Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5653/2022 25.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş yolun açılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və Malik Qarayev tərəfindən qeyri-qanuni zəbt olunmuş gediş-gəliş və avtomobil yolunun açılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 1 ünvanında yaşayış evlərinin çıxışı olan yolu, onun qonşusu Cavabdeh və oğlanları qanunsuz olaraq zəbt etmiş və malqara tövləsi tikmişdir. Həmçinin digər qonşu Qarayev Malik yolun bir hissəsini qanunsuz zəbt etmiş və qanunsuz olaraq digərinə satmışdır. Dəfələrlə onun tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət olunsa da hər hansı bir tədbir görülməmişdir. Lakin onun dəfələrlə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciətindən sonra Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini Sahib Quliyevin ona ünvanlanmış H-194-148 №-li, xx.xx.2020-ci il tarixli məktubunda qəsəbə sakini Cavabdeh qeyri-qanuni olaraq gedişgəliş yolunun zəbt edilməsi faktı öz əksini tapmışdır. Aşkar olunmuş qanun pozuntusu barədə öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Memarlıq və Şəhərsalma idarəsi tərəfindən 320, 321, 322, 323 №-li, xx.xx.2020-ci il tarixli məktublarla Sumqayıt şəhər Polis İdarəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə, Sumqayıt şəhər Corat Bələdiyyəsinə və Sumqayıt şəhər İcra hakimiyyəti Başçısının Corat qəsəbəsi üzrə İcra nümayəndəliyinə yazılı məlumat göndərilmişdir. Sumqayıt şəhər X3 icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli, 07 №-li protokolundan çıxarışa əsasən Cavabdeh fərdi ev tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin sahədə bir ədəd fərdi evin tikintisi nəzərdə tutulduğu halda, yerində 2 ədəd üç və iki mərtəbəli böyük fərdi yaşayış evləri inşa olunmuşdur. Onun şikayəti əsasında Memarlıq və Şəhərsalma idarəsinin mütəxəssisləri ilə birlikdə araşdırma aparılmış və faktiki torpaq sahəsinin 855 kv.metr olması aşkar olunmuşdur. Deməli, Cavabdeh qanunsuz olaraq 255 kv.metr əlavə torpaq sahəsi zəbt etmişdir. Bunun da 80 kv.metri onun həyətində giriş qapısının yaxın hissəsində mal-qara saxlanılması üçün tövlə tikmişdir. Zəbt olunmuş yoldan gediş-gəliş çətinləşir, üfunətdən zərərli həşəratlardan evdə oturmaq olmur, ona görə də evdə yaşamaq mümkün deyildir. Bu da gələcəkdə baş verə biləcək istər epidemioloji, istərsə insan həyatının təhlükəsizliyi baxımından yolverilməzdir. Torpaq sahəsinin yerləşmə planında yolun eni 15 metr göstərildiyi halda, yerində hər iki tərəfdən yol zəbt edilmiş, faktiki 3.8 metr yol saxlanılmışdır. Bu da iri qabaritli maşınların gediş-gəlişini və həyətə minik maşınlarının giriş-çıxışını çətinləşdirmişdir. Cavabdeh, Corat qəsəbə bələdiyyəsinin Sumqayıt Şəhər Məhkəməsinə qeyri qanuni zəbt olunmuş yolun açılması barədə müraciətindən sonra zəbt olunmuş yolda inşa olunmuş tövlənin bir hissəsini sökmüş və sonradan iki qat daşla tikərək bərkitmişdir. Cavabdeh Şəhərsalma və Tikinti Məcəlləsinin 13-cü fəsil, maddə 69. “Yaşayış məntəqələrində yanaşı sahələrdə tikintinin aparılmasının əsas şərtləri” tələblərini kobud pozaraq fərdi evinin bir tərəf divarı onların ortaq divarı üzərində inşa etmiş və pəncərələri onun həyətinə tərəf qoymuşdur, həmin pəncərələrdən evin içərisi görünür. O, özü dəfələrlə həmin pəncərələri bağlamaq istəyəndə, cavabdeh tərəfindən sökülmüş, nəticədə təhqir, söyüş və şantajla qarşılaşmışdır. Cavabdehin 5 oğlu var, hal-hazırda Rusiya dövlətində yaşayırlar. Cavabdehə və oğlanlarına dəfələrlə yolun açılması barədə müraciət olunsa da, onlar birlikdə rədd ediblər. Cavabdeh və oğlanları ilə danışmaq razılığa gəlmək mümkün olmamışdır. Sadəcə hər dəfə onun haqlı tələbinə cavabları “get hara, kimə şikayət edirsən et” olmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini, iddiaçının dediklərinin yalan olduğunu, yolu zəbt etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirdi ki, onun 85 yaşı var, uzun illərdir bu torpaq sahəsi onun istifadəsindədir. Torpağa dair bütün sənədləri var. O, heç bir torpaq sahəsini və yolu zəbt etməmişdir. Bəhs edilən yolun eni 7 metrdir və inşa edilən tikili heç kimə maneçilik törətmir. Bu məsələyə məhkəmədə baxılaraq yekunlaşmasını istəyir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər Corat Bələdiyyəsinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 15 №-li məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, Corat qəsəbə Şor ərazisi 193 saylı evdə yaşayan Cavabdeh yolu zəbt edərək, heyvanlar üçün qeyri-qanuni tikdiyi tövlə ərazidə İddiaçı və qonşuların haqlı narazılığına səbəb olması barədə şikayətə yerində baxılmış və Cavabdeh bələdiyyəyə dəvət olunmuşdur. Cavabdehlə bu barədə fərdi söhbət edilmişdir. Adı gedən torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla yol sahəsinə aiddir. Ona görə də sənədləşmə aparıla bilməz. Vətəndaş Cavabdeh tövlənin sökülməsi üçün bələdiyyə rəhbərliyindən iki ay müddət möhlət verilməsini xahiş etmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-107/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X2 Müslüm Qoca oğluna qarşı zəbt olunmuş yolun açılmasına dair iddiası təmin edilməmişdir. -AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin verdiyi fərdi yaşayış evinə aid texniki pasportdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 193A-nın mülkiyyətçisi Cavabdehdur. Əmlak üzərində hüquq xx.xx.2022-ci il tarixdə, 45933 inventar nömrəsi, **********47-10301 nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 193A saylı evin mülkiyyətçisi Cavabdehdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehdən zəbt olunmuş ümumi istifadədə olan yolun açılmasını tələb edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Corat Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş yolun açılmasına dair iddiası təmin edilməmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia hazırki tələbi irəli sürmək hüququ olmayan şəxs tərəfindən verildiyindən əsassızdır. Belə ki, cavabdeh tərəfindən zəbt olunması iddia edilən yol iddiaçının mülkiyyətində və qanuni sahibliyində deyildir. Bu ərazi ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu qənaətə gəlir ki, iddia, iddia irəli sürmək hüququ olmayan şəxs tərəfindən verilmişdir. Məhkəmə, həmçinin, hesab edir ki, iddia ərizəsində cavabdehin oğlu Qarayev Malik tərəfindən yolun zəbt olunmasını qeyd etsə də, onu cavabdeh kimi göstərməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş yolun açılması tələbi təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh və Malik Qarayev tərəfindən qeyri-qanuni zəbt olunmuş gedişgəliş və avtomobil yolunun açılmasının təmin edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5653/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5653/2022
25.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver