yerləşən fərdi yaşayış evində yaşayan cavabdeh İddiaçı yaşadığı ünvana quraşdırılmış işıq sayğacına bilərəkdən kənar xətt çəkərək, aylıq ödəniş etməkdən yayınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli ünvana dair hesablanmış borcun silinməsini tələb edərkən, sayğac işlək vəziyyətdə olmuş, lakin iddiaçı sayğacdan kənar qeyri qanuni xətt çəkərək işıqdan qansuz istifadə etməklə cavabdeh təşkilata ziyan vurmuş, həmin ziyanın aradan qaldırılması üçün cavabdeh təşkilat tərəfindən 600 manat məbləğində ziyan hesablanmışdır. Lakin İddiaçı yaşadığı Sumqayıt şəhəri, yeni yaşayış massivi, məhəllə 1 ünvanında sayğacdan kənar qeyri qanuni xətt olmadığını iddia etsə də, bunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən sübut edə bilməmiş, həmçinin öz iddiasının əsasını təşkil edən dəlilləri məhkəməyə təqdim edə bilməmiş, əksinə məhkəmə araşdırması zamanı cavabdeh təşkilat tərəfindən təqdim edilmiş sübutlarla iddiaçının yaşadığı ünvanda sayğacdan kənar qeyri qanuni xətt çəkib qanunsuz istifadə etməklə cavabdeh təşkilata ziyan vurması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə,onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-5649/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5649/2021
03.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver