Məhkəmə qərarları › İş №2(060)-566/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-566/2022

26.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-566/2022 26.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. O, həmin mənzili məcburi köçkün olan Sərvinaz Məmmədovadan almışdır. Mənzili aldığı vaxt, sayğacın hər hansı bir borcunun olmadığı bildirilsə də, o, abonent kodunu adına keçirmək istədiyi zaman Sumqayıt ASAN xidmət mərkəzindən ona bildirilmişdir ki, sözügedən sayğac kodu üzrə hal-hazırda 430.45 manat dondurulmuş qaçqın borcu var və yaranmış borc tam şəkildə ödənilməyənədək, şəxsiləşdirmə prosedurunu həyata keçirmək mümkün olmayacadır. Lakin, yaranmış borc barədə mənzilə gələn bildirişlərdə də, hər hansı bir qeyd öz əksini tapmamışdır. Hazırda cavabdeh "xxxx" ASC tərəfindən tələb olunan dondurulmuş qaçqın borcunun 2008-2016-cı illər üzrə yaranmış borc olduğunu, həmin müddət ərzində mənzildə yaşayaraq, istifadə edən şəxslərin məcburi köçkün olmasını və bunun üçün yaranmış borcun Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi tərəfindən ödənilməsi, 31.12.2016-cı il tarixdə borcların silinməsinə baxmayaraq, cavabehin qanunsuz və əsassız olaraq yaranmış borcun iddiaçıdan tələb olunmasını nəzərə alınaraq, həmin borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək bildirdi ki, 31.12.2016-cı ildə aparılmış “məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma şamil edilərək, 430.45 manat borcu dondurulmuşdur. Sözüggedən borcun silinməsinin hal-hazırda "xxxx" ASC-nin səlahiyyətlərinə aid deyil. Məhkəmə İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildə istifadə etdiyi elektrik enerjisinin dəyəri vaxtında ödəmiş, 31.12.2016-cı il tarixə 430.45 manat məbləğində dondurulmuş borcu vardır. Məhkəmə sorğusuna əsasən alınıb iş materiallarına əlavə edilmiş "xxxx" ASC “Şimal” RETSİ-nin 26 yanvar 2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi **********00546 saylı kodla 12.06.2008-ci il tarixindən Məmmədova Sərvinaz adı ilə abonent qeydiyyatındadır. 31.12.2016-cı ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 430,45 manat borc dondurulmuşdur. Hal-hazırda "xxxx" ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin, abonentlərə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun möcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyildir. Abonentin 31.12.2016-ci il tarixdən 13.10.2021-ci il tarixinədək enerjitəchizatçı təşkilata sayğac borcu 25.45 manat əşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat olan "xxxx" ASC iddiaçının mübahisələndirdiyi 430.45 manat məbləğində debitor borcu qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində ödənilməsini tələb edilməmiş, həmin məbləğ istehlakçı qaçqın olduğu üçün ona verilmiş imtiyazdan istifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan qanunların tələbinə və işin məhkəmə iclasında müəyyən edilmiş hallarına əsasən İddiaçı məxsus ünvan 2 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 430.45 manat məbləğində dondurulmuş debitor borc qanunla nəzərdə tutulmuş qaydada tələb edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək həmin dövr üçün hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 2 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 430.45 (dörd yüz otuz manat, qırx beş qəpik) manat məbləğində borc **********00546 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar